Əliyev İrana niyə getmir?

Elxan Şahinoğlu: “Belə bir şəraitdə Ilham Əliyev Tehrana səfər edə bilməzdi”

Azərbaycan prezidenti Ilham Əliyev Qoşulmayanlar Hərəkatının Tehranda bu ayın 26-da işə başlayacaq sammitində iştirak etməyəcək. Sammitin işə başlamasına az vaxt qalmasına baxmayaraq Əliyevin bu toplantıya qatılacağı barədə bir söz deyilmir.
Qeyd edək ki, ötən ay Qoşulmayanlar Hərəkatının sammitinə qatılmaq üçün Iran prezidenti Mahmud Əhmədinejad Əliyevə dəvət göndərib. Sammitə Azərbaycandan kimin qatılacağı da hələ məlum deyil. Xarici Işlər Nazirliyindən verilən məlumata görə, nazir Məmmədyarovun tədbirə qatılıb-qatılmayacağı ilə bağlı hələlik heç bir məlumat yoxdur. Azərbaycanın tədbirdə təmsil olunmaması ilk növbədə Bakı ilə Tehran arasında uzun müddətdi davam edən soyuqluqla izah edilə bilər. Ancaq bəziləri Əliyevin bu addımını Qərblə, xüsusən ABŞ-la münasibətləri yaxşılaşdırmaq yönündə səy kimi qiymətləndirir. Ancaq bu arqument əsaslı hesab edilə bilməz. Çünki əgər rəsmi Bakı belə bir niyyət güdsəydi, “antiAmerika bloku” sayılan Qoşulmayanlar Hərəkatına üzv olmazdı. Bu halda Ilham Əliyev Tehrana niyə getmir?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ölkə başçısının Tehrandakı sammitə getməməsini Iranın Azərbaycana qarşı yürütdüyü siyasətlə izah etdi. Ötən bir ildə Tehran Azərbaycanın ünvanına çoxsaylı ittihamlar yağdırıb. Həmçinin iki Azərbaycan vətəndaşı bu ölkədə faktiki girovda saxlanılır. Hətta onların sammit başlayana qədər azad edilcəyi gözlənilsə də, bu baş vermədi. Əgər həbsdə olan şairlər azad edilsəydi, Azərbaycanın bu sammitdə təmsil olunacağını gözləmək olardı.
Ekspertin sözlərinə görə, şairlərin azad edilməsi ilə bağlı Azərbaycandan Irana edilən müraciətlərin cavabsız qaldığı bir dönəmdə Əliyevin Tehrana səfər etməsi mümkün deyil: “Azərbaycan ictimaiyyəti, yazