Ziyalılar, hüquq müdafiəçiləri hakimiyyətin başlatdığı çirkin kampaniyanın gerçək məqsədini açıqladılar
Seçkiöncəsi hakimiyyətin yenə əvvəlki ənənələrinə sadiq qalaraq “qara piar” kampaniyasından istifadə etmək niyyətində olduğunun artıq ilkin işartıları görünməkdədir. Bunu artıq xeyli müddətdir ki, mətbuatın diqqətində olan hakimiyyətin mətbəxindən qaynaqlanan Əblüfəz Elçibəyin “zəhərlənmə şousu” da təsdiq edir. Baş verəni kəskin pisləyən ictimai fəal insanlar, bununla hakimiyyətin müxalifəti hədəf götürməyə çalışdığını vurğulayırlar.
Rejim Əli Kərimlidən qorxusunu nümayiş etdirir
Hüquq müdafiəçisi Leyla Yunus hesab edir ki, baş verənlər hakimiyyətin müxalifətə qarşı prezident seçkisi öncəsi hücumudur:
– Əliyev rejiminin qüvvəsinə və növbəti prezident seçkisi ilə bağlı əvvəlcədən proqnozlaşdırılan “uğuruna” baxmayaraq, məlumdur ki, rejim fəal cəmiyyətdən, müxalifətdən çəkinir. Ona görə də qabaqcadan hücuma keçib. Maraqdıdır ki, rejim uzun illərdir məhz Əli Kərimli qarşısında qorxusunu nümayiş etdirir. Əli Kərimlini ölkədən çıxmaq hüququndan məhrum ediblər, qaynını girov götürüblər və hələ indi də xəstə adamı həsbdə incidirlər. Bu bəs deyilmiş kimi cinayət işi də açırlar. Rejimin Əli Kərimlinin qarşısında qorxusu aydın görünür. Ona görə müdafiə yox, hücuma keçmək lazımdır.
Ilham Əliyevin qeyri-qanuni üçüncü dəfə namizədliyini irəli sürməsi ilə bağlı məhkəməyə müraciəti dəstəkləyirəm. Konstitusiyanın dəyişdirilməsi ilə bağlı referendum Əliyevin ikinci müddətə seçiləndən sonra qəbul edilib. Bu dəyişikliklər yalnız dəyişiklikdən sonra namizədliyini irəli sürən şəxslərə aid ola bilər. Bu kampaniyanı artıq bu gün, yubanmadan başlamaq lazımdır. Beynəlxalq təşktlatların diqqətini cəlb etmək üçün geniş kampaniya da aparmaq olar. Qeyd edirəm ki, KIV-də sadəcə açıqlamalar kifayət etmir.
Hakimiyyət yenə öz ampluasındadır
Müsavat Partiyasının Divan üzvü, politoloq Hikmət Hacızadə bildirdi ki, hakimiyyət növbəti dəfə özünə məxsus “qalmaqal” yaratmağa çalışır:
– Yenə də müxalifət liderləri hədəfdədir və bu da təsadüfi deyil. Hakimiyyət yenə də özünün ənənəvi təbliğat kampaniyasına start verib. Müxalifət liderlərini incitməyə, onları cəmiyyətin gözündən salmağa çalışır. Amma bu cür addımların heç bir perspektivi yoxdur.
Hakimiyyət Əli Kərimlini rəqib görmək istəmir
Hüquq müdafiəçisi Arzu Abdullayeva bildirdi ki, aparılan təbliğatın əsaslarının zəif olması bir daha bu siyasətin uğur qazana bilməyəcəyini deməyə əsas verir:
– Bu iddiada bulunan şəxsi bütün cəmiyyət tanıyır və onun bir yaxşı əməlini sadalamaq mümkün deyil ki, insanlar bu insan barədə mənfi fikrə qapanmasın. Əli Kərimlinin isə hədəf seçilməsində bir neçə səbəb var. Bu, hər şeydən əvvəl Əli Kərimliyə qərəzin bir nümayişi də ola bilər. Amma o da nəzərə alınmalıdır ki, Ictimai Palata qarşıdan gələn prezident seçkiləri ilə bağlı vahid namizəd barəsində düşünməkdədir. Artıq müəyyən fərziyələr səslənir ki, Ictimai Palatanın namizədi kimi ya Əli Kərimli, ya da Isa Qəmbər çıxış edə bilər. Yəni Əli Kərimli namizəd olmasın deyə, hakimiyyət nəzarətində olan ünsürlərdən istifadə edir.
