alli kerimli-genclergorus2

“İnsanlar ayağa qalxanda heç nə avtoritar rejimləri xilas edə bilmir”

alli kerimli-genclergorus2AXCP sədri bir həftədə bitərəf gənclərlə ikinci görüşünü keçirdi (FOTOLAR)

AXCP sədri Əli Kərimli bir həftə içərisində siyasi mənsubiyyəti olmayan, əsasən gənclərdən ibarət auditoriya ilə ikinci görüşünü keçirdi. İlk belə görüş avqust ayının 19-da Müsavat Partiyasının qərargahında 100-dən artıq vətəndaşın iştirakı ilə keçirlimişdi.
Ötən bazar keçirilən görüşdə də elə bir o qədər iştirakçı vardı. Görüşdə Bakının müxtəlif rayonlarında yaşayan sakinlər iştirak edirdi.
Tədbiri açıq elan edən AXCP sədrinin müşaviri Eldar Hüseynov sözü Əli Kərimliyə verdi. AXCP sədri ölkədəki problemlərə biganə qalmadıqları və onunla görüşə gəldikləri üçün tədbir iştirakçılarına minnətdarlığını bildirdi. Daha sonra o, ölkədə problemlərdən danışdı.

AXCP sədri bildirdi ki, ölkədə çox ciddi problemlər var. Lakin xalqımızın bir hissəsi bu problemlərin hansı həddə nə qədər olduğunun fərqinə varmırlar. Partiya lideri bunu insanların başının gündəlik həyatlarına qarışmasıyla əlaqələndirdi.

Əli Kərimli son illərdə Azərbaycana gələn təkcə neft pullarının 75 milyard dolları keçdiyini, lakin ölkəmizin sosial problemlərinin həll olunmadığını dedi. Hökumətin abadlıq işləri ilə görüntü yaratdığını söyləyən AXCP sədri Əli Kərimli diqqətə çatdırdı ki, sovet dövründə mövcud olan sosial təminatlar – uşaq pulları, pulsuz təhsil indi yox səviyyəsindədir: “Ölkənin hansı sahəsinə nəzər yetirirsənsə orada ağır problemlər var. Milyonlarla insan ölkəni tərk edir. Sonra da Azərbaycanın böyük iqtisadi inkişafından söhbət gedir. Ölkənin sərvəti əhalinin bir neçə faizinin əlində toplanıb. Yeni tikilən bahalı evlər, bahalı maşınlar, daim dolu olan bahalı restoranlar da o bir neçə faizə xidmət edir. Yerdə qalan insanlar gündəlik çətinliklərlə yaşayırlar. Təqaüdçülər öz müavinətlərini bu aydan o birinə çatdırmaq barədə düşünürlər. Orta səviyyədə maaş alan insanlar onun yarısını elə kommunal xərclərə ödəməli olurlar”.

“Bu günkü Azərbaycan ədalətsizliyi, təbəqələşməsi, qanunsuzluğu ilə Heydər Əliyevin yaratdığı şah əsərdir”

Əli Kərimli insanların acınacaqlı durumda olmasına baxmayaraq hökumətin lazımsız layihələrə külli miqdarda pul xərclədiyini vurğuladı. O qeyd etdi ki, milyardlarla vəsait bütpərəstliyin təbliğinə sərf olunur: “Heydər Əliyev Mərkəzi bu yaxınlarda od tutub yanmışdı. 200 milyon manatdan artıq vəsait xərclənib bu layihəyə. Təsəvvür edin ki, Azərbaycanın bütöv kənd təsərrüfatına bir ildə ayrılan vəsait 80 milyon manatdır. Əhalinin 40 faizi kənd rayonlarında yaşayır. Həmin 40 faiz əhali üçün dövlətin ayırdığı vəsait 80 milyon manatdır. Amma bir Heydər Əliyev Mərkəzinə 200 milyondan artıq vəsait ayrılır. Bütün rayon mərkəzlərində Heydər parkları, Heydər mərkəzləri, Heydər muzeyləri… Milyardlarla pullar xərclənir bunlara. Bu günkü Azərbaycan ədalətsizliyi, təbəqələşməsi, qanunsuzluğu ilə Heydər Əliyevin yaratdığı şah əsərdir”.

