Azərbaycan hakimiyyətinin olimpiada macəraları haqqında çox yazıldı. Ətək-ətək pulların xarici idmançılara verilib ölkəmizin komandasına qatılmasından tutmuş, rüşvət qalmaqalına qədər. Təəssüf ki, xalqın başını idman medalları ilə qatmaq üçün çalışan hakimiyyətimizin bu oyunları bəzən yetərincə məlumatlı və təcrübəli adamlar da başa düşmür.
Çünki oyun olduqca həssas hisslərə hesablanıb. Azərbaycanın adının tanınması, himnimizin səsləndirilməsi, bayrağımızın yüksəldilməsi kimi məqamlar hamını çaş-baş salır və milli duyğular gerçəyi görməyə mane olur. Halbuki təhsilin, elmin, səhiyyənin problemlərini unudub, idmana bu qədər pul xərcləmək, həm də yanlış xərcləmək, idman uğurunu xalqın bir nömrəli problemlərinin həlli kimi qələmə vermək yaxşı niyyətə bağlı ola bilməz. Əksər müasirlik indeksləri siyahısında Azərbaycanın adı ən pis yerlərdədir. Azərbaycan ədalətin olmadığı, insan haqlarının tapdandığı, vətəndaşlarının bundan əziyyət çəkdiyi bir ölkədir. Üstəlik, bu vəziyyət ölkəmizin köklü inkişaf yolu tutmasına əngəl törədir, onun gələcəyinə kölgə salır…
Çünki ədalətsizlik inkişafın yox, tənəzzülün, zülmün, problemlərin səbəbi ola bilər. Ölkəmizin vətəndaşları isə ədalətsizliklərin acısını, ziyanını, ağrısını öz həyatında yaxşı hiss edir. Həm də bunun hər zaman böyüyən miqyasını görür. Baxın, bu hakimiyyət hətta böyük önəm verdiyi, az qala əsas milli hədəf kimi təqdim etdiyi olimpiada sahəsində də ədalətsizliyə yol verir. Göz görə-görə….
Qalib idmançılara olmazın dərəcədə yüksək məbləğdə pul mükafatının verilməsi ayrı bir mövzudur, amma qaliblərə vəd edilən mükafat sistemi də çox ədalətsizdir. Bilirsiniz ki, olimpiada oyunları başa çatdıqdan sonra əlil yarışçıların iştirak etdiyi paralimpiya oyunları başlayır. XXX Yay Olimpiya Oyunlarının keçirildiyi London şəhəri artıq XIV Yay Paralimpiya Oyunlarını keçirməyə hazırlaşır. Azərbaycanın əngəlli idmançılardan ibarət paralimpiya komandası da artıq bu yarışlara qatılmaq üçün hazırdır. Onlar da ölkəyə qızıl medallar gətirmək iddiasındadır. Hətta komanda azı 5 qızıl medal gətirəcəyini bəyan edib. Burada artıq iki dəfə çempion olmuş bir idmançımız da var. Həm də legioner deyil.
Amma Paralimpiya Oyunlarının qaliblərinə vəd edilən pul mükafatı nədənsə 2 dəfə azdır. Ilham Əliyevin bir sərəncamına əsasən, Azərbaycan idmançılarını və onların məşqçilərini XXX Yay Olimpiya Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədi ilə mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
– birinci yeri tutan hər bir idmançıya 400 min manat, onun məşqçisinə 200 min manat;
– ikinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
– üçüncü yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat.
Amma Ilham Əliyev bu günlərdə Londonda keçirilən XIV Yay Paralimpiya Oyunlarında Azərbaycan Respublikasının əlil idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında da sərəncam imzalayıb. Sərəncama əsasən, XIV Yay Paralimpiya Oyunlarında uğur qazanan əlil idmançılar və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
– birinci yeri tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;
– ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;
– üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat.
Fərqi gördünüz. Iki dəfə az. Bəs niyə? Əlillərin daha çox pula, daha çox qayğıya, daha çox sevgiyə ehtiyacı yoxdurmu? Daha çox olmasın, bəs niyə 2 dəfə azdır? Budurmu humanizm və humanizmin məhvəri olduğu Olimpiya Oyunları? “Oyun” sözü burada bir təsadüf deyil ki?!

Olimpiada qalibi olan əlil idmançıya niyə iki dəfə az pul verilir?
•