kerimli-elcibey3

“Zəhərlənmə şousu”na Azərbaycanı tanıdan isimlərdən sərt təpki

kerimli-elcibey3Z.Xanlarova:“Əli Kərimliyə qara yaxırlar”; R.İbrahimbəyov:“Bu, Stalin dövrünün metodudur”; V.Quluzadə: “Kərimlinin nüfuzu artacaq”…

Əli Kərimliyə qarşı aparılan növbəti çirkin kampaniyanın məhz hakimiyyətdən qaynaqlandığı və 2013-cü il prezident seçkilərinə iqtidarın bununla start verdiyi şübhəsizdir. Bununla əslində hakimiyyət 2013-cü il seçkilərini də ənənəvi metodologiya və “qara piar” kampaniyası ilə keçirmək niyyətində olduğunu açıq şəkildə göstərir. Bu gün də ölkənin tanınmış ictimai-siyasi xadimlərinin fikirlərini diqqətinizə çatdırırıq:

Niyə Əli Kərimliyə bu qədər qara yaxırlar?

Xalq artisti Zeynəb Xanlarova da Ə.Kərimliyə qarşı irəli sürülən ittihamları yersiz sayır:
– Mən Londondayam. Amma bu xəbəri eşidəndə dözə bilmədim. Mən Əli Kərimlinin xətrini çox istəyirəm. Ona görə mən bu sözü deməliyəm. Ona qara yaxırlar. Əli Kərimli Elçibəyin xətrini çox istəyirdi. Onun haqqında bu şayiələri yalnız Əli Kərimlinin düşmənləri yaya bilər. İnana bilmərəm buna heç zaman. O, cavan adamdır. Niyə ona bu qədər qara yaxmağa çalışırlar?

Məqsəd Əli Kərimliinin syiasi fəaliyyətinə mane olmaqdır

Ziyalılar Forumunun təsisçilərindən olan tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov vurğuladı ki, baş verənlər hakimiyyətin böhtan yolu ilə rəqiblərinə qarşı necə mübarizə apardığını göstərir:
– Birincisi, bu cür iddia ilə çıxış etmək Elçibəyin ruhuna hörmətsizlikdir. Ona görə də bu cür ittihamları xalq heç cürə yaxşı qarşılamayacaq. Başqaları da gözəl bilir ki, bu əsassız uydurmalardır. Bu şəxsə sual vermək lazımdır əgər həqiqətən də bu baş veribsə, o, niyə on iki il susub? Burada məqsəd Əli Kərimli kimi hörmətli adamı hərəkətlərindən, fəaliyyətindən kənarlaşdırmaq, ona mane olmaqdır. Bununla çalışılır ki, Əli Kərimli diqqətini əsas fəaliyyətindən yayındırıb vaxtını belə şayiələrə sərf etsin. Fikir verin, demokratik düşərgənin diqqəti hazırda bu məsələyə yönəlib. Bu isə bir daha təsdiqləyir ki, böhtan atmaq bir siyasətdir. Böhtan atılan özünü müdafiə etməyə məcbur olur. Burada əsas məqsəd cəmiyyətdə xof yaratmaqdır. Baş verənlərdən başqaları nümunə götürsünlər ki, eyni yanaşma onlara qarşı da sərgilənə bilər. Bu daha çox Stalin vaxtının metodlarıdır.

