Rəsmi dövlət qəzetindən “Azərsun Holdinq”ə Qarabağ ittihamları

Rəsmi dövlət qəzetindən “Azərsun Holdinq”ə Qarabağ ittihamları

Rəsmi dövlət qəzeti “Azərbaycan” 28 avqust sayında “Qarabağ” futbol klubunun rəhbərliyini sərt tənqid edib. “Media forum” saytının məlumatına görə, “Qarabağ”ı yenə Qarabağdan qaçaq saldılar” başlıqlı yazıda Ağdam komandasının Quzanlıda oynamaqdan imtina etməsinə toxunulur: “Qarabağ” rəhbərliyinin “səy”ləri nəticəsində Ağdam camaatı növbəti dəfə futbola tamaşa etməkdən məhrum oldu. İctimaiyyət, kütləvi informasiya vasitələri bu məsələni təkrar-təkrar gündəliyə gətirsə də, klub rəhbərliyi öz fikrində israrlıdır! Cari mövsüm start götürdükdən sonra “Qarabağ” Quzanlıya yox, yeni “doğma stadion”a – Mərdəkandakı “Dalğa Arena”ya üz tutdu. Beləcə ağdamlılar yenidən futbola həsrət qaldılar!

“Qarabağ”ın sponsoru – “Azərsun Holdinq” hər dəfə müxtəlif bəhanələr gətirərək “Qarabağ”ı Qarabağdan qaçaq salır! Görünür, “Qarabağ”ın Ağdam, ağdamlılar üçün nə qədər əziz olduğunu dərk etmir! Komandanın rəhbərliyi hələ də zənn edir ki, pulu özü verirsə, deməli, bütün qərarları da heç nəyə məhəl qoymadan yalnız özü verməlidir! Futbol ictimaiyyətinin haqlı iradlarını qulaqardına vuran klub rəhbərliyi, təəssüf ki, “Qarabağ”ın Ağdamdakı minlərlə azarkeşini nəzərə almır. Unutmaq olmaz ki, hər bir komandanı yaşadan, ayaqda saxlayan məhz azarkeşlərdir! “Qarabağ”ın rəhbərliyi bu elementar həqiqəti dərk etsəydi, yəqin ki, komandanı Ağdamdan didərgin salmaz, azarkeşləri gözü yolda qoymazdı”.

Müəllif Elçin Cəfərov qeyd edir ki, ölkənin regionlarında 36 olimpiya idman kompleksi tikilib istifadəyə verilib: “Onlardan biri də Quzanlı qəsəbəsindədir. Bu idman kompleksinin digər bölgələrdəki oxşar idman obyektlərindən əsas fərqi ondan ibarətdir ki, o, düşmənlə üzbəüz, cəbhə xəttinin bir neçə kilometrliyində yerləşir: Belə yerdə idman yarışlarının keçirilməsində bir siyasi çalar da var! Klubun rəhbərliyi hələ də nəzərə almır ki, bu, ölkə üçün çox mühüm bir bölgənin – Qarabağın komandasıdır! Axı nə vaxta kimi şəxsi istəklər milli maraqlardan üstün tutulacaqdır?! Prezident İlham Əliyevin Ağdama xüsusi diqqət yetirməsi müqabilində “Qarabağ”a rəhbərlik edənlərin hərəkəti anlaşılmaz və qəbuledilməzdir!”.

“Media forum”