Elbəyi HƏSƏNLİ
Marokkodan Flippinə qədər böyük bir arealda yaşayan müsəlmanların bir çoxu inanırdılar ki, Nil Armstronq ayda olarkən azan səsi eşidib. Bu söhbətin ortaya çıxmasının maraqlı tarixçəsi var. Bəzi tədqiqatçılar qeyd edirlər ki, bu barədə ilk dəfə Pakistanda nəşr olunan «The muslim world» dərgisi 1983-cü ildə xəbər yayıb. Və həmin xəbər ildırım sürəti ilə müsəlman dünyasında təlatüm yaradıb…
Qeyd olunurdu ki, 1983-cü ilin fevralında Armstronq konfransa qatılmaq üçün Misirə gedir. Tədbirin axırına yaxın sehrlənibmiş kimi heyrətdən donub qalır. Pəncərədən gələn səs onu valeh edir. Armstronqa bunun azan səsi olduğunu deyirlər. “Bu səs Aya ilk ayaq basdığım zaman eşitdiyim səsdir“- deyir.
«Ayda azan səsi»nin ortaya çıxmasına səbəb kimi NASA-da nüfuzlu alim kimi tanınan professor Fərrux əl-Bəzzin yaxın münasibətdə olduğu astronavt Alfred Meril ilə bağlıdır. O, müəlliminin xahişi ilə kosmosdan ərəbcə “Mərhaba əhləl ard, min Endeaveour ələykum salam“-deyir. (Hər vaxtınız xeyir, Endeaveourdan hamınıza salam olsun, ey dünya insanları)
Dünyanın internet olmayan dönəmində bu əfsanə xeyli inandırıcı görünürdü…
Avqustun 25-də müsəlmanların bir vaxtlar amerikalılardan daha çox sevdiyi Nil Armstronq 83 yaşında dünyasın dəyişdi. Maraqlıdır ki, islam dünyasında bu münasibətlə xüsusi bir canlanma nəzərə çarpmadı. Görünür, çoxları yuxarıda vurğuladığımız məqamın əfsanə olduğunu çoxdan duymuşdu…
Uzaq 1969-cu ildə o, E. Oldrin və Mayk Kollinzlə birlikdə “Apollon-11” kosmik gəmisində tarixdə ilk dəfə Aya uçdu. O, öncə “ Qartal (Aya) endi“ dedi. Qaqarinin “Поехали!” ifadəsi kimi bu cümlə də yaddaşlara yazıldı. Az sonra Ayın səthinə ayaq basdı. 2 saat 21 dəqiqə 16 saniyə E. Oldrinlə yad planetdə ayaq döydü. Hələ o vaxt 500 milyon insanın canlı olaraq izlədiyi bu proses zamanı Nil Armstronq yerdaşlarına xitabən belə dedi: “That’s one small step for [a] man, one giant leap for mankind.“ (Bu insan üçün kiçik bir addımdır,bəşəriyyət üçünsə sıçrayışdır).
Maraqlıdır ki, Nil Armstronq son dərəcə soyuqanlı olduğuna görə ona “buz adam“ ləqəbi verilmişdir. Buna baxmayaraq o, hələ yerdə ssenariləşdirilmiş o qanadlı ifadəni dilinə gətirərkən həyəcandan “a man“ əvəzinə sadəcə “man“ dedyir ki, bu da cümlənin mənasın xeyli dəyişir…
ABŞ Hərbi Dəniz Donanması zabiti, astronavt, görkəmli alim,iş adamı,son dərəcə təvəzakar insan,üstəlik zarafatcıl birisi.“YouTube“a baxsanız “Apollon-11”-in Aya uçuşunun yalan olduğunu “sübut edən“ onlarla izahlar,şərhlər,hesablamalar… tapa bilərsiz. Ömrünün sonuna qədər jurnalistlər ona bu sualı verdilər ki,siz doğrudanmı Ayın səthinə enmisiz. Son dəfə o, bu kimi şübhələrə ironik cavab vermişdi:“İnsanların müxtəlif versiyalar qurmaları məni narahat etmir. Çünki mən bilirəm ki,günlərin birində kimsə Aya uçacaq. Və o,mənim orada unutduğum kameranı geri gətirəcək“…
Onun həyatında yalnız bir dəfə səs-küylü məhkəmə prosesi oldu. Sən demə, onun dəlləyi düşünüb ki, Nil Armstronqun qırxıb yerə tıkdüyü saçlarını zibil qabına atmaqdansa onu yaxşı pula satmaq olar. Elə də edib,3 min dollara astronavtın saçına müştəri çıxıb. O vaxtlar bu məbləğ indikindən qat-qat yüksək idi. Bundan xəbər tutan astronavt dərhal məhkəməyə müraciət edib…
Onu şöhrətindən Amerikada pul qazanmaq istəyən təkcə dəllək olmadı. Sadə adamlar da ona məktub yazıb onun imzası ilə cavab alırmışlar. Sonra həmin imzaya görə o məktub yüksək qiymətə satılırmış. Sonda məktublara imza qoymaqdan da imtina edib…
Onu da deyək ki, o, Koreya müharibəsində 78 dəfə döyüş uçuşu həyata keçirib. Bir dəfə isə onun uçağın vurub salsalar da özü xilas ola bilib. Yəni bu uçuşların birində o, məhv edilsəydi Aya ilk ayaq basan amerikalı başqa birisi olacaqdı….
