Qurum əsgər Ismayıl Ibayevin öldürülmədiyini iddia edir
“Azadlıq”ın ötən sayında Naxçıvan “N” saylı hərbi hissədə xidmət keçən əsgər Ismayıl Ibayevin öldürülməsi barədə məlumat vermişdik.
Bunu qəzetimizə mərhum əsgərin valideynləri demişdi. Onlar bildirmişdi ki, övladlarına işgəncə verib öldürüblər, daha sonra isə orqanları satıblar. Bu yazı ilə bağlı Hərbi Prokurorluğun mətbuat xidmətindən redaksiyamıza məktub daxil olub. Məktubu oxucuların diqqətinə çatdırırıq: “Azadlıq” qəzetinin 25 avqust 2012-ci il tarixli nömrəsində “Naxçıvanda əsgərə işgəncə verib öldürüblər” sərlövhəli məqalə dərc olunmuşdur. Həmin yazıda Müdafiə Nazirliyinin Naxçıvandakı “N” saylı hərbi hissəsinin müddətli həqiqi hərbi xidmətdə olan əsgəri Ismayıl Ibayevin ölümü ilə əlaqədar onun valideynləri Iradə Məmmədova və Rafiq Ibayev övladlarının güya döyülüb öldürülməsi, onun meyitinin yarılıb daxili orqanlarının satılması və sair barədə söylədikləri həqiqəti əks etdirmir.
Azərbaycan Respublikası Hərbi prokurorluğunun Mətbuat xidməti bildirir ki, Naxçıvanda “N” saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olmuş əsgər Ismayıl Rafiq oğlu Ibayev 31 iyul 2012-ci il tarixdə qarovul xidmətində olarkən xidməti istifadəsində olan avtomat silahdan özünün alın nahiyəsinə atəş açaraq xəsarət yetirmiş və “başın alın nahiyəsindən sıyrılıb ənsə nahiyəsindən çıxan odlu silah, güllə yaralanması” diaqnozu ilə hərbi hospitala yerləşdirilmişdir. Aparılmış müalicə tədbirlərinə baxmayaraq həmin gün əsgər Ismayıl Ibayev almış olduğu güllə yarasından vəfat etmişdir. Qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə-tibbi ekspertlərin iştirakı ilə hərbi prokurorluğun əməkdaşları tərəfindən mərhum Ismayıl Ibayevin meyitinin xarici və daxili müayinəsi keçirilmiş, müvafiq ekspertizaların aparılması üçün hərbi tibbi ekspert tərəfindən nümunələr götürülmüşdür.
Əsgər Ismayıl Ibayevin ölməsi faktına görə 31 iyul 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Hərbi prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Hal-hazırda baş vermiş hadisənin bütün hallarının tam, hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq hərəkətlərinin icrası davam etdirilir.
Respublika Hərbi prokurorluğunun Mətbuat xidməti əlavə olaraq bildirir ki, Müdafiə Nazirliynin Məhkəmə-Tibbi Eksperitiza və Patoloci Anatomiya Mərkəzinin rəisi meyitin müayinəsi zamanı qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilən tədbirlər barədə kütləvi-informasiya vasitələrinə kifayət qədər ətraflı məlumat versə də, əsgərlərin daxili orqanlarının çıxarılıb satılması barədə həqiqətə uyğun olmayan yazılar hələ də bəzi informasiya vasitələrində bilərəkdən və ya bilməyərəkdən çap edilir.
Respublika Hərbi prokurorluğu bir daha bildirir ki, kütləvi informasiya vasitələrində reallığı əks etdirməyən bu cür məlumatların dərc edilməsi yol verilməzdir”.