Bakı Apellyasiya Məhkəməsində şikayətinə baxıldığı dövrdə Bakı İstintaq Təcridxanasına köçürülən Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü, vicdan məhbusu Şahin Həsənli cəza çəkdiyi 14 saylı Cəzaçəkmə Müəssisəsinə qaytarılıb. Məlumatı “Media forum” saytına vəkil Əlayif Həsənov verib.
Vəkil hesab edir ki, Ş.Həsənli cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına köçürüldüyü dövrdə ciddi problemlərlə üzləşib, xeyli əziyyət çəkib: “Əvvəllər Bakı Apellyasiya Məhkəməsində belə şikayətlərə baxanda məhbusun özünü məhkəməyə gətirmirdilər. İndi siyasi məhbusların işinə hərtərəfli baxıldığı, bütün qanunu prosedurların tam yerinə yetirildiyi görüntüsünü yaratmaq üçün məhbusun özünü də prosesə gətirirlər. Çünki Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlərin çoxu Avropa Konvensiyasının 6-cı – ədalətli mühakimə hüququnun pozulması maddəsi ilə bağlı olur. Məhbusun özünü məhkəməyə gətirməklə, onu dəmir barmaqlıqlar arasında deyil, vəkilin yanında oturtmaqla guya ədalətli mühakimə hüququnu təmin edirlər”.
Ə.Həsənov bildirib ki, cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına köçürülən məhbus ciddi problemlərlə üzləşir: “Çünki həbsxana ilə istintaq təcridxanasının rejimi fərqlidir. Bakı İstintaq Təcridxanasında Şahin Həsənlini qanunsuz olaraq dörd gün “karantin”də saxladılar. Onu orada vərəm xəstəsi, narkomaniyadan əziyyət çəkən dustaqlarla birlikdə saxlayırdılar. Mənim və özünün etirazından sonra yerini dəyişdilər. Yəni Şahin Həsənlinin Bakı İstintaq Təcridxanasına köçürülməsi bir növ ona işgəncə oldu”.
Vəkil deyib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarını alan kimi Ali Məhkəməyə şikayət edəcəklər.