Az öncə başa çatan prosesdə Nizami Rayon Məhkəməsinin hakimi Xəyal Sarıyev prokurorun təqdimatı olmasına baxmayaraq Fariz Ramizli barəsində 2 aylıq həbs qətimkan tələbini rədd edib. Qoçu dəstəsinin başçısı məhkəmə zalından azadlığa buraxılıb. Bu barədə qəzetimizə açıqlama verən Zülfüqarlı qardaşlarının vəkili Aslan İsmayılov hakimin qərarını qanunsuz adlandırıb.
O, hakimin qərarını Fariz Ramizlinin yükəsk çinli məmurlar tərəfindən himayə olunmasıyla əlaqələndirib:“Çünki Fariz həbsdə yatmış olsaydı məcbur olub onu basqına məcbur edənlərin adını açıqlamalı olacaqdı”. Vəkil əlavə edib ki, prokurorluq bu qərara etiraz bildirməli və Apelyasiya Məhkəməsinə baş vurmalıdır.
***
Hüquq-mühafizə orqanlarından aldığımız məlumata görə, Zülfüqarlı qardaşlarının zavoduna basqın edən qoçu dəstəsinin rəhbəri həbs olunub. Həmin şəxs Fariz Ramizlidir. Onun qoluzorlular dəstəsini idarə etdiyi bildirilir.
Zülfüqarlı qardaşlarının vəkili Aslan İsmayılov “Azadlıq”a açıqlamasında bildirib ki, Fariz Ramizli hazırda polis idarəsində saxlanılır və yaxın saatlarda onun məhkəməsi keçiriləcək. Dövlət ittihamçısı Fariz Ramizli barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsini istəyib.
Qeyd edək ki, Zülfüqarlı qardaşlarına məxsus metaləritmə müəssisəsinə gələn qoluzorlular dəstəsi onlardan xərac tələb edir, müəssisəni zorla ələ keçirməyə çalışır, avadanlıqlara ziyan vurur, hətta sahibkarları ölümlə hədələyirdilər.