Çörək bahalaşacaq

Avqust ayının ortalarından başlayaraq ölkənin ticarət mərkəzlərində satılan unun qiymətində  bahalaşma müşahidə olunur. Iqtisadi və Sosial Inkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov “Olaylar”a bildirib ki, Azərbaycanda unun qiymətinin bahalaşması dünya bazarında qiymətlərin dəyişməsi ilə əlaqədardır.
Avqust ayından başlayaraq Rusiya və Qazaxıstan kimi taxıl istehsal edən ölkələrdə buğdanın qiymətinin artımı müşahidə olunur. Dünya bazarında isə bu artım 7,5 faizlə qeydə alınıb. Xüsusilə Rusiyada buğdanın qiyməti son bir ayda 6 faiz artıb. Eyni zamanda, Rusiya taxılın ixracı və satışınin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. Nəzərə alsaq ki, Rusiya taxıl idxalında Azərbaycanla əsas tərəfdaş ölkədir, bu halda taxıl idxalının məhdudlaşdırılması ölkəmizdə müəyyən dərəcədə taxıl qıtlığına gətirib çıxarmalı və qiymətlərin artımına təsir göstərməli idi. Azərbaycanda unun qiymətinin artmasına təsir edən digər amil mövsümün başa çatması, taxıl yığımının bitməsidir. Yəni əvvəlcədən ölkəyə gətirilmiş un məhsullarının satışı tamamlanır və yeni istehsal edilmiş taxılın bazara çıxarılması reallaşmayıb Bu isə bazarda istər yerli, istərsə də idxal taxılın qıtlığına səbəb olur ki, nəticədə unun qiyməti bahalaşır:”Bir sözlə, un məhsullarının qiymətinin artmasının əsas səbəbləri dünya bazarında baş verən bahalaşma, Rusiyada taxıl istehsalının 6 faiz azalması, bu ölkənin taxıl istehsalına qadağa tətbiq etməsi və mövsümlə əlaqədar olaraq ölkə bazarında un qıtlığının müşahidə edilməsilə əlaqədardır”. Iqtisadçının bildirdiyinə görə, hələlik un məmulatlarının qiymətlərinidə artımın müşahidə olunmaması sahibkarların əvvəlki qiymətə aldıqları undan istifadə etmələri ilə bağlıdır:”Lakin güman olunur ki, müəyyən müddətdən sonra unun qiymətinin artımı un məmulatlarında da hiss olunacaq. Güman olunur ki, sentyabr ayından başlayaraq un və çörək məhsullarının qiymətlərində də artımın müşahidə olunacağı istisna olunmur”.