Nazlı Ağayeva Pərvizi sevir, elə mən də…

Bir dəfə dəyərli qələm dostum Pərviz Cəbrayıl gülə-gülə mənə dedi ki, “sən Nazlısan?”. Təəccüblə ona baxdığımı görüb, “bağışla, anladım, demək sən deyilsən” dedi. Sonra Pərviz bəy, ona məktublar yazan naməlum qadın haqqında daha geniş söhbət etdi. Əziz dostum dedi ki, “o qadın eynilə sənin kimi yazır, həm də sənin kimi Mirzə Xəzəri çox istəyir, məktublarında Mirzə Xəzərdən sitatalar da olur”.
Aradan bir müddət keçəndən sonra Pərviz bəy də, mən də o qadını – əsl Nazlını tapdıq. Mən ilk dəfə onun şəklini və yazısını “Mirzə Xəzərin Səsi”ndə gördüm. Və deyim ki, Pərvizin məni elə dəyərli bir xanıma bənzətməsinə görə qürur hissi keçirdim. Amma Nazlı bacının (onun da mənim kimi “xanım” müraciətindən xoşlanmadığını bildiyim üçün “Nazlı bacı” yazıram) bəmbəyaz saçlarını görəndə çox kövrəldim. Axı 50 yaş nədir ki… Demək saçı yaş yox, yaşayış ağardır. Əlbəttə, Nazlı bacı da ağaran saçlarını boyayıb, özünü bir xeyli cavanlaşdıra bilərdi. Amma bu məmləkətdə cavan olmağa nə ehtiyac var? Burda, onsuz da qocalı-cavanlı hamı faciə içindədir. Indi 20-25 yaşlı qadınların saçlarına dən düşüb. Nazlı xanım ağarmış saçları ilə bugünkü Azərbaycan qadının canlı heykəlidir. Təəssüf ki, bir adamın soyuq daş heykəlləri naminə, milyonlarla vətəndaş canlı faciə heykəlinə çevrildi.
Başı min cür müsibətlər çəkən Nazlı Ağayevanın yazılarından, “facebook”dakı şərhlərindən açıq-aydın hiss olunur ki, o, Ilham Əliyevi və onun ətrafında olanları sevmir. Qadınlar heç vaxt kişilərin zahiri görünüşünə vurulmur. Qadınlar, sınmayan, ruhunu qoruyan cəsarətli, mərd kişiləri sevir. Hətta ən varlı, ərköyün qadın da cəsur kişinin kölgəsi qarşısında diz çökür. Əgər elə olmasaydı dünyanın ən varlı, şıltaq qadınları ipək yataqlarından Diogenin dar, çürük çəlləyinə doğru məsləhət, sevgi üçün qaçmazdılar.
Daha bir misal: anam danışır ki, kəndlərində varlı bir kişinin gözəl-göyçək, şıltaq bir qızı var idi. Ona kəndin əksər oğlanları elçi yollasa da, qız evi heç birinə “hə” demirdi. Qızgilə ən çox elçi yollayanlardan biri isə, müharibəyə getməyən, kənddə “dezertir” çağrılan bir gənc idi. Bir gün kəndə xəbər yayıldı ki, sağlam, yaraşıqlı oğlanları bəyənməyən qız, müharibədə bir gözü kor olan, evinə kar, topal qayıdan oğlanın elçilərinə “hə” deyib. Bu xəbəri eşidən “dezertir” nişanlı oğlandan qisas almaq fikrinə düşür. Qızgilin evinə qonaq gedən oğlanın qapı ağzına qoyduğu əsasını sındırır. Və deyir ki, “di get, mən də səndən belə qisas aldım”. Zatən, “dezertir”lərin qisası da çox iyrənc və gülünc olur. Əcəba, bəs, “dezertir”lərdən zəhləsi gedən Nazlı bacı kimi sevir?
Bu yaxında əziz dostumun “facebook” səhifəsində Nazlı Ağayevanın Pərviz Cəbrayıla sevgi etirafını oxudum: “Pərviz, mən səni əvəzsiz və təmənnasız sevirəm! Heç nə demək lazım deyil. Sadəcə həyatımızda ol, yetər”. Yeri gəlib, çəkinmədən etiraf edirəm ki, elə mən də Pərvizi sevirəm. Həm də mən onu indi yox, 20 il öncə “Gənclik” jurnalında görəndə, şeirlərini oxuyanda sevmişəm. Doğrudur, Pərviz bəy zahirən çox dəyişib. Bir dostumuz demişkən, “o şümal oğlandan əsər-əlamət qalmayıb”. Amma ruhu, əqidəsi, arzuları, SÖZünün cəsarəti 20 il öncəki kimidir. Onu sevməmək mümkündürmü?!
Yeri gəlmişkən, bu yaxında “Gənclik” jurnalının arxivinə baxırdım. Jurnalda, mənim və əksəriyyətin sevimli yazarı olan Şahvələd Çobanoğlunun tələbə dostu Arif Abbasla bir-birlərinə yazdıqları (“Gənclik” 1992. 1-2) “Göndərilməyən məktublar”ını təkrar oxuyub böyük zövq aldım: “Sən həyatı sevirsən! Ancaq səni təzadlar çaşdırıb. Bu məktubla biz ağıllı, ehtiraslı və soyuqqanlı fəlsəfi yazışmalara bəlkə qədəm qoyduq. Səni elm, ədəbiyyat və mədəniyyət yoluna çağırıram. Səni sevgi nikbinliyinə çağırıram…”. Sanki bu sözləri Şahvələd bəy 20 il əvvəl yox, dünən yazıb. Təəssüf ki, insanları elm, ədəbiyyat, mədəniyyət, sevgi yoluna çağıran jurnalistlər çox az qaldı. Axı indi SÖZünə sahib duran nəinki jurnalist, hətta kişi tapmaq çox çətindir. Indi kişilər var ki, 2 gün sözlərinin üstündə dura bilmirlər, dünən dediklərini səhər unudurlar. Əlbəttə, mən çox yaxşı bilirəm ki, qadın yazarların qələmindən çıxanlar, cəsur kişi yazarların qələmindən çıxanların tozu da deyil. Bu SÖZ döyüşündə biz onların yanında şəfqət bacısı da ola biliriksə, böyük şərəfdir…
P.S. Sevimli Nazlı xanım! Mən, dəyərli ziyalı Mirzə Xəzəri o qədər çox istəyirəm ki, onu görmək üçün Almaniyaya pay-piyada getməyə hazıram! Mən, unudulmaz jurnalist Elmar Hüseynovu o qədər çox sevirəm ki, onun məzarı üstə bir qızılgül kolu olmağı arzulayıram. Mən, SÖZlə yaralarımıza məlhəm olan mərd yazarlara canımı verməyə hazıram! Əziz Bacım, mənimlə yol-yoldaşı olarsanmı?..