Fuad Qəhrəmanlı:”Yeni təşkil olunan qurumda təmsil olunmaq AXCP-nin planlarına daxil deyil”
“Yeni qurum yaratmaq, yaxud yeni təşkil olunan qurumda təmsil olunmaq AXCP-nin planlarına daxil deyil”.
Bunu APA-ya AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. Onun sözlərinə görə, AXCP-nin yeni yaradılmış Demokratik Qüvvələrin Məşvərət Məclisində iştirak etmək planı yoxdur: “Sadəcə bizim nümayəndə kimi Həsən Kərimov avqustun 24-də keçirilən tədbirə dəvət olunduğu üçün qatılmışdı. Yeni yaradılacaq qurumda iştirak nəzərdə tutulmadığından, Həsən bəy səsvermədə iştirak etməyib. Biz müxalifətin inteqrasiya modeli, əməkdaşlığın ən aktual variantı kimi Ictimai Palata çərçivəsində əməkdaşlığı görürük. Bu, bizim qarşıdakı perspektiv planlara da münasibətimizi ifadə edir”.
Bununla belə, F.Qəhrəmanlı AXCP-nin ikitərəfli və çoxtərəfli müzakirələrə açıq olduğunu da əlavə edib.
Demokratik Qüvvələrin Məşvərət Məclisinin təsisçilərindən olan AMIP-in sədr müavini Elşən Mustafayev isə deyib ki, DQMM-də təmsil olunmaq heç bir partiyanın fəaliyyətini çərçivəyə salmır:”Eyni zamanda, Məşvərət Məclisi fəaliyyət istiqamətlərini də məhdudlaşdırmır”. E.Mustafayev DQMM-in qapısının digər partiyalara da açıq olduğunu əlavə edib.