Mayk Kollinz ürəyinə görə əməliyyat olunan dostunun ölmü ilə bağlı belə dedi:“ Tez-tez fikirləşirdim ki, 2019-cu ildə 3 dost bir yerdə Aya uçuşumuzun 50 illiyin qeyd edəcəyik. Təəssüf ki, bu arzum gözümdə qaldı“…
Onu da deyək ki, Nil Armstronq 1970-ci ildə SSRİ-də olub. Leninqradda keçirilən elmi tədbirdə iştirak edib. O vaxt “Associated Press“ yazırdı ki, ona qeyri-adi dərəcədə ehtiram göstərilir ki, SSRİ-də nadir hallarda qonaqlara belə münasibət sərgilənir. Buna baxmayaraq,onun Leninqradda olması barədə yalnız yerli qəzetdə yazı gedib…
Moskvada isə onu mediadan gizlətmək mümkün olmadı. O, SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosiginlə görüşdü. Aya 130 ölkənin bayrağı ilə birgə apardığı Sovet bayrağını ona təqdim etdi. Kosiginsə öz növbəsində bildirdi ki,bu hədiyyə ona böyük bir nailiyyətin rəmzi kimi həmişə əziz olacaq…
Az sonra SSRİ Elmlər Akademiyasında çıxış edən astronavt uçuş zamanı qəzaya uğramış Sovet kosmonavtları Qaqarin və Kamarovun dul qalmış xanımları ilə görüşdü…
İlk qadın kosmonavt Valentina Tereşkova onun sinəsinə nişan taxarkən dünya mediasının gündəminə düşdü. (Yeri gəlmişkən, Moskvada olarkən Ayaz Mütəllibovun köməyi ilə Valentina Tereşkovadan müsahibə götürmüşdüm. Həmin müsahibə “Kosmos mələyi” başlığı ilə “Yeni Müsavat”da getmişdi).
Onun ölmünü Barak Obama bəşəriyyətə bəyan etdi. Amerika prezidenti dedi: ”O, yalnlz öz dövrünün deyil,bütün zamanların ən böyük amerikalı qəhrəmanları ilə bir sırada dayanır…”
Onun ölmünə daha çox şotlandlar üzüldü. O, 400 illik tarixi olan məşhur Armstronqlar nəslindən idi…
Digər planetlərin fəthi prosesi onunla başlasa da,onunla bitməyəcək. Astronavt “Curiosity”nin Marsa endiyi bu günlərdə dünyasını dəyişdi. Bəşəriyyətin kainatın dərinliklərinə yürüşü yeni vüsət alır. Və bu prosesi durduara biləcək bir şey qalmadı…
Kainatla müqaisədə Yer kürəsi heç toz dənəsi də deyil. Amma bu zərrəciyin içində yaşayan insanlar kainatın sahibi olacaqlar. Cünki Allah bizə ağıl verdi. Məncə,insan ağlının fövqündə olan yalnız Allahdır. Saysız-hesabsız qalaktikalarsa bizi gözləyir. Hec Nil Armstronqun müsəlman olub-olmamağı da önəmli deyil. Əminəm ki, Ayda da,elə Mars da da nə vatsa azan səsi də eşidiləcək, kilsə zəngləri də çalınacaq. Axı kainat bəşəriyyətə məxsusdur. Bəşəriyyətinsə tapındığı dinlər var. Bizi Yaradana doğru aparan dinlər….
Bilirəm,bu fikrə etiraz edənlər də olacaq. Mənsə əminəm ki,Allahın boynundan xaç asılmayıb,heç onun boynunda Quran da yoxdur. Ümumiyyətlə,Allah dindar deyil. O,bütün dinlərin sahibidir. Elə ateistlərin də. Bir də Kainatda azan səsi coxdan mövcuddur. Onu duymaq üçün sadəcə, Allaha tapınmaq lazımdır…