Təklifi Fransanın müdafiə naziri irəli sürüb
Suriyada vətəndaş müharibəsi davam edir. Paytaxt Dəməşqdə üsyançılarla hökumət qüvvələri arasında şiddətli döyüşlərin davam etdiyi bildirilir. Bəşər Əsədin əmrindəki əsgərlər müxaliflərin mövqelərini tank və top atəşinə tutub. Hücum nəticəsində azı 32 nəfərin öldüyü deyilir. Hələb şəhərində də qızğın döyüşlər gedir. Hökumət qüvvələri bu şəhərdə də üsyançıları ağır hərbi texnika ilə hədəfə alıb.
Bu arada ABŞ və Türkiyə rəsmilərinin Suriya məsələsini müzakirə etdiyinə dair xəbərlər yayılıb. Danışıqlarda Suriyada uçuşa qadağan bölgənin elan olunması, müxaliflərə dəstək və Əsədsonrası prosesin ələ alınması müzakirə olunub. Bununla yanaşı Fransanın müdafiə naziri Jan Iv le Drian beynəlxalq ictimaiyyətin Suriya hava məkanının bir hissəsinin uçuşa qadağan bölgə elan edilməsi təklifinin nəzərdən keçirməli olduğunu söyləyib.
“France 24″ televiziya kanalına açıqlama verən nazir Suriya hava sahəsinin tamamilə uçuşa qadağan bölgə elan edilməsi təklifinin müharibəyə başlamaq anlamı daşıdığını deyib. O, bu təklifin beynəlxalq birlik tərəfindən dəstəklənmə ehtimalının aşağı olduğunu da bildirib. Müdafiə naziri Hələb şəhərinin uçuşa qadağan zona elan olunması təklifini irəli sürüb.