Daxmalı qullar

Ölkə də, onunla birgə insanlar və siyasət də payıza doğru gedir. Mövsüm məsələsinin ölkə siyasətinə necə təsir etdiyini hələ araşdırmamışam. Bəlkə də təsiri var, amma neçə illərdir mən onu hiss etmirəm. Ölkəni idarə edənlər də bunun fərqində deyillər, onlar üçün mövsümlə birgə ölkəyə gətirdikləri malların çeşidi dəyişir – yayda bir mal gətirirlər, qışda başqa. Mənə elə gəlir ki, bizim Dünya Ticarət Təşkilatına hələ də üvz olmamağımızın səbəblərini məhz bunda araşdırmaq lazımdır. Amma az vaxt keçməyib ha! Artıq 15 ildir ki, ölkə bu təşkilata üzv olmaq üçün müraciət edib. Hətta Çinin rekordunun da, necə deyərlər, sərəncamını verdik, bu ölkəni də keçdik. Mən hələ heç bir hökumət toplantısında bu haqda nəsə danışıldığını eşitməmişəm. Görünür, çalışırlar ki, məsələ ictimai rezonans almasın. Mənə elə gəlir ki, bunlar hətta arabir ölkənin BMT-yə üzv olmasından peşmançılıq keçirilər, Avropanın adını çəkməyə belə dəyməz. Ona görə Ticarət Təşkilatına tələsmirlər. Bizim də tələsəsi yerimiz yoxdur, çünki bütün yerləri hökumət adamları tutub. Bir neçə il bundan əvvəl, hələ 94-95-ci illərdə yazmışdım ki, Azərbaycan əsl böyük mehmanxananı xatırladır, burada yaşamırlar, gecələyirlər. O vaxtdan fikrim dəyişməyib, həmin fikirdəyəm. Mehmanxananın sahibləri də bizim bu məmur sinfidir. Mən onları əsl siyasi sinif kimi səciyyələndirirəm. Elə qədim Romada (əgər səhv etmirəmsə…) olduğu kimi burada da iki sinif var – məmur tayfası və bir də başqaları… Ölkə gündəminə “nomenklatura kapitalizmi” və ya “məmur kapitalizmi” ifadəsini mən gətirmişəm. Özü də hələ bir neçə illər bundan əvvəl. Ona görə də yazmağa çətinlik çəkirəm, çünki çox yazmışam.
Çox maraqlıdır ki, hətta bu prosesdə – iqtisadiyyatın məmurların əlində cəm olması prosesində rasional çalarlar axtaranlar da var. Onların dediyinə görə, bu yolla məmurda dövlətə, dövlət institutlarına maraq yaranır. Ola bilər. Gəl, bu gün bizim hamımız həmin marağın – tamahın, bəli, bunu belə də yazmaq da lazımdır, güdazına getmişik. Ona görə əvvəldə yazdım ki, məmurlar üçün mövsümün dəyişməsi bizdən daha əhəmiyyətlidir, çünki ölkədə marketinq “araşdırmaları” ilə onlar məşğul olurlar – bizi geyindirirlər, yedizdirirlər, təbii ki, pulla, havayı yox! Biz hamımız onların müştərisiyik. Böyük mehmanxana sakinlərinin hamısı… Mən “mehmanxana” deyəndə fikriniz heç də Qərbdəki gözəl mehmanxanalara getməsin, bəlkə də buranı uçuq-sökük yataqxana, həm də tələbə yataqxanası adlandırmaq daha yaxşı olardı. Bunu o səbəbdən deyirəm ki, rus yazıçısı V.Nabokov, hətta deyəsən, I.Bunin də bütün ömrünü mehmanxanada keçirib. Bəli, böyük insanların böyük qəribəlikləri, kiçiklərin isə böyük dərdləri olur. Nəsə məni bu gün lirikaya çəkir. Turgenev də bütün həyatını, bax, beləcə sərgərdan keçirib. Onun sevdiyi bir qadın varmış. Bəli, qadın hara köçürmüş, Turgenev də dərhal onun ardınca gedirmiş və onun yaxınlığında, necə deyərlər, məskunlaşırmış. Amma o da var ki, Turgenevin bu romantik, bəlkə də ekzotik həyatını təmin etmək üçün millərlə təhkimlilər qul kimi işləyirdi, axı o mülkədar övladı idi. Qədim Romada “daxmalı qullar” olub. Biz onlara bənzəyirik, əsl qullardan fərqimiz odur ki, bir daxmamız var və bir də özümüz. Biz də Turgenev kimi yaşamaq iddiasında bulunan neçə-neçə ağanın romantik və ekzotik həyatını təmin etmək üçün qul tək işləyirik.
“Qoşulmayanlar”a da qoşulmadıq?
Bu haqda da bir neçə kəlmə yazmaq lazımdı. Tehranda Qoşulmayanların da sammiti başlandı. Məni bir məsələ təəccübləndirdi. Hətta BMT-nin də Baş katibi tədbirə qatılıb. Azərbaycanla bağlı bir yəqinlik hasil edə bilmədim. Ola bilsin, hansısa səviyyədə təmsil olunacaqlar. Sammit hələ avqustun 31-dək davam edəcək, hər halda, belə deyirlər. Bunlar bloka ona görə qoşulmuşdu ki, Rusiyanı rahat etsinlər ki, bax, bizim fikrimizdən NATO-ya üzv olmaq və ya buna bənzər bir şey keçmir. Həm də BMT TŞ-yə qeyri-daimi üzv olmaq üçün bunlara bəzi dövlətlərin səsi lazım idi. Amma ən əsas səbəb elə birinci məsələ idi. Əslində isə bunlar heç kimə ürəkdən qoşulmaq istəmirlər, çünki heç kimi özlərinə şərik qoşmaq istəmirlər…