İran Əliyevi çətin duruma salıb

Qonşu dövlətin 60 ölkə ilə viza ləğvini gündəmə gətirməsi Azərbaycan hakimiyyətini dalana dirəyib

Bu gün Iranda Qoşulmayanlar Hərəkatının növbəti toplantısı keçiriləcək. Toplantıya birliyə üzv ölkə başçılarının qatılacağı gözlənilir. Azərbaycan isə təşkilata üzv olsa da nəinki ölkə başçısı səviyyəsində, ümumiyyətlə, Tehranda keçirilən toplantıya qatılmayacaq. Ölkə başçısı Ilham Əliyevin və Azərbaycan nümayəndələrinin toplantıya qatılmaması birmənalı qarşılanmayıb.
Diplomatik mənbələrdən “Azadlıq”a daxil olan məlumatda deyilir ki, Azərbaycan hakimiyyətinin Qoşulmayanlar Hərakatının toplantısını iqnor etməsinin səbəbi Iranda müzakirə olunacaq məsələlərdən biridir. Qeyd olunur ki, toplantıda quruma üzv ölkələr aralarında mövcud olan viza rejiminin ləğvini müzakirə edəcək. Bu isə rəsmi Bakının tutduğu mövqeyə ziddir.
Məlumdur ki, Azərbaycan hakimiyyəti başqa ölkələrlə qarşılıqlı viza rejiminin ləğvinə müsbət yanaşmır. Hər halda Türkiyənin və Iranın Azərbaycanla olan viza qaydalarını dəyişdirməsinə baxmayaraq rəsmi Bakının hər iki müsbət addıma mənfi cavab verməsi bunu söyləməyə əsas verir. Vaxtilə “WikiLeaks” saytının yaydığı məxfi məktublarda Azərbaycan hakimiyyətinin Iranın mövqeyindən ehtiyatlanaraq Türkiyə ilə qarşılıqlı viza qaydalarının ləğvindən yayındığı deyilirdi.
Indi isə Iran özü Azərbaycanın da üzv olduğu Qoşulmayanlar Hərəkatı ölkələriylə viza rejiminin ləğvini təklif edir. Bu isə Azərbaycan hakimiyyətinin əsassız bəhanələrinin ifşası deməkdir. Tehran toplantısına qatılmamaq rəsmi Bakıya da 60 ölkənin müzakirə edəcəyi məsələdən yayınmaq imkanı yaradır.