Hafiz Hacıyev ciddi adamdır, həm də çox ciddi!

Dəfələrlə yazmışam, bir daha yazıram: Prezident Administrasiyasında iki ciddi, məntiqli, ağıllı adam varsa, – kamança ustadı Habil Əliyev sözü olmasın, – onun üçü Əli Həsənovdur.Adamın divanə olmadığını, ağzını açıb-gözünü yummadığını hamımız bilirik. Bəzi məqamlarda hətta daşdan keçən məntiqi də özünü göstərir. Ancaq adam neyləsin, nə qayırsın, nə tövr yapsın ki, ən qalmaqallı məsələlərdə onu qabağa verirlər?!

Yadımdadır ki, dünyanın aparıcı media qurumu Ilham Əliyevin Dubayda villalar aldığını yazanda, hamı üzünü tutmuşdu Əli Həsənova. Niyə, nə istəyirsiniz bu kişidən? Bu Əli müəllim nə deməlidir, axı, nə yapışmısınız yaxasından?
Yazıq (Allah yazıq eləməsin) bircə cümlə, “Prezidentimizin qudası Araz Ağalarov məşhur iş adamıdır” – deməklə və alınan villaların yeri axtarılan pulunu “qudanın” üstünə atmaqla canını qurtarmağa çalışdı.
Pah, tozanaq qopmadımı, suçlamalar başlamadımı? Daha fikirləşmirlər ki, Əli müəllim başqa nə deməliydi? Deməliydi ki, o villaları neft pullarıyla almışıq?

Adamı göndərirlər “gedər-gəlməzə”, sonra da deyirlər ki, hardasan?

Indi də eləcə – yapışıblar yaxasından ki, Əli müəllim, Hafiz Hacıyevin iddiası ilə Əbülfəz Elçibəyin zəhərlənməsi mövzusunda başlayan cinayət işinə münasibət bildir!
Nə desin adam? Desin ki, Hafiz Hacıyev qeyri-ciddi adamdır və ona əhəmiyyət verməyin? Yoxsa desin ki, Hafiz Hacıyevi özümüz ortaya atmışıq, məqsədimiz ayrıdır?
Deməz – elə şey eləməz Əli müəllim. Ərz etdik axı, adam çox məntiqlidir və ona görə də məcburən deyib ki, cinayət işinin açılması üçün müraciət edən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev ciddi adamdır. Hətta iqtidarın siyasi oyununa haqq qazandırmaq missiyasının ağırlığı altında əziyyət çəkən bu məntiqli adam, “Açıq deyim ki, mən Hafiz Hacıyevin qeyri-ciddi şəxs olması barədə fikirləri bölüşmürəm. Hafiz Hacıyev normal bir Azərbaycan vətəndaşıdır…” bəyanından sonra təbliğatı bir az da gücləndirmək, Baş Prokurorluğa müraciət edənin “lap ciddi” adam olduğunu isbatlamaq üçün müsahibəsinin sonunda dübarə “qeyri-ciddi” məsələsinə qayıdıb: “Hafiz Hacıyev ciddi insandır”.

Mən Əli Həsənova inanıram

Doğrudur, tanınmış ictimai fəal Bəxtiyar Hacıyev öz qohumu Hafiz Hacıyevi “qeyri-ciddi” adam saymışdı və demişdi ki, “Görünür, məni vurmaq üçün axtarıb-axtarıb Hafiz Hacıyevi tapıblar” (http://www.icmal.az/fullstory.php?news_id=56128). Yəni Hafiz Hacıyev cəmiyyətdə o qədər qeyri-ciddi adam hesab olunur ki, Bəxtiyar Hacıyev onunla qohumluğunun qabardılmasını “vurulmaq” kimi qiymətləndirmişdi…
Buna baxmayaraq, Əli müəllimin sözlərinə inanmağın tərəfdarıyam. Həm də: noolsun qohumdur və Hafiz Hacıyevin xarakterini əla tanıma ehtimalı var? Axı, kimdi Bəxtiyar Hacıyev ki, Əli müəllimə deyil, ona inanım?!
Əli müəllimə nəinki inanıram, tam əminəm ki, Hafiz Hacıyev ciddi adamdır, onun sözünə, açıqlamalarına, müraciətlərinə dövlətin rəsmi qurumları mütləq reaksiya verməlidirlər və Elçibəyin zəhərlənməsi ilə bağlı ərizəsinə də cinayət işi açılması haqlıdır.
Ancaq bu ciddi adamın – Hafiz Hacıyevin – “ciddiliyi” bu gün bəlli olmayıb ki?! Adam illərdir “ciddi-ciddi” açıqlamalar verməklə məşğuldur.

Əli Həsənovun etirafları

I4 fevral 2010-cu ildə “Lent.az” saytına verdiyi açıqlamada Hafiz Hacıyev deyir: “Bunlar (hakimiyyət) türmədə jurnalistin cibindən heroin tapmağa öyrəşmiş insanlardır!”
Vay, dədə, vay, Hafiz Hacıyev Azərbaycan iqtidarını jurnalistin cibinə heroin atmaqda ittiham edir və Əli Həsənov da bu cür adama “ciddi adam” deyir.
Belə çıxır ki, Əli Həsənov cibimizə narkotik atılmasını etiraf edir? Bəs, bu “ciddi adam”ın ittihamlarına Baş Prokurorluq niyə reaksiya vermir?

II

15 aprel 2011-ci ildə “Kanal13″-ün ”Açıq sual” verilişində (linki budur: http://www.youtube.com/watch?v=nCzAeBr7sHc) Hafiz Hacıyev deyib ki: “Əlimdə sübut var, Ilham Əliyevin ətrafında olanlar dövlət çevrilişi üçün plan hazırlayıblar”.
Və Əli Həsənov belə adamı “ciddi adam” sayır! Əli müəllimin o dövlət çevrilişindən xəbəri vardımı? Onun qarşısını almaq üçün “ciddi adam”la birlikdə hansı qabaqlayıcı tədbir hazırlayıb? Bu barədə cəmiyyətə “ciddi-ciddi” niyə açıqlama verməyib?
Bəs, Baş Prokurorluq bu məsələdə niyə ləng tərpənib?

III

Sözügedən müsahibədə Hafiz Hacıyev aydın mətnlə deyir ki, “Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Ilham Əliyevə xəyanət edir, erməni mənşəli şəxsləri vəzifələrdə oturdur”.
Bahoo… “ciddi adam” çox ciddi məsələlərə toxunur ki! Əli müəllim bu sözlərin də qarşısında Hafiz Hacıyevi “ciddi adam” sayırsa, belə çıxır…
Əstəğfürullah! Olmaz belə şey! Yəni Ramiz Mehdiyevi bu cür “ciddi adamın” əliylə aşırmaq istəyir Əli müəllim?
Inanmaram!

IV

“Kanal13″-dəki müsahibəsində ”ciddi adam” deyir ki, “Atamın əmisi oğlu Vilyam Hacıyev Samux rayonunun icra başçısıdır. Rüşvətxorun, korrupsionerin biridir. Ünvan verirəm, get tut da! Vilyam deyir ki, mən yığıram, Ramiz Mehdiyev əlimdən alır…”.
Belə çıxır ki, Əli Həsənov Hafiz Hacıyevi “ciddi adam” saymaqla Ramiz Mehdiyevin korrupsioner, rüşvətxor olması ilə bağlı deyilənlərə şərik çıxır? Bəlkə, o böyüklükdə ağsaqqal akademikə “ermənilərin himayəçisi, xəyanətkarların başında duran, rüşvətxor” deyən şəxsi dəstəkləməklə Ramiz Mehdiyevin “şərlənməsi” əməliyyatında rol alır?..
Adam başını itirir, vallah!
“Ciddi adam”ın səsləndirdiyi bu dəhşətli faktların içində itib-batmışam, doğrusu, hansından yapışmaq lazım olduğunu bilmirəm. Istəyirəm, Hafiz Hacıyevin çox hörmətli Ramiz Mehdiyev, məmurlar, nazirlər haqqında dediklərinə əhəmiyyət verməyəm, bu sözləri “qeyri-ciddi” hesab edəm, tarrapp, Əli müəllimin sözləri gəlir durur gözümün qabağında: “O, ciddi adamdır!”
Bəs, bu “ciddi adam” Ramiz Mehdiyevi ciddi məsələlərdə suçlayıb, axı? Mən nə qayırım, kimə inanım, nə təhər edim, a millət?
Bunlarla bitsəydi, nə vardı ki!

V

Görün bu “ciddi adam” 9 noyabr 2010-cu ildə “Yeni Müsavat” qəzetinə müsahibəsində nə deyir! “Parlament seçkiləri bütün ölkə boyu rüsvayçı şəkildə saxtalaşdırılıb. Azərbaycan tarixində bu seçkilər ən dəhşətli saxtakarlıqla keçirilən seçkilərdir. Bu seçkilər Azərbaycan tarixinə ləkədir. Əhalinin 80 faizindən artığı seçkiyə gəlmədi…”.
Əli Həsənov Hafiz Hacıyevi “ciddi adam” saydığından, yəqin, 2010-cu il parlament seçkilərinin “rüsvayçı şəkildə” saxtalaşdırılmasını və Azərbaycan hakimiyyətinin tariximizə “qara ləkə” vurmasını da təsdiqləyir…
Zibili çıxdı ki! Belə şey olar? Indi iqtidarın ağır artilleriyalarından olan Əli Həsənov öz hakimiyyətinin seçkiləri saxtalaşdırdığını etiraf etməlidir ki, nə var-nə var, Hafiz Hacıyev “ciddi adam” kimi ortaya çıxsın?

Oliqarxların fahişələri seçkilərdə

Həmin müsahibədə Hafiz Hacıyevin dediyi bu söz adamı lap dəhşətə salır: “Bəzi oliqarxlar saxladıqları fahişələrini parlamentə salmaq üçün kapitallarını xərclədilər. Oliqarxların saxladığı fahişələr bir sıra məntəqələrdə qalib gəldilər…”
Deməli, Hafiz Hacıyev Milli Məclisə “oliqarx fahişələrinin” düşməsindən narahatdır. Əli Həsənov öz “ciddi və normal adamının” bu məntiqinin qarşısında nə deyir?

Hafiz Hacıyevi hansı şarlatan aldadıb?

Hafiz Hacıyev – bu dəhşətli dərəcədə “ciddi adam” – şər atdığı, damğaladığı insanlardan da üzr istəyir həmin müsahibəsində: “Məni aldadıb başqalarına şər-böhtan atdırıblar. Mən şər-böhtan atdığım insanlardan üzr istəməyə hazıram. Mən ölümə də layiqəm, çünki dostlarıma lazımsız ifadələr işlətmişəm. Onlardan – müsavatçı, cəbhəçi qardaşlarımdan üzr istəyirəm… Isa Qəmbərlə, Əli Kərimli ilə və digər müxaliflərlə bir yerdə Azərbaycanı xilas etmək uğrunda mübarizəyə başlamağa hazıram…”.
“Əli Kərimliyə qarşı elədiyim hərəkətlərdən vicdan əzabı çəkirəm” – deyən “ciddi adam” bu sözlərlə hakimiyyətin ayrı-ayrı şəxsləri tərəfindən aldadıldığını bütün çılpaqlığı ilə ortaya qoyur. Kim aldadıb Hafiz Hacıyevi, Əli müəllim? Hansı şarlatan Hafiz Hacıyevi başqalarına şər atmağa vadar edib? Bu cür “ciddi adam”ı niyə aldadırlar?..

Çətin məsələdir…

Hətta çox çətin! Əli Həsənov gərək Hafiz Hacıyevin 3 ildir səsləndirdiyi bu sözləri bircə-bircə ciddiyə aldıra ki, sonra ona dediyi “ciddi adam” fikri tam təsdiqini tapa!
Hafiz Hacıyevin dediklərini ciddiyə aldırmaqdan ötrü isə… Milli Məclis buraxılmalı, Ramiz Mehdiyev, “Ramiz Mehdiyevin erməniləri” və dövlət çevrilişində suçlu bilinənlər bir-bir ifşa olunmalı, xalqı talayan oliqarxlar hamısı həbs edilməlidir…

Belə şey mümkünmü?

Qoymurlar da… Qoymurlar Əli müəllim oturub öz işiylə məşğul olsun! Harda bir qeyri-ciddi, biabırçı iş var, verirlər kişini qabağa ki, “düz-qoş” elə! Adam haçana qədər belə məntiqsizliklərə haqq qazandırmaqla öz məntiqini xərcləməlidir?
Olmasın Əli müəllim, olsun Nitşse, Hegel, Kant, Aristotel, Platon… və ya sofistlər! Bu “qeyri-ciddiliyi” sofistlər “ciddi” kimi tanıda bilməzlərsə, bax, Əli müəllim neyləsin?