Hakimiyyət Əli Kərimlini hədəfə alıb

İP Koordinasiya Şurasının üzvü, siyasi ekspert Zəfər Quliyevin fikrincə, baş verən prosseslər hakimiyyətin diqtəsi ilə reallaşır:
– Baş verənlər təsadüf deyil. Azərbaycanın siyasi səhnəsində təsadüfi proseslər baş verdiyini və ya təsadüfi proseslərin əsasında cinayət işi qaldırıldığını söyləmək olmaz. Hafiz Hacıyevin müraciəti hakimiyyətin düşünülmüş kampaniyasının başlanğıcıdır. Nəzərə alsaq ki, prokurorluq strukturları başqa müraciətlər olanda o qədər də operativ yanaşmırlar. Amma indi dərhal, özü də Elçibəyin ölümünün ildönümü ərəfəsində bu cür cinayət işi açırlarsa, aydın məsələdir ki, burada bir neçə siyasi məqsəd güdülür. Bir tərəfdən bu cür cinayət prosesi maksimum uzadılmağa çalışılacaq ki, hakimiyyət müəyyən dvidendləri qazana bilsin. Ilk baxışdan da görünür ki, bu cinayət işi bütövlükdə müxalifətə qarşı yönəlib. Prezident seçkiləri yaxınlaşdıqca hakimiyyət müxalifətin başını qatmaq və əsas məsələdən cəmiyyətin fikrini yayındırmağa çalışır. Eyni zamanda bu kampaniya hər şeydən əvvəl müxalifətin və Ictimai Palatanın əsas liderlərindən olan AXCP sədri Əli Kərimliyə ünvanlanır. Hesab edirəm ki, Əli Kərimli hadisələrin gedişindən asılı olaraq real təhlükələrlə üz-üzə qala bilər. Hakimiyyətin bu addımı eyni zamanda Elçibəyə qarşı hörmətsizlikdir. Vəfatının ildönümü ərəfəsində onun zəhərlənməsinin, özü də reputasiyası hamıya məlum olan şəxsin qaldırması təhqirdir. Cəmiyyətdə heç bir hörmətə və nüfuza sahib olmayan insanın bu absurd fikirləri söyləməsi hakimiyyətin Elçibəyə, müxalifətə münasibətini göstərir. Bu, hakimiyyətə uğurlar gətirməyəcək. Mən bunu yanlış addım sayıram. Taktiki cəhətdən hansısa xırda uduşlar ola bilər, lakin strateji baxımdan yanlış addımdır. Bu daha çox hakimiyyətin özünə qarşı işlənə bilər. Müxalifət özünü ciddi və düşünülmüş aparsa, bu cür sərt addımlardan özü qazana bilər.

Məqsəd AXCP sədrinə problem yaratmaqdır

Elçibəyin vəfatı ilə bağlı yayılan bu böhtanı pisləyən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu hesab edir ki, belə qeyri-ciddi iddia ilə çıxış etmək heç bir düşərgəyə, xüsusilə iqtidara yaraşmır:
– Burada da, əlbəttə, əsas hədəf AXCP sədri Əli Kərimli və ona problem yaratmaq təşəbbüsüdür. Hakimiyyət bununla müxalifət düşərgəsinin təmərküzləşməsini, 2013-cü il istiqamətində addımlarını koordinasiya etməsini, biraraya gəlməsini istəmir. Iqtidar bunu müxalifətin onun üzərinə mobil şəkildə ictimai təzyiqi yönəldə bilməsinin qarşısını almaq üçün həyata keçirir. Azərbaycanın əsas müxalifət gücü olan Ictimai Palatanın iki liderindən biri hədəfdədir. Həm də Elçibəy komandasının bütövlükdə hədəfə alınması deməkdir. Eyni zamanda hakimiyyətin 2013-cü il seçkilərində də ənənəvi texnologiyadan əlini çəkməyəcəyinin simtomlarıdır.

Hakimiyyət prezident seçkisinə start verdi

“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirdi ki, baş verənlərin hakimiyyətin ssenarisi üzrə getdiyini asanlıqla görmək olar:
– Burada bir neçə məqsəd var idi. Məqsədlərdən biri unudulmaqda olan Hafiz Hacıyevi yenə bu yolla gündəmə gətirməkdir. Hakimiyyətin ikinci ən vacib məqsədlərindən biri müxalifətin başını bu məsələnin müzakirəsinə qatmaqdır. Diqqət yetirin, artıq bir neçə gündür ki, sərbəst düşüncəli mətbuat başqa problemləri kənara qoyaraq bu məsələni gündəmə gətirir. Amma baş verənlər eyni zamanda onu da göstərir ki, hakimiyyət prezident seçkisinə hazırlığa artıq indidən start verib. Bu cür təbliğatla hakimiyyət prezident seçkilərində namizədliyini irəli sürə biləcək insanı indidən deskridə etmək istəyir.

Hakimiyyət korrupsiya əməllərindən diqqəti yayındırmağa çalışır

“ReAl” İctimai Birliyinin həmsədri İlqar Məmmədovun fikrincə, hakimiyyət bununla yenidən siyasi mübarizəni özünün korrupsiya əməllərindən yayındırmağa çalışır:
– Hakimiyyət yenidən siyasi-ictimai müzakirələri həqiqi mövzulardan yayındırmağa, köhnə gündəmlər əsasında qurmağa çalışır. Hakimiyyət Azərbaycanın siyasi həyatının məhz bu formada davam etdirilməsini istəyir. Əsas məqsəd bundadır. Nə qədər ki, bu cür mövzular Azərbaycanın siyasi gündəmini müəyyən edəcək, bu baxımdan yeni gündəmlərin ortaya çıxması, daha mürəkkəb, iqtidar üçün daha çətin mövzularda rəqabət əngəllənəcək. Səslənən ittihamın əslində heç bir əsasının olmadığını hər kəs bilir. Amma iqtidarın da məqsədi açıq görünür.

Müxalifət yenə də hədəfdədir

“Aydınlar” Partiyasının sədri Qulamhüseyn Əlibəyli hesab edir ki, hazırda cərəyan edən proseslər hakimiyyətin ümumilikdə müxalifəti hədəfə götürməsidir:
– Bu müraciət qeyri-ciddi bir addımdır. Onu edənin reputasiyası və hakimiyyətə xidmət etdiyi hamıya məlumdur. Sadəcə bu, hakimiyyətin maraqlarına cavab verir. Ümumiyyətlə, hakimiyyət müxalifətə qarşı yönəlmiş hər hansı addıma, aksiyaya dəstək verməyə hazırdır. Baş verənlərdən görünür ki, Əli Kərimlinin hədəf seçilməsi onun hakimiyyəti çox narahat etməsindən irəli gəlir.

Bu kampaniya Əli Kərimlinin nüfuzunu artıracaq

Politoloq Vəfa Quluzadənin də fikrincə, irəli sürülən ittihamlar çox ağlasığmaz və reallıqdan uzaqdır:
– Bu, düşünülməmiş bir addımdır və qarşısına qoyulan məqsədlərinə heç cürə çata bilməz. Əksinə, bu cür kampaniya ilə cəmiyyətdə Əli Kərimlinin nüfuzu daha da artmış olacaq, yəni aparılan təbliğat əks-təsir göstərəcək.

Hakimiyyət Əli Kərimlinin ona ciddi maneə ola biləcəyini anlayır

Media Hüquqları Institutunun rəhbəri Rəşid Hacılı da vurğuladı ki, Ə.Kərimliyə qarşı ittiham qeyri-ciddi olsa da, əsas diqqət hakimiyyətin sonra atdığı addımlara yönəlməlidir:
– Əsas məsələ sonra baş verənlərdir. Prokurorluq hüquqi yox, siyasi bir qərar qəbul edib və bu addımına müvafiq olaraq bəyanatla çıxış edib. Əslində bu, siyasi korrupsiya sayılmalıdır. Bu addımı ilə prokurorluq siyasi hakimiyyətdə olan qüvvəyə tərəfkeşlik edir. Məhz bu məqam qorxuducu tərəfdir. Bu bir daha siyasi sifarişlə hərəkət edildiyini göstərir. Burada hədəf də təsadüfi seçilməyib. Əli Kərimlinin adının bu məsələdə hallanması nümayiş etdirir ki, hakimiyyət onun fəaliyyətindən narahatdır. Hakimiyyət, belə görünür ki, Əli Kərimlinin yaxın dövrlərdə ona ciddi maneə ola biləcəyini anlayır. Elə məhz buna görə də qanunçuluğun keşiyində durmalı olan prokurorluq siyasi sifariş yerinə yetirir. Üzücü məqamdır. Bu da təsdiqləyir ki, Azərbaycanda dövlətçilik prinsipləri qorunmur və dövlətçilik institutları hələ də hakim siyasi qüvvənin əsiridir.

Xəyal

HƏMÇİNİN BAX:

Hakimiyyət Əli Kərimli ilə üz-üzə gəlməkdən qorxur

İctimaiyyətdən Əli Kərimliyə böyük dəstək

Məqsəd 2013-cü il seçkiləridir

“Bu cinayət işi hüquq tarixində böyük bir biabırçılıqdır”