Köləliyin cavanlaşması

Dünən mən bu sətirləri yazmağa başlayarkən saytların birində Azərbaycanda infarktın cavanlaşması barədə bir araşdırma vardı, orada rəsmi statistika və həkimlərin müşahidələri əsasında yazılırdı ki, təxminən 10 il əvvələdək bu xəstəlik 50-55 yaş üçün xarakterik idi, amma tədricən bu rəqəm “gəncləşib”, 2000-ci illərin ortalarında 45-50 olub, hazırda isə 40-45 yaş civarındadır. Bunun səbəblərini dərindən təhlil etməyə ehtiyac yoxdu, bu qədər əxlaqsızlığın və ədalətsizliyin, haqsızlığın, səfalətin içində ürəkmi dözər?
Amma məsələ burasındadır ki, cavanlaşan yalnız fiziki xəstəliklər də deyil. Yalançılıq, yaltaqlıq kimi mənəvi bəlalar, əxlaqi xəstəliklər də sürətlə cavanlaşır. Məsələn, biz əvvəllər görürdük ki, adamlarda yaltaqlıq əksərən 40-50 yaşdan, həyatda müəyyən mövqe tutandan, özünü bu və ya başqa formada təsdiq edəndən, ən yaxşı halda külfət adamı basandan, qayğılar çoxalandan sonra baş qaldırır. Əlbəttə, istisnalar həmişə var, amma bu qaydanı dəyişmir.  
Indi isə baxırsan, bığ yeri yenicə tərləyən, hələ həyatın heç bir tərs üzü ilə rastlaşmayan, həyatda hələ heç bir şəxsi nailiyyəti olmayanlar da bir göz qırpımında min ilin yaltağına, məddahına çevrilə bilir, adama elə gəlir ki, bunun, ümumiyyətlə, anası yalan, atası yaltaqlıq olub, bunun göbəyi də irtica ilə bir yerdə kəsilib, buna beşiyi başında layla əvəzinə “Yaşa, prezidentim, yaşa” oxuyublar. Elə bil ana südü əvəzinə, “Şahdəniz” nefti ilə mayalanıblar, elə bil ilk dəfə dil açanda bunlar “ana”, “ata” yerinə “yaxşı maaş”, “babat qonorar”, “Jalə”-zad deyiblər. Ümumiyyətlə, elə bil bunları heç əkib-doğmayıblar da, eləcə, damla-damla toplayıblar.
Bax ən qorxulusu, ən pisi də budur. Biz artıq yalanın, yaltaqlığın həyat normasına çevrildiyi ölkədə də yaşamırıq. Biz həm də artıq yalan və yaltaqlığın insanın yaranış səbəbi, dünyaya gəlmə faktına çevrilməyə başladığı ölkədə yaşayırıq. Bu sadəcə, dəhşətdir. Bu, bir xalqın gələcəyinin mənəvi məhvidir. Bu, əxlaqi genosiddir.
Bəli, Əliyevçi rejimi bəlkə də bütün quldurluqlarına, oğurluqlarına, talanlarına görə bağışlamaq olar. Oğurlanan pulları geri qaytarıb Azərbaycana vurulan maddi zərərin bir hissəsini ödəmək də mümkündür. Bəs bu mənəvi yaralar? Bəs bu mənəvi xəstəliklər? Onları necə sağaldacağıq? Yalançılığın, yaltaqlığın, köləliyin az qala beşikdən başlamasının bədəlini necə ödəyəcəyik? Ictimai əxlaqsızlığın bunca cavanlaşmasının, həyatın başlanğıcına cevrilməsinin zərərlərini necə aradan qaldıracağıq?
Bax budur əsas məsələ!
Əsas məsələ və əsl faciə!

***

Bu günlərdə Maksim Qorkinin öz müasirləri haqqında yazdıqlarını oxuyurdum, onun Çexov barədə xatirələri məni daha çox sarsıtdı.
Çexov Qorkiyə deyirdi: “Bu gün bütün Rusiya bir növ acgöz və tənbəl adamların məkanıdır. Onlar həddən çox yeyir, içir, gündüz belə yatmağı xoşlayır, yuxuda da xoruldayır. Evdə səliqə-sahman olsun deyə evlənir, cəmiyyətdə hörmət qazanmaq üçün isə məşuqə saxlayırlar. Psixologiyaları da itinkinə oxşayır: döyüləndə astadan zingildəyir, öz damlarına çəkilib gizlənirlər, onlara mehribanlıq göstərəndə isə arxası üstə çevrilib pəncələrini yuxarı qaldırır, quyruqlarını bulayırlar”.
Bu yalnız, o vaxtkı Rusiya üçünmü deyilib? Orada bugünkü Azərbaycanı görmək o qədərmi çətindir?
Hə, Çexov Qorkiyə bizim yazımızın mövzusu haqqında da danışıb və yazıya da ən gözəl sonluq o sözlər olardı: “Gənclik çağında mütilik adama əhəmiyyətsiz, hətta məzəli bir şey kimi görünür, amma bu, zəhər və dəm qazı kimi onun beyninə işləyir, bütün varlığını boz bir dumana bürüyür, beləcə, insan paslanmış köhnə lövhəyə oxşayır: sanki orada nəyinsə təsviri verilib, amma nəyin? Bax bu, bilinmir!..