Putin-Medvedev ittifaqı dağılır?

Rahim Hacıyev: “Putin Medvedevi vəzifədən uzaqlaşdırmaqla ciddi uğur əldə edə bilməz”

Rusiyada Putin və Medvedev arasında mövcud olan birliyin dağılacağı barədə fikirlər artmaqdadır. Hələ prezident seçkisindən əvvəl ekspertlər Medvedevin hökumət başçısı postunda uzun müddət duruş gətirməyəcəyini və Putinin onunla yollarını ayıracağını bildirirdi. Artıq tandemin mövcud olmadığı deyilir. Çünki Putin Medvedevin baş nazir kimi səlahiyyətlərini daraltmaqda davam edir. Belə olan halda artıq 12 ildir Rusiyanı idarə edən Putin-Medvedev tandeminin dağılması nə dərəcədə realdır?

Siyasi ekspert Rahim Hacıyev Putin-Medvedev tandeminin ifadəsinin əslində formal olduğunu deyir. Çünki Putinin baş nazir və prezident postunda olmasından asılı olmayaraq ölkənin idarəçiliyi onun əlindədir. Putinlə Medvedevin arasında ziddiyyətlərin olması isə mümkün deyil. Çünki Medvedevin Putinə ciddi rəqabət təşkil etmək üçün gücü yoxdur. Digər tərəfdən, Medvedevi uzaqlaşdırmaq Putinə əlavə dividend gətirməyəcək: “Putin Medvedevi vəzifədən uzaqlaşdırmaqla, hökuməti buraxmaqla ciddi uğur əldə edə bilməz. Ölkənin modernizasiyaya, inkişafa ehtiyacı var. Amma Putin stalinist rəhbər kimi bunu başa düşmək, öz mövqeyindən geri çəkilmək istəmir. Putin sərt avtoritar mövqeyindən geri çəkilsə, ölkədə qanunlar yumşala, azadlıqların sərhəddi genişlənə bilər və nəticədə Rusiyada ciddi inkişaf perspektivləri yarana bilər. Amma bir neçə gənc müğənni qızın həbsi göstərdi ki, Putin öz mövqeyindən geri çəkilmək fikrində deyil. Onun qarşısına nə Medvedev, nə də başqası çıxa bilər”.
Rusiyanı ciddi kataklizmlərin gözlədiyini deyən ekspert Medvedev hökumətinin istefaya getməsinin heç nəyi dəyişməcəyini vurğuladı. Bu səbəbdən də Putinin belə bir addım atmasına ehtiyac yoxdu.

Fizzə