«Samsung» «Galaxy S Duos» smartfonunu çıxarır

Cənubi Koreyanın «Samsung Electronics» şirkəti iki SİM-kartı dəstəkləyən yeni «Galaxy S Duos» smartfonunun rəsmi təqdimatını keçirib.

«APA-ECONOMICS»in məlumatına görə, yeni smartfon 3G şəbəkəsini dəstəkləyir və qurğu artıq sentyabr ayında Avropada, daha sonra isə dünyanın digər ölkələrində satışa çıxarılacaq. Yeni smartfonun qiyməti hələ məlum olmasa da, telefonun xarakteristikasını nəzərə alsaq, qiymətin o qədər də yüksək olmayacağı gözlənilir.

«Samsung»un yeni smartfonu «Android 4.0.4 Ice Cream Sandwich» əməliyyat sistemi əsasında işləyir. «Galaxy S Duos» smartfonu «Galaxy S» dizaynında hazırlanıb və «Samsung Galaxy» xəttinin smartfonlarına xas texniki xüsusiyyətlərə malikdir. Yeni qurğu 1 QHs takt tezliyində işləyən mobil prosessora və 4 QB daxili yaddaşa malikdir. Akkumulyatorun tutumu 1 500 mA/saat təşkil edir. «S Duos» smartfonuna, həmçinin «Samsung ChatON» rabitə xidməti quraşdırılıb. Bu xidmət telefonun bütün istifadəçilərini vahid cəmiyyətdə birləşdirir və onların bir-biri ilə əlaqə saxlamasına imkan yaradır.

Smartfonun ekranı 4 düyüm, arxa kamerası 5 meqapiksel, qabaq kamerası isə 0,3 meqapiksel təşkil edir. Yeni qurğunun qabaritləri 121,5×63,1×10,5 mm, çəkisi isə 120 qram təşkil edir.