Anders Breyvik maksimal cəza aldı
Norveç məhkəməsi Anders Breyvikin anlaqlı olduğunu təsdiqləyib və onun 21 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. 21 il Norveç qanunvericiliyində maksimal müddətdir. Lakin həmin müddət bitəndən sonra Breyvikin cəmiyyət üçün hələ də təhlükəli olduğu qənaətinə gəlinərsə, o, həbsdə saxlanıla bilər.
Ittiham tərəfi onun anlaqsız olmasının qəbul edilməsini istəyib. Belə olan halda Breyvik müddətsiz məcburi müalicəyə cəlb olunmalı idi. Lakin terrorçu özü və vəkili məhkəmənin onun psixi cəhətdən sağlam olduğunun təsdiqlənməsinə nail olublar. Breyvikin qurbanlarının qohumları da onun anlaqlı olduğunu israr ediblər. Əks halda, norveçli törətdiyi dəhşətli qətllərə görə daha az məsuliyyət daşıyacaqdı.
Norveçli cani cəzasını “Ila” həbsxanasında çəkəcək. Burada terrorçu üçün yataq otağı, kabinet, idman zalı və tikanlı məftilli beton divarla əhatə olunmuş həyət ayrılıb. O, artıq bir ildir ki, bu həbsxanada yatır. Əlavə edək ki, Breyvik ötən il Norveçdə dəhşətli terror aktı törədib. Əvvəlcə o, Oslodakı hökumət evinin binası yaxınlığında bomba partladıb. Sonra isə hakim partiyanın Utoyya adasında təşkil etdiyi gənclər düşərgəsinin iştirakçılarına atəş açıb. Onun törətdiyi ikiqat terror nəticəsində 77 nəfər ölüb. O, qətl törətdiyini etiraf edib və bildirib ki, bu yolla siyasi bəyanat verərək, müsəlmanların Norveçdə çoxalmalarına qarşı çıxıb.