Tağıyev qəsəbəsində yerləşən “Sumqayıt Texnologiyalar Parkı” adlı böyük kompleks var, fəaliyyətinin “birinci mərhələsinə” 2009-cu ildən başlayıb. Park – geniş istehsalat şəbəkəsidir, özündə 17 zavod və sexi birləşdirir: kabel, plastik boru, qaynar sinkləmə, maşınqayırma, elektron cihazlar, avadanlıqlar, günəş kollektorları və s. istehsalı bu kompleksdə cəmləşib.
Aprel ayında kompleksə aid bir neçə müəsisənin açılış mərasimində iştirak edən Ilham Əliyevə Kabel zavodunun direktoru televiziya kameralarının önündəcə deyibmiş ki, xaricdən “keyfiyyətsiz və ucuz kabellər gətirildiyi üçün biz bazarda rəqabət apara bilmirik”. Guya Sumqayıt daha keyfiyyətli mal istehsal etdiyindən, əhali isə ucuz mala meyilləndiyindən, “dünya standartlarına uyğun” yenicə qurulan Kabel zavodunun məhsulları alıcı itirirmiş.
Bazar münasibətlərindən başı çıxmayan, yalnız adi, primitiv informasiyası və xırdaca istəyi olan şəxs mütləq cavab verməliydi ki, xaricdən gələn malın daşınma xərci var, gömrük rüsumu (hələ rüşvətin adını tutmuruq) var, məhsulu idxal edən biznesmenin qazancı var… Bu qədər xərc qiymətin üstünə gələndən sonra da idxal olunan məhsulla rəqabət apara bilmirsinizsə, gedin, özünüzü Xəzərə atın!
Bunların əvəzində möhtərəm dərhal, elə oradaca göstəriş veribmiş Gömrük şefinə: “Bu məsələ ilə məşğul olun!”
Vəssalam – onlarla sahibkarın, yüzlərlə işçinin, on minlərlə alıcının taleyi bircə kəlmə “məşğul olun”la uçuruma yuvarlanıb.
Bunları bu gün təsadüfən rastlaşdığım və Ilham Əliyevin “kabel siyasəti” sahəsində artıq “keçmiş iş adamı”na çevrilən şəxs dedi: Indi ölkəyə heç bir biznesmen normal qiymətə bircə metr kabel də gətirə bilmir. Çünki prezidentin tapşırığı əsasında kabel gətirənlərlə Gömrükdə əməlli-başlı “məşğul olduqlarından”, qiymətlər Sumqayıt Texnologiyalar Parkının istehsal edib, bazara çıxardığı maldan ən azı iki dəfə baha başa gəlir. Nəticədə Ukrayna və Rusiyadan ucuz qiymətə kabel idxalı dayanıb, bu işlə əlaqəli insanların bazarı bağlanıb, Azərbaycanın on minlərlə alıcısı Sumqayıtın keyfiyyətsiz və baha malınının ümüdinə qalıb.
Ilham Əliyevin azad bazar iqtisadiyyatının və normal rəqabətin anasını bu cür ağlatdığı ilk dəfə deyil – onsuz da bu xarabada bütün sahələrin monopoliyada olduğunu bilməyən kəs yoxdur. Ancaq bu kontekstdə məsələnin dəhşətli cəhəti ayrıdır.
Söhbət ondan gedir ki, Sumqayıt Texnologiyalar Parkı ölkənin birinci ailəsinin – Əliyevlərin adına olan şirkətlərin “törəmə müəsisəsidir”. Bu barədə dəyərli jurnalist Şahvələd Çobanoğlu geniş araşdırma aparıb və faktları ortaya qoyub, ona görə də xırdalığa varmağa ehtiyac görmürəm (http://azadliq.az/index.php?option=com_content&;view=article&id=16668:prezident-ailsi-sumqaytda-17-zavoda-sahib-olub&catid=333:qtsadyyat2&Itemid=385).
Deməli, “keyfiyyətsiz kabellər”, direktorun iqtisadi məntiqə sığmayan etirafı, prezidentin dərhal müdaxiləsi və Gömrük Komitəsinə tapşırıq verməsi də, bunun kameralara söylənilməsi və bütün məmurların diqqətinə çatdırılması da əvvəlcədən qurulmuş oyunun tərkib hissəsiymiş.
Ilham Əliyevin ehtiyacı varmı bu səviyyədə olan biznesə? Ilham Əliyevi onlarla sahibkarın, yüzlərlə işçinin haqqını əlindən almağa və nəhayət, “hamının prezidenti olacağam” vədi verdiyi vətəndaşlarını baha qiymətə kabel almağa məcbur edən səbəb nədir?
Insanın varlandıqca varlanmaq, dünyadan onəlli yapışmaq, əbədi yaşayacağını düşünmək səviyyəsində bir xislət sahibi olması haqqında təsəvvürlər az deyil. Ancaq yenə də anlamaqda çətinlik çəkirəm: Axı, necə ola bilər ki, bir ölkənin yeraltı-yerüstü sərvətlərinin hakimi, milyardların sahibi – MDB məkanında ən zəngin şəxs kimi xarici mediada adı hallanan ŞƏXS hətta kabel satışını da inhisara alsın?
Bu boyda alver təfəkkürüylə ölkə idarə olunmaz ki!

İlham Əliyev kabel biznesini də nəzarətə alıbmış
•