Dünən hər birimiz acı bir xəbərlə sarsıldıq, demokratik düşərgənin dəyərli adamlarından Aydın Acalovu yol qəzasında itirdik.
Aydın bəy fədakar müxalifətçilərdən idi, getdiyimiz yolda çox dəyərli, qiymətli yoldaş idi. Nə qədər müxalifətçi tanıyırıq ki, biz onları çoxdan mənən, ruhən yol qəzalarında itirmişik, onlar gedilən yolu dəyişiblər, başqa mənzilə varıblar.
Aydın bəy isə yoluna sadiq idi, bu gün cismən bir yol qəzasında həlak olsa belə, əslində onillərdir yürüdüyü yolda əsla qəzaya uğramamış, o yoldan sapmamışdı. Qəbri nurla dolsun, torpağı bol olsun!
Onu unutmayacağıq, eyni zamanda həm onun, həm də onun kimi əcəlin sıralarımızdan apardığı neçə-neçə qiymətli insanın arzularını, ideallarını həyata keçirmək, Azərbaycanı aydın, azad bir gələcəyə qovuşdurmaq üçün gedilən bir yolu yürüməyə, gerçək mənzilə çatdırmağa davam edəcəyik.
Və gələk o suala: dünən bir yol qəzasında itirdiyimiz Aydın bəy bizim çevrəmizdən, bizim sıralarımızdan biri olmasaydı, nə qədər acıyacaqdıq o qəza xəbərinə? Nə qədər üzüləcəkdik?
Xəbər lentləri yol qəzaları ilə bağlı xəbərlərlə aşıb-daşır hər gün. Yollarda hər gün ölüm var, qan var, dəhşət var, acı var. Artıq bu xəbərlər o qədər adiləşdi, o qədər sıradan olmağa başladı ki, yalnız tanıdığımız, bildiyimiz, doğmalarımızdan, yaxınlarımızdan biri qurbana çevrildikcə, diqqətimizi çəkir, bizi ağrıdır, dəhşətə gətirir, bizi üzür, bizə üsyan etdirir.
Kimsə özünü aldatmasın. Kimsə ölkədəki korrupsiyanı “dünyanın hər yerində korrupsiya var” deyə malalaya bilməyəcəyi kimi, heç kim artıq heç bir sınır tanımayan yol qəzalarını da “dünyanın başqa ölkələrində yol qəzaları olmurmu?” deyə ötüşdürə bilməz. Talançılığın, yağmaçılığın baş alıb getdiyi ölkələrdə hər iş öz rəngini dəyişir. Normal, hüququn üstün olduğu, qanunların işlədiyi ölkədə də təbii fəlakətlər ola bilər, amma orada bu, elə təbii fəlakətdir. Bizim kimi ölkələrdə isə məsələn, Kür daşanda bu, həm də korrupsiyanın daşması anlamına gəlir.
Yol qəzaları da həmçinin. Azərbaycanda onun bu qədər çoxalmasının, get-gedə isə adiləşməsinin ən önəmli səbəbi məhz korrupsiyadır, rüşvətdir. Sürücülük vəsiqələrinin necə verildiyinin, yolların iri pullar xərclənsə də necə çəkildiyinin hamıya bəlli olduğu ölkədə “inkişaf etmiş Avropada da yol qəzaları olur” deyib işin içindən çıxa bilməzsiniz. Əvvəla, rəsmi statistika da göstərir ki, dünyada yol qəzalarının və onların qurbanlarının sayına görə inkişaf etməyən və etməkdə olan ölkələr inkişaf etmiş ölkələri xeyli qabaqlayır.
Məsələn, yol qəzalarında ölümlərin sayına görə lider demokratiyanın “d”sindən, hüququn “h”sindən xəbərsiz Irandır. Sonrakı yerlərdə elə Iran qədər çağın gerisində qalmış, nə insanın, nə onun haqlarının heç bir dəyər daşımadığı ərəb ölkələri gəlir. Məgər bu, təsadüfdürmü?
Ikincisi də, hər problemdən yaxasını başqa ölkələrlə müqayisələr apararaq kənara çəkmək istəyənlərdən soruşarlar: dünyada büdcədən oğurlamayan hakimiyyətlərin olduğu, söz azadlığına hörmət edən, xalqın iradəsi ilə formalaşan, öz ömrünü zor gücünə uzatmağa çalışmayan, iqtidardan ikiəlli yapışmayan rejimlərin hökm sürdüyü ölkələr var də, bəs niyə Azərbaycanı onlarla da bir sıraya qoymaq istəmirsiniz? Başqa ölkələrdə də korrupsiya var, biz də, bəs niyə başqa ölkələrdə olan azad məhkəmədən, büdcə şəffaflığından, demokratik seçkidən bizdə də yoxdur?
***
Bir ölkə ki, yolu düz olmayan, doğru yolla getməyən, yol çəkən, amma yolsuzluqla – korrupsiya ilə mayalanan adamların əlində girovdur, o ölkədə hansı səbəbdən ölməyin xüsusi mənası da qalmır: yol qəzasından, suda boğulmaqdan, ağacdan yıxılmaqdan, ürək tutmasından, şəkərdən, xərçəngdən.
Belə ölkədə hətta ölümün də rəngi dəyişir.
Ölümün səbəbi də, ölümün anlamı da dəyişir.
Belə ölkədə bütün ölümlər – qətl, yeganə qatil isə – sistemdir.

Azərbaycan kimi ölkədə ölümün rəngi
•
•