Dustaq qardaşına “ağıl məktubu”

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

“Salam. Bu məktubu sizə yazmaqda xüsusilə qərəzli bir niyyətim yoxdur. Əksinə, xoş niyyətlə yazıram. Sadəcə, bəzi səbəbləri mövcud nəticələrlə uzlaşdırıb müəyyən qənaətlərə gəldim və buradakı əzizinizin həyatını asanlaşdırmaq üçün bir təklifimi sizə göndərmək istədim. Uzun müddətdir (artıq bir il yarımdır) ki, həbsxanada, əsasən də narkomanlar arasında qaldığımdan, onların hekayətlərini dinləmək imkanlarım çox olub. Mən narkomanların necə və hansı şəraitdə həbs edildiyini, bu fəlakətin onları, əsasən hansı şəraitdə yaxaladığını yaxşı bilirəm. Bilirəm ki, rayon (şəhər) polis idarələrinin narkotiklərə qarşı mübarizə şöbələrinin əməkdaşları əldə etdikləri operativ məlumatlar əsasında plan qururlar. Çox zaman bu operativ məlumatları onlar özləri yetişdirirlər. Belə ki, iki-üç nəfərlik xırda narkoman qruplarının arasına öz ”doğma narkomanlarını” agent olaraq yerləşdirirlər. Onlar bu agentləri, bir qayda olaraq, özləri narkotiklə təmin edirlər və vaxtaşırı da onların hesabına əməliyyat şəraiti yaradırlar. Bu əməliyyat şəraitinin nə demək olduğunu geniş izah etmək istəmirəm; Sumqayıt kimi şəhərdə yaşayan adamlar olaraq bu təfərrüatları məndən yaxşı bilirsiniz, düşünürəm. Qərəz, polis, mənşəyinin səmimiyyət səviyyəsindən asılı olmayaraq, müəyyən əməliyyatlar hazırlayır, əməliyyat hazır olanda da yalnız bu əməliyyat qrupunun üzvləri hara gedəcəklərini, kimi və hansı şəraitdə yaxalayacağını dəqiq bilir. Həbsi gözlənilən, ovuna çıxılan adam isə özünün cari həyatı ilə məşğul olur. O, haradansa əldə etdiyi heroini öz mübarək damarlarına axıtmaq üçün texniki vasitələr axtarışındadırmı, heroini indi bu dəqiqə əldə edibmi, ya əldə etdiyi heroini indi bədəninə yeritməyə ehtiyacı olmadığı üçün onu özünün gizli saydığı bir yerdə yerləşdiribmi, ya ümumiyyətlə, narkotikə dəxli olmadan sadəcə, həbsinə şərlənmək hesabına qərar verilmiş birisidirmi?.. Müxtəlif detektiv ssenarilər ola bilər. Amma günün birində şəhərin bir başından, konkret olaraq, Sumqayıtda “katej” adlanan yaşayış rayonundakı “Qorotdel” adlanan Polis Idarəsindən çıxan əməliyyat qrupu şəhərin başqa ünvanından hərəkət etməyə başlayan, yaxud köhnə avtovağzal ərazisində, 9-cu mikrorayonda, “Şərq bazarı”nın həndəvərində, 41-ci məhəllə tərəfdə hərlənən, hansısa çayxanada əyləşən bir narkomanla hansısa “x” koordinatında görüşür. Bu zaman narkoman onu nə gözlədiyindən tam xəbərsiz olur. Ona elə gəlir ki, aylardır, illərdir davamlı qaydada izlədiyi bu gündəlik qrafik barədə heç kimdə məlumat yoxdur. Buna görə də evdən çox arxayın çıxır. Əlbəttə, əgər o, bu gün həbs ediləcəyini və buna qarşı hər hansı təhlükəsizlik tədbirinin mənasız olduğunu kəskinliklə bilsə, hazır olar, bütün müxəlləfatını da özüylə götürər, hətta zənn edirəm, polisin əməliyyat qrupunun da artıq zaman və enerji xərcləməsi hesabına qəzəb əldə etməsinə razı olmaz: gedib Polis Idarəsinin qarşısında oturar, növbətçiyə “mən hazır” deyib, özünün oradakı təcridxanaya daxil edilməsini səbrlə gözləyər. Amma heç zaman belə olmur. Günün ortasında, axşama doğru hansı aqibəti yaşayacağını bilməyən narkoman tamamilə arxayın şəkildə şəhərə çıxır və… əməliyyat qrupu tərəfindən qəflətən yaxalanır. Sizin əziziniz və bizim barak yoldaşımız Rəşad da eynilə bu qaydada yaxalanıb. Buna görə də həbs olunduğu gün ona məxsus olan və burada – həbsxanada istifadəsi zəruri olan bir sıra predmetləri götürə bilməyib. Bu predmetlərin arasında xüsusi əhəmiyyəti ilə seçilən bir zərurət isə ona hökmən, nəyin bahasına olursa-olsun, lazımdır. Siz Rəşadın qardaşısınız, həm də qarşılıqlı münasibətləriniz, onun mənə danışdıqlarına əsaslansam, çox yüksək səviyyədədir, hətta siz, bu sarsaq vərdişindən əl götürəcəyi halda, onun günahından keçəcəyinizə söz vermisiniz və buna görə də müntəzəm olaraq onunla görüşə gəlir, onu tərk etmirsiniz. Onun evinə gedin, yatdığı çarpayının altına baxın; yaxud eyvana çıxaraq, orada sonradan düzəldilmiş rəflərdəkı boş mürəbbə və turşu bankalarının arasına göz atın; balkonun düz aşağısında, balaca baxçada Rəşadın əkdiyi ağacın dibində torpağı eşələyin; indi onsuz da heç kimin işlətmədiyi maşınının yük yerinə, ehtiyat təkərin böyür-başına nəzər yetirin… Hər halda, bu əşya oralarda bir yerdə olmalıdır. Bunsuz o, burada çox əziyyət çəkir. Elə biz də. Axı, biz davamlı olaraq onun əvəzinə hansısa qərarları qəbul edə bilmərik. Məsələ burasındadır ki, haqqında bəhs etdiyim bu zəruri predmet – ağıldır; Rəşadın ağlı bütünlüklə, ya da bir hissəsi üstündə deyil. O, həbs edilən gün, hətta ola bilər ki, həbs edildiyi zamana qədər uzun müddət ərzində bu vacib atributdan yararlanmayıb, ona ehtiyac hiss etməyib və buna görə də onu haradasa, mənim sadaladığım bu koordinatların birində unudub. Siz onun kiçik qardaşısınız, onun yanında, ona baxaraq böyümüsünüz və buna görə də onun ağlının harada ola biləcəyini dəqiq də olmasa, dəqiqliyə ən yaxın ehtimalla, fəhmlə bilməlisiniz. Xahiş edirəm, növbəti dəfə görüşə gələndə onu hökmən tapıb gətirin… Hörmətlə, filankəs. Imza, tarix”.
Məktubu yazıb səliqə ilə qatladım və Rəşada verdim, “gələn dəfə hökmən apar qardaşına ver”, deyib geriyə, öz kupemə qayıtdım. Rəşad böyük bir dustaq qrupu ilə o biri barakda – mənim köhnə barakdakı kupemdə oturmuşdu. O barakda biz Rəşadla kupe yoldaşı idik. Bir neçə dəqiqədən sonra oradan elə bir gülüş gurultusu qopdu ki, hələ tarixin qulağı belə dustaq şaqqıltısı eşitməmişdi. Tam mübaliğəsiz deyirəm ki, hasarın o üzündən, 50 metrlik uzaqlıqdan “DPNK” qaça-qaça gəlib özünü həyəcanla baraka təpdi. Amma dustaqların sadəcə olaraq gülüşdüyünü, həm də çox mehriban bir gülüşün içində boğulduqlarını, üstəlik bu şaqqıltının, hətta heç kimə qarşı ünvanlanmayan istehza gülüşü olmadığını görüb başını yırğalaya-yırğalaya geri qayıtdı.
Rəşad bu məktubu qardaşına çatdırdı!..
…Rəşad köhnə “OMON”-çulardan idi. Qarabağ müharibəsinin dəhşətlərini keçmiş, sonra Əliyevlə toqquşmanın faciəsini yaşamış, amma hələ də gəncliyini, nikbinliyi, fiziki gücünü qoruyub saxlamış adam idi. Orta boydan azacıq balaca boyu vardı. Çox qüvvətli idi. Hər gün səhər tezdən durub həyətdə idman edərdi. “Tutulmamışdan əvvəl axmaq-axmaq işlərlə məşğul olmaqdansa idman eləsəydin, indi nə burda olardın, nə də türmə gimnastikası ilə əzələ şişirtmək qayğısını çəkərdin” – deyirəm. Kövrəldiyi aşkar hiss olunur, amma özünü o yerə qoymur: “Yox, məndə kövrəlmək-zad hiss eləyə bilməzsən. Mən daha adam deyiləm. Vəhşiyəm. Mənim gözümün qabağında o qədər adamlar ölüb ki, mən humanizmdi-nədi, o hissi itirmişəm. Yəqin narkomanlığa da ona görə qurşandım ki, insanlıqda bir fayda görmədim. Odun-alovun içindən keçdim. Qollarımın üstündə, güllələrin altında əziz adamlarımın meyitlərini daşıdım. Gözümün qabağında ağ bayraq qaldıran igid-igid oğlanları gördüm. Onlar erməninin qabağında ağ bayraq qaldırmazdılar, qanlı cəsədlərini torpaqlara tökərdilər. Bu məni bir dəfə sındırmışdısa, özünü erməni saymayanların bu ağ bayraq qaldıran qəhrəmanları ot kimi biçməkləri məni on dəfə sındırdı. Sonra da bizə divan tutdular ki, niyə sağ qalmısız?! Aramızda diversant-istehkamçılar vardı… Məhkəmə onlara ən ağır cəzalar verirdi ki, Azərbaycanın yollarını, körpülərini, tikililərini partlatmısız. Bu diversantlar erməni ordusunun texniki qurğularını dağıdırdılar…”

ardı var