naxcivan04

Naxçıvanda əsgərə işgəncə verib öldürüblər

naxcivan04Dörd ay hərbi xidmətdə olan İsmayıl İbayevin valideynləri tükürpədici faktlar açıqladı     

“Oğlumuzu hərbi hissədə öldürüb, gətirib atıblar üstümüzə”. Bu sözləri “Azadlıq”a Naxçıvanda “N” saylı hərbi hissədə dünyasını dəyişən Ismayıl Ibayevin valideynləri Iradə Məmmədova və Rafiq Ibayev deyib. Iradə Məmmədova bildirib ki, övladları 4 ay imiş kimi hərbi xidmətə aparılıbmış: “Ağıllı, savadlı uşaq idi. Öldürdülər balamı. Indi də heç bir açıqlama vermirlər. Deyirlər ki, guya öz-özünü öldürüb. Əgər balam öz-öüzünü öldürübsə, bədənindəki xəsarət izləri nədir bəs?”
Rafiq Ibayevin sözlərinə görə isə oğlanlarının meyitini mülki geyimli şəxslər gətirib: “Bilmədik kimdirlər. Dedilər hərbi hissədən gəlmişik. Amma ”qrajdanski” formada idilər. Meyiti açmağa imkan vermirdilər. Biz israr elədik və meyiti açdıq. Oğlumun bədənində xəsarət izləri var idi. Siqaretlə bədənini yandırmışdılar, təpik izləri, qançırlar var idi. Oğluma işgəncə verib, sonra da öldürüblər”.
Ismayıl Ibayevin valideynləri bildiriblər ki, övladlarını dəfn etməyiblər. “Elə-belə üstünə torpaq tökmüşük. Gözləyirik ki, gəlib baxsınlar, gözlərilə görsünlər ki, balamızı nə hala salıblar. Amma hara şikayət edirik nəticəsi yoxdur”.   
Iradə Məmmədova onu da əlavə edib ki, övladının meyitini yarıb daxili orqanlarını satıblar: “Mən bunu meyitə baxandan sonra gördüm. Oğlumun orqanlarını satıblar. Bu qədər Allahsızlıq olmaz. Öldürməkləri bəs deyil, orqanlarını da satıb pul qazanıblar. Biz tələb edirik ki, hökumət bu işə baxsın. Prezident Aparatına getmişdik, bizi qəbul eləməlidər. Hər yerə teleqram vurmuşuq. Cavab gəlməyib. Ona görə də gəlmişik Bakıya, istəyirik şəxsən prezidentin, müdafiə nazirinin, prokurorun qəbuluna düşək. Burada qalmağa yerimiz də yoxdur, küçədə gecələyirik”.

Hikmət