Iqtisadçılar ayrılan vəsaitin yolların vəziyyətinə adekvat olmadığını deyirlər
Bu ilin 6 ayı ərzində paytaxt və bölgələr daxil olmaqla Azərbaycanın yollarına 855,4 mln. manat vəsait sərf olunduğu barədə məlumat vermişdik. Qəribəsi odur ki, yol təsərrüfatının inkişafı üçün ayrılan vəsait artdıqca, yerli əhalinin yollardan şikayəti bir az da çoxalır. Bölgələri bir kənara qoyub, elə Bakının yollarına nəzər salsaq, bu şikayətlərin əsassız olmadığını görmək olar.
Iqtisadçı Azər Mehtiyevin sözlərinə görə, bu il yol təsərrüfatının yenilənməsi üçün ayrılan məbləğ təxminən 2 milyard manatdır. Bura büdcə vəsaitləri, həmçinin cəlb edilmiş kreditlər daxildir: “Böyük neft pulları gələndən infrastruktur layihələrinə böyük vəsaitlər ayrılır. Bu layihələr arasında ən çox pul ayrılan isə yol infrastrukturudur. Azərbaycanda yol infrastrukturunun yenidən qurulmasına həqiqətən də çox ciddi ehtiyac var. Bura həm magistral, həm şəhərdaxili yollar daxildir. Lakin son illərin təcrübəsindən görürük ki, yolların qurulmasına sistemli və səmərəli yanaşılmır. Hətta aparıcı yollar bir ildən və ya iki ildən bir yararsız vəziyyətə düşür, təmirə dayanır. Yollar asfaltlandıqdan sonra yenidən kommunikasiya xətləri çəkilir. Məsələn, Bakı-Ələt yolu istifadəyə verilərkən on illər istifadəyə yararlı olacağı vəd olunmuşdu. Amma az keçməmiş yolun yenidən qurulması həyata keçirildi. Bakı-Quba yolu betondan çəkilib, amma onun da zaman-zaman yararsız vəziyyətə düşdüyünü görürük”.
A.Mehtiyev deyir ki, yolların vəziyyəti ayrılan vəsaitlərə adekvat deyil: “Istifadə olunan materiallar baha alınsa da, bir çox hallarda keyfiyyətsiz olur. Yollar beynəlxalq standartlara uyğun deyil. Bir sözlə, nəticə ayrılan vəsaitə adekvat deyil”.
Gültəkin