Taleh Xasməmmədov şərlənərək həbs olunmasının təfərrüatlarını açıqlayıb
3 saylı istintaq təcridxanasında saxlanılan vicdan məhbusu, hüquq müdafiəçisi Taleh Xasməmmədov “Azadlıq” qəzetinə şikayət məktubu göndərib. T.Xasməmmədov şikayətində iki ilə yaxındır qondarma ittihamla həbsdə saxlanılan Fuad Hüseynovun işi ilə bağlı maraqlı faktlar açıqlayıb.
Xatırladaq ki, T.Xasməmmədovu elə bu şəxsi müdafiə etmək istədiyi üçün şərləyərək həbsə atıblar.
T.Xasməmmədov məktubunda xatırladıb ki, F.Hüseynov 2010-cu ildə Ucar Rayon Polis Şöbəsinin rəisi Tahir Quliyevin sifarişi ilə “Kurtlar vadisi” kimi tanınan dəstənin süni yaratdığı cinayət planı ilə həbs olunub. Həmin qondarma cinayət işinin ibtidai istintaqı zamanı çoxlu sayda “üzəduran” şahidlər təlimatlandırıblar və F.Hüseynovu şərləyərək CM-nin 221.3 maddəsi ilə təqsirli biliblər: “Həmin vaxt Ucar prokuroru olmuş Mirramil Ağamirov, həmçinin Ramiz adlı müstəntiq Fuada qarşı qərəz nümayiş etdiriblər. Əsassız ittihamlara etiraz edən Fuad obyektiv araşdırma aparılması tələbi ilə 27 gün aclıq edib. Buna baxmayaraq həmin ittiham üzrə Ucar Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Məhkəmə iclası zamanı bir çox qanun pozuntusu aşkar etmiş dövlət ittihamçısı Rəsul Abbasov işin təkrar istintaqa göndərilməsi üçün vəsatət qaldırıb və vəsatəti təmin edilib. Ibtidai istintaq zamanı bəzi şahidlər hadisəni görmədiklərini, bəzi şahidlər isə Fuadın cinayət törədilən yerdə yox, başqa yerdə olduğunu deyiblər. Şahid Fərman Abddullayev bildirib ki, Şahlar Ələkbərov onu içirdərək izahata qol çəkdirib. Şahid Vidadi Mürsəlov hədə-qorxuya məruz qaldığı üçün yalan ifadə verməyə məcbur olduğunu deyib. Şahid Aqşin Mehdiyev isə Fuadı tanımadığını və yalandan şahidlik etməyə məcbur edildiyini bəyan edib. Və bunu məhkəmədə də açıqlayacağına söz verib. Vəziyyəti belə görən polis şöbəsi 6 ay sonra daha on nəfərlik şahid siyahısı hazırlayıb və onların dindirilməsinə nail olub. Onlardan üçü – Esmira, Nurənə, Gülaraxanım adlı yüngül həyat tərzi keçirən qadınlar olub. Digər şahidlər isə içki düşkünü olan şəxslərdir. Şahidlərin bir qismini də yaxınları ilə təhdid edərək yalan ifadə verməyə məcbur ediblər. Ən maraqlısı ”zərərçəkən” Akif Cəfərovun qaçıb gizlənməsi olub. Digər “zərərçəkən” Azad Hüseynov isə özünə xəsarət yetirərək Fuada böhtan atmağa məcbur olub”.
T.Xasməmmədov bildirir ki, ibtidai istintaq kobud pozuntularla müşayiət olunsa da, F.Hüseynovun məhkəmədə bəraət alacağı heç kimdə şübhə doğurmayıb: “Bütün sübutlar ittihamın rədd olunması üçün kifayət edirdi. 2011-ci ilin avqust-sentyabr aylarında keçirilən məhkəmə proseslərində bəzi şahidlərin ziddiyyətli ifadələri hakimi çətin vəziyyətə salmışdı. Hakim Çingiz Isgəndərov özü də Fuadın həbsində maraqlı idi. Bəzi şahidlər Fuadı müdafiə edərək onun günahsız olduğunu bildirdilər. Yalançı şahidlər isə təlimata uyğun danışa bilmədikləri üçün biabır oldular. Buna baxmayaraq hakim sifariş əsasında qərar çıxararaq Fuada 6 il 6 il ay həbs cəzası verdi”.
Taleh Xasməmmədov deyir ki, iş üzrə keçirilən apellyasiya məhkəməsində o da iştirak edəcəkdi. Əgər özü şərlənərək həbs olunmasaydı: “Şirvan Apellyasiya Məhkəməsi araşdırma apararaq Fuadın xeyrinə xeyli sübutlar toplayıb. Onun günahsız olduğu hər kəsə bəllidir. Məni təəssüfləndirən məqam Çingiz Isgəndərov kimi sifarişli qərarlar çıxaran hakimin cəzasız qalmasıdır”.