Fizikada, ümumiyyətlə, elmdə belə bir prinsip var ki, hər bir tendensiya özü üçün əks-tendensiya yaradır və əks-tendensiya elə istiqamətlənir ki, birinci tendensiyanın dəyişməsini kompensasiya etmiş olsun. Indi hakimiyyətin bir neçə gündür ki, apardığı kampaniyaya baxıram. Nə oldu? Bu dəfə də özlərinin əksinə işlədilər. Cəmiyyətin sanballı simalarının hamısı bir bir nəfər kimi bu biabırçılığı pislədi və onu kəskin tənqid etdi. Başqa cür ola da bilməzdi. Dəfələrlə yazmışam ki, bu hakimiyyət reallıq hissini itirib. Bunlar artıq öz siyasətlərinin nəticələrini qiymətləndirə, ölçə bilmirlər.
Məni bir məsələ maraqlandırır ki, bunların “analitik mərkəz”ləri nə edir? Nədən o şəxslər öz rəhbərlərini belə düşünülməmiş siyasətdən çəkindirmirlər? Belə fərz etmək olar ki, bu hakimiyyətin içində də savadlı adamlar var, lakin bunu ölkədə aparılan siyasətə baxanda sezmək olmur. Hakimiyyətdə uzun zaman olmaqları (hər halda, 19 il az vaxt deyil!), topladıqları sərvət bunları tamam başqa bir koordinat sisteminə keçirib, bunlar artıq ölkə reallıqları ilə rabitəni itiriblər. Hiss olunur, bunlara əhali və millət yox, neft sənayesində işləmək üçün beş-on min nəfər insan lazımdır. Köhnə ideoloji ştampların o qədər də həvəskarı deyiləm. Lakin əvvəllər bir ifadə vardı: antimilli! Mənim qənaətim budur ki, ölkədə aparılan siyasəti yalnız bu cür adlandırmaq, belə yozmaq olar. Bəlkə də primitiv səslənir, lakin bu, həqiqətdi. Belə həqiqətlər bu ölkədə gündən-günə artır. Bu adamı, sıxır, bezikdirir, çünki sən onu heç olmasa azacıq cilovalmaq, saxlamaq istəyirsən, amma bacarmırsan, gücün və qüvvən çatmır. Məsələ bizim gücsüzlüyümüzdə deyil, hakimiyyət adlı bir sehrli maşının rəqibin əlində olmasındadır.
Siz hakimiyyət adlı bu maşını o qədər də aciz hesab etməyin. Suriyada insanlar bir ildir ki, vuruşur, amma hələ nəticə hasil edə bilməyiblər. Hakimiyyətdə olan azlıq dövlət maşını deyilən bir sistemi ölkə əhalisinə qarşı çevirib və hələ də duruş gətirir. Söz yox ki, bu maşın gec-tez çökəcək. Buna şübhə yoxdur. Amma o çökənədək çox qanlar töküləcək, itkilər veriləcək. Dünya gərək müasir diktaturaların nə imkanları olması, nələrə qabil olması haqda düşünsün. Məsələn, bizə və eləcə də bir çoxuna qəribə gəlir ki, insanlar Şimali Koreya rejiminə necə dözürlər? Amma dərindən fikirləşəndə burada qeyri-adi heç nə yoxdur. Bu ölkələr milli sərvət və resursları cəbr aparatının saxlanmasına yönəldirlər.
Millətin içində güc strukturlarının timsalında imtiyazlı və səlahiyyətli təbəqə yaradılır və həmin bu struktur da milləti əsarətdə saxlayır. Uzağa getmək və başqa ölkələrin təcrübəsinə üz tutmaq lazım deyil. Özümüzü götürək. Bəlkə min dəfə eşitmişik, oxumuşuq ki, “mülki geyimli”lər elə etdilər, belə etdilər, ora getdilər, bura getdilər! Kimdir onlar? Onları kim saxlayır? Mənə elə gəlir ki, cavab elə sualın özündədir və bu cavabı hamı bilir. Bunun bir tilsimi elə onu hamının bilməsindədir. Bəzən bir şeyi hamı biləndə o adiləşir və həyata vəsiqə alır. Insanları hiddətləndirmək və etiraza sövq etmək üçün onları çox təəccübləndirmək lazımdır.
Avropada eşidəndə ki, hansısa məmur rüşvət və ya hədiyyə formasında nəsə alıb, insanlar təəccüblənir ki, axı, bu necə olar? Təəccübün ardınca da hiddət gəlir. Bizim ən böyük faciəmiz ondadı ki, əhali məhz bu keyfiyyətini itirib, heç kimi heç nə ilə təəccübləndirmək olmur, elə bil, hamı mürgü içindədir. Bəlkə bu da həmin o 19 illik siyasətin nəticəsidir.
Insanlar hər şeyə alışıb və qəribə bir alışqanlıq yaranıb. Burada yadıma bir tamaşadan epizod düşür. Qəzeti o tərəf, bu tərəfə çevirir, gah o başlığı, gah da bu başlığı oxuyur, sözü də bir olur: nooolsun? Bəli, məsələ elə həmin bu “nooolsun”dadır! Jurnalistlərin Azərbaycanda aşkar etdikləri onlarla fakt və dəlillər başqa normal ölkələrdə böyük siyasi, hətta hakimiyyət qalmaqalına çevrilərdi. Amma bizdə nə baş verir? Hamı mürgüləyir və başını qaldırıb bir söz deyir: nooolsun? C.Məmmədquluzadəni, M.Ə.Sabiri elə həmin bu əcaib “nooolsun?” üzmədimi?

Mürgüləyən ölkə
•