Azərbaycan hökumətinin xarici ölkələrə investisiya qoymasına, turizm sektoruna külli miqdara pul yatırmasına toxunan AXCP sədri bildirdi ki, bu yay 400 mindən artıq azərbaycanlı Gürcüstanda istirahətə gedib. Çünki Azərbaycanda adi məişətdə xərclədikləri pul ilə orada rahat istirahət edə bilirlər. “Lakin oradan istirahətdən gələn insanlar məyus şəkildə deyirlər ki, artıq gələn il belə olmayacaq. Çünki o məhşur kurortların əksəriyyətini azərbaycanlı oliqarxlar alıb. Gələn ilə oranı bir az düzəldib, sərmayə qoyub qiymətləri qaldıracaqlar. Artıq azərbaycanlılar üçün bu imkan da olmayacaq. Azərbaycandan oğurlanan vəsait o qədər böyükdür ki, Türkiyəyə, Ukraynaya, Moldovaya, Gürcüstana yatırılır. İndi Balkanlarda bütöv bir ada alınır. Həmin pullar sizin, yaxınlarınızın puludur”, – deyə Əli KəIrimli qeyd etdi.

Son 19 ildə Azərbaycandan ofşor zonalara çıxarılan 48 milyard dollar barədə danışan AXCP sədri bildirdi ki, bir qayda olaraq cinayət yolu, narkotiklə əldə olunan pullar ofşor zonalara yerləşdirilir. O, əlavə etdi ki, 48 milyard dollar xalqdan oğurlanan pulun çox cüzi bir hissədir. Azərbaycan hakimiyyətinin son zamanlar ciddi narahatlıq keçirməsinin səbəblərinə aydınlıq gətirən müxalifət lider bildirdi ki, dünyada Azərbaycandakı kimi çox avtoritar, totalitar rejimlər olub və yıxılıb: “Xalqlar qalxır ayağa. Misirdə Hüsni Mübarəkin pulu İlham Əliyevinkindən az deyildi. Qəzzaffinin pulu İlham Əliyevin pulundan dəfələrlə çox idi. O, cümlədən Ben Əlinin, Bəşər Əsədin. Amma bu pullar onları xilas edə bilmədi. İnsanlar kütləvi şəkildə ayağa qalxanda nə pul, nə zor, nə polis, nə də əsgər avtoritar rejimləri xilas edir. Tam dərk etməsələr də, bunu görürlər ki, domino daşları kimi avtoritar rejimlər yıxılır”.

“Azərbaycanda ədaləti bərqərar edənə qədər mübarizəni davam etdirəcəyik”

Hakimiyyətin qorxu keçirməsinin digər səbəbi kimi Əli Kərimli dünya mediasının Əliyev rejimini ifşa etməsini göstərdi. “2009-cu ildə “Washington Post» qəzeti yalnız İlham Əliyevin oğul və qızlarına Dubayda aldığı villaların dəyərinin 74 milyon dollar olduğunu aşkarladı. Azərbaycanın qorxmaz jurnalistləri, əsl vətəndaşları bu barədə açıq danışmağa başlayıblar”, – deyə o, xatırlatdı.
Çıxışında məhrum prezident Əbülfəz Elçibəyin ölümü barədə cinayət işinin qaldırılmasına toxunan Əli Kərimli bunu Azərbaycanın adına yaraşdırmayan hadisə adlandırdı: “Əbülfəz Elçibəy dünyasını dəyişib. Əbülfəz Elçibəyi hakimiyyətdən salan bu adamlardır. Ona dörd il, dörd ay sürgün həyatı yaşadan, onu hər addımda təhqir edib alçaldan, onun partiyasını dağıtmaq, silahdaşlarını həbs etmək üçün hər cür oyundan çıxan bu adamlar öz aləmlərində guya ağıl işlədiblər, onların cinayətləri haqqında çox açıq danışdığıma görə məni bu yolla susdurmağı qərara alıblar. İndi adını çəkməyi layiq bilmədiyim bir adamın iddiası ilə cinayət işi başladıblar. Bu mənə təzyiq vasitəsidir. Təzyiq edirlər ki, susum. Amma gördüyünüz kimi, bu, keçmir. Mən yenə də 48 milyard oğurlanmış pullardan danışıram. Heç nə bizi bu yoldan döndərə bilməyəcək. Biz Azərbaycanda ədaləti bərqərar edənə qədər mübarizəni davam etdirəcəyik”.