İqtidarın Əli Kərimli ilə bacarmağa qüdrəti yoxdur
İP üzvü Yeganə Əmiraslanovanın fikrincə, baş verənlər təsadüfi deyil və Ə.Kərimliyə qarşı hakimiyyətin yürütdüyü kampaniyanın tərkib hissəsidir:
– Iddiaçını kənara qoymaq lazımdır. Əslində bu hakimiyyətin kampaniyasıdır. Hakimiyyət elə bilir ki, bu cür zərbələrlə Əli Kərimlini yıxmaq olar. Amma bu kampaniyanın heç bir perspektivi yoxdur. Iqtidarın Əli Kərimli ilə bacarmağa qüdrəti yoxdur. Məlum məsələdir ki, Əli Kərimli qarşıdan gələn prezident seçkilərində namizəd ola biləcək şəxslərdən biridir. Ona görə də O, hədəfə alınıb.
Ümumiyyətlə hakimiyyət hər zaman Əli Kərimliyə qarşı misli görünməmiş kampaniya aparıb.
Milətin rəğbətini qazanan şəxsə belə münasibət yolverilməzdir
Millət vəkili Fəzail İbrahimli bildirdi ki, hazırda mətbuatda Elçibəyin dünyasını dəyişməklə bağlı belə bir iddianın irəli sürülməsi eks-prezidentin ruhuna təhqirdir:
– Bizim hamımız bu dünyada müvvəqəti yaşayan insanlarıq və ona görə dünyasını dəyişən adamlar barədə danışan zaman hər kəs haqq dünyasında olan yaxınlarını gözü önünə gətirsin. Elçibəyin də ailə üzvləri, qohumları var. Bunlar onların heysiyyatına toxunur. Millət səviyyəsində sevgi qazanmış bir şəxs barədə bu cür fikir işlətmək millətin duyğuları ilə oynamaq kimi bir şeydir. Buna isə yol vermək olmaz.
Hakimiyyətin siyasəti iflasa uğrayır
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin fikrincə baş verənlər hakimiyyətin müxalifətə qarşı seçki öncəsi hücum kampaniyasıdır:
– Hakimiyyət müxalifətə qarşı vaxtaşırı bu cür metodlardan istifadə edir. Amma bu dəfə baş verənlər bütün əndazəni aşır və bir absurd olduğu açıq görünür. Özü də ki, Elçibəy ailəsi, tanınmış ziyalılar ilk gündən bu məsələyə kəskin etiraz etdilər. Hədəfin seçilməsi isə heç də təsadüfi deyil. Hakimiyyət çəkindiyi şəxsləri hədəf götürür. Eyni zamanda bu addımı atmaqla hakimiyyət cəmiyyəti əsas problemlərindən yayındırmağa çalışır. Prokurorluq bu cür məsələlərə reaksiya verməkdənsə, hüquq-mühafizə orqanlarındakı özbaşnalıqlara, işgəncələrə münasibət bildirsin. Bu qeyri-etik iddia olduqca qorxulu tendensiyadır. Bu bir daha göstərir ki, hakimiyyətin yürütdüyü siyasət iflasa uğrayır. Bununla hakimiyyət nəinki müxalifəti sıradan çıxarmağa, əksinə müxalifətin nüfuzunu daha da artmasına nail olacaq.
Cəmiyyətin diqqətini yayındırmaq istəyirlər
Hüquq müdafiəçisi İradə Cavadovanın fikrincə, baş verənlər müxalifətin, cəmiyyətin diqqətini ölkədə baş verən özbaşnalıqlardan yayındırmaqdır:
– Bu cür fikirlər heç cür ciddi qarşılana bilməz. Eyni zamanda bu fikirləri səsləndirən insanın reputasiyasına diqqət yetirin. Burada məqsəd sadəcə olaraq cəmiyyətin, demokratik qüvvələrin diqqətini ölkədə baş verənlərdən yayındırmaqdır. Əlbəttə ki, bu qədər zaman keçdikdən sonra Əbülfəz bəyin vəfatı ilə bağlı belə bir cəfəng məlumatın ortaya atılması təsadüfi deyil. Hazırda ölkədə mülkiyyət hüquqları, kütləvi özbaşınalıq geniş vüsət alıb. Şəhərin mərkəzindən insanları zorla köçürürlər. Insanların ən adi hüquqları belə qorunmur. Vergi orqanları, gömrük rüşvətlə insanlara zülm edirlər. Məhz bu cür problemlərdən diqqəti yayındırmaq üçün belə iddialar ortaya atılır.
Xəyal
HƏMÇİNİN BAX:
AXCP sədrinə Flora Kərimovadan da dəstək gəldi
“Zəhərlənmə şousu”na Azərbaycanı dünyada tanıdan isimlərdən sərt təpki
Hakimiyyət Əli Kərimli ilə üz-üzə gəlməkdən qorxur
İctimaiyyətdən Əli Kərimliyə böyük dəstək
Məqsəd 2013-cü il seçkiləridir
“Bu cinayət işi hüquq tarixində böyük bir biabırçılıqdır”