İtirilmiş dəyərlərin acısı…

Bir millətin əxlaqı dişləri kimidir. Acısını çürüdüyü zaman hiss edər.
(Bernard Şou)

Günlərin birində su, atəş və əxlaq birlikdə təhlükəli qayalıqlardan keçirmişlər.
Atəş və əxlaq suya: “Əgər biz səni itirsək, necə tapacağıq?”- deyirlər.
– Su: “Mənim səsim şırıl-şırıl, tez duyarsınız”.
Sonra əxlaq və su atəşə: “Səni itirsək, necə tapacağıq?”- soruşurlar.
– Atəş: “Mən hər yerə duman yayaram, asanlıqla görərsiniz”- deyir.
Sonda atəş və su əxlaqa: “Yaxşı, bəs səni itirsək, necə tapacağıq?”.
– Əxlaq: “Heyf ki, məni bir dəfə itirsəniz, heç vaxt tapa bilməzsiniz”- söyləyir.
Ötənlərdə böyüklərimiz bizə belə hekayələri çox anladardılar. Bənzər hekayələrin çoxu yaddaşımda eləcə kodlaşmış, möhürlənmiş, qəliblənmiş formada da qalıb. Yaxşı ki, qalıb. Indi hekayə anladan, hekayə dinləyən kim… Belələrinə keçmişin qalığı deyərlər. Bəlkə də, ən böyük yanlışlıq elə bu düşüncədən yaranır. Keçmişdən bu günə ötürülən bir çox dəyərlər böyüklərimizin bizə buraxdığı ən qiymətli mirasdır məncə…  
Amma görünür ki, hər kəsə böyüklərindən gözəl dəyərlər miras qalmır. Bu gün ölkəni başına alıb gedən çirkinliklərin kökündə dayanan nədir, əxlaqi naqisliklər deyilmi? Azərbaycanın örnək mənəviyyat adamı Əbülfəz Elçibəyin ölümü ilə siyasi alver edənlərin əxlaqında ciddi qüsur var. Bu sifarişi verənlərin, onu siyasi qisas vasitəsinə çevirənlərin, həmin ağ yalana boyun olanların və onu icra etməyə razılaşanların əxlaqında qüsur var. Əvvəl “Əli Kərimli Əbülfəz Elçibəyə zəhər verib” iddiasını bir kuklanın qulağına pıçıldayıb, sonra o sözləri onun ağzından alıb cinayət işi açanların halına yazıq! Amma nə etməli ki, yazıq olan təkcə o boyunduruqdakı adamlar deyil, həm də bu xalqdır. Bu xalq illərdir belə qeyri-əxlaqi, söyüşkən, ucuz dedi-qodulara qulaq yoldaşı olmağa məcburdur. Ölkədən gedəcək yer yox, dərdini deyəcək kimsə yox, bu mənəviyyatsızlığın qarşısını kəsəcək qanun-qayda yox…
Bu eybəcər kukla oyunu da şübhəsiz ki, “Azərbaycan siyasətində əxlaqlı insanlara yer yoxdur” mesajıyla xalqı zəhərləmək, onu çirkli şouların tamaşaçısına çevirmək və başını qatmaq niyyətinə hesablanıb. Amma qarşıda bu xalqın seçim şansı var. Azərbaycan, bəlkə də, tarixində ilk dəfə bu şərtlər altında prezident seçkiləri keçirəcək. Bu zəhərli oyun siyasi müstəvidə zəif və çarəsiz birinin güclü və iddialı birini məğlub etməsi məqsədi ilə qurulubsa, xalqın iradəsi o oyunu poza bilər. Bu ikrah doğuran məzhəkə məhz o zəiflik və çarəsizlikdən yaranan həsəddən meydana çıxıbsa… Hər dəfə olduğu kimi yenə bu adamların çirkli üsullara əl atmaqdan başqa çarə yeri qalmayıbsa… Bu iyrənc qarayaxmalara hədəf olan o güclü rəqib – Əli Kərimli qarşısındakılara soyuqqanlılıqla “məni həbs edə bilərlər, məni öldürə də bilərlər, amma məni məğlub edə bilməzlər. Çünki mən bir ideala, Azadlıq idealına söykənirəm” deyirsə, artıq seçim xalqa qalır…
Yuxarıdakı atəş, su və əxlaq hekayəsini təsadüfən xatırlamadım. Biz bu illərdə çox şeylər itirmişik. Itirdiyimiz bəzi şeylərin mənəvi çəkisi o qədər ağırdır ki, insan bu barədə danışmağa belə qorxur. Məsələn, mənim üçün işğal olunmuş kəndimin dəyəri nə ilə ölçülə bilər ki?.. Lakin hər birimizin həyatı bir ümid yolçuluğudur və ömür boyu itkilərimizi geri qazanmaq üçün çapalamağımızın əsasında da bu ümid dayanır. Amma bəzi dəyərlər itirildiyi zaman geri qaytarılması sonsuza qədər imkansız olur. Bizi o dəyərlərdən qoparan adamlardan yaxa qurtarmalıyıq!