Hakimiyyətin bu məsələdə də uduzduğunu deyən müxalifət lideri cəmiyyətin müxtəlif təbəqələrindən dəstək aldığını və cinayət işinin başlanmasının gerçək məqsədinin ifşa olunduğunu söylədi: “Azərbaycan hökuməti mənə qarşı bu absurd işi başlayandan sonra cəmiyyətdən çox güclü dəstək aldım. Mən bu dəstəyi şəxsən özümə olan dəstək kimi qiymətləndirmirəm. Azərbaycan ziyalılarının, gənclərinin, yazarların verdiyi bu dəstək ədalətə dəstək idi. O insanlar istəmədilər ki, bu rejimlə mübarizə apardığına görə hədəfə gəlmiş bir siyasətçini meydanda tək qoysunlar. Bu fürsətdən istifadə edib bu kampaniya dövründə mənə və dolayısı ilə ədalətə dəstək vermiş vətəndaşlarımıza minətdarlığımı bildirirəm. Çox mənunam ki, hökumətin apardığı bütün ideoloji savaşa baxmayaraq, 7 televiziyanın yalan deməsinə rəğmən vətəndaşlarımızı aldatmaq olmur”.

“Bu ölkə, talan olunan sərvət, məhv olan gələcək hamımızındır”

AXCP sədri görüşə qatılanları fəal olmağa ölkəni düşdüyü ağır durumdan çıxarmaq üçün çalışmağa səslədi: “Çoxları düşünür ki, Azərbaycanı demokratiyaya qovuşdurmaq, ölkədə qanunçuluğu təmin etmək ancaq müxalifətçilərin və müxalifət liderlərinin vəzifəsidir. Əgər Azərbaycan xalqı belə düşünməkdə davam edəcəksə, bizim bu zülmümüz çox davam edəcək. Ona görə də hamılıqla düşünməliyik ki, bu ölkə, talan olunan sərvət, məhv olan gələcək hamımızındır. Deməli hamılıqla toparlanmalıyıq. Böyük dəyişikliklərə imza atmış millətlərin hər birində əsas rolu adsız qəhrəmanlar həyata keçirib. Bizim xalq da qorxaq deyil. Bu ölkənin potensialı çox böyükdür. Bizim babalarımız 94 il bundan qabaq bu ölkədə demokratiyanı quranda dünyada yalnız 25 ölkədə demokratiya var idi. İndi 152 ölkədə demokratiya var. Bizim demokratiyanı əlimizdən alıblar”.

Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyə gətirilməsinin tarixi gün kimi qeyd olunduğunu sərt tənqid edən Əli Kərimli dedi ki, işğalçı sovet sisteminin plenumunda Heydər Əliyev birinci katib seçilib. Burada dövlətçilikdən, milli hüquqlardan söhbət gedə bilməz: “Hər il on milyonlarla pulu bu millətin boğazından kəsib gül bayramlarında dağıdırlar. Bunların hamısı ədalət sevən, sabahını, yaxınlarını düşünən insanalara əsas olmalıdır ki, susmasın. Mən sizin hamınızı olduğunuz yerdə haqqa dayaq durmağa, kimsəsizlərin, hüququ pozulanların yanında olmağa çağırıram. Başqalarının əlindən əmlakını alanların, zalımların qarşısında olmağa səsləyirəm”.

“Üsyanları Qərb ölkələri yox, illərlə yırtıcı rejimlərdən əziyyət çəkən xalqlar etdi”

AXCP sədri çıxışını başa vurduqdan sonra görüş iştirakçılarının müxtəlif səpkili suallarını cavablandırdı. “Müxalifət hakimiyyətə gələrsə, sosial-iqtisadi islahatları nədən ibarət olacaq?” sualını cavablandıran Əli Kərimli dedi ki, Azərbyacan müxalifətinin ölkədəki acınacaqlı vəziyyəti dəyişdirmək üçün konkret islahatlar paketi işlənib hazırlanıb. Bura əməkhaqqlarının, sosial müavinətlərin bir neçə dəfə artırılması, ölkədə normal iqtisadi-biznes mühitinin yaradılması və s daxildir.

AXCP sədri Qərb ölkələrinin Azərbaycan müxalifətinə dəstəyinin az olmasından şikayətlənən görüş iştirakçısına bildirdi ki, azadlıq uğrunda mübarizədə kənardan dəstək gözləmək doğru deyil. Azərbaycan xalqı indiki yarıtmaz rejimdən özü xilas olmalıdır. Əli Kərimli vurğuladı ki, şahidi olduğumuz “Ərəb Baharı” üsyanlarını Qərb ölkələri yox, illərlə yırtıcı rejimlərdən əziyyət çəkən xalqlar etdi. Diktatorların əsglərlərinin öldürdüyü insanlar amerikalı, avorpalı deyil, məhz həmin rejimlərdən əziyyət çəkən insanlar idi.

Turan