Bakının “Neftçi” komandası UEFA Avropa Liqasının dördüncü mərhələsində ilk oyununu keçirib. Avqustun 23-də Azərbaycan paytaxtında Kiprin “Apoel” komandasını qəbul edən “Neftçi” heç-heçəyə qane olub – 1:1.
Türkiyənin “Bursaspor” komandası öz meydanında “Tvente”ni (Hollandiya) məğlub edib – 3:1. Qonşu ölkənin digər təmsilçisi “Trabzonspor”un “Videoton”la (Macarıstan) görüşündə isə hesab açılmayıb.
Cavab qarşılaşmaları avqustun 30-da keçiriləcək.
Azərbaycan UEFA-nın illik əmsallar cədvəlində 16-cı yerdə dayanır. Azərbaycan bu mövsüm 8 xal qazanıb. Bu rəqəm qitə turnirlərinə vəsiqə almış Azərbaycan klublarının sayına bölündükdə (4 komanda) 2,000 nəticə alınır.
UEFA klub reytinqi ölkələrin Avropa kuboklarında son beş mövsümdə qazandığı əmsallara əsaslanır. İlkin raundlarda qələbəyə 1, heç-heçəyə 0,5 xal verilir. Əsas mərhələlərdə isə komandalar qələbəyə 2, heç-heçəyə 1 xal alırlar. Çempionlar Liqasının qrup mərhələsinə düşmək 4, 1/8 finala çıxmaq 5, hər iki turnirin 1/4 final, yarımfinal və finalına yüksəlmək 1 bonus xalı deməkdir (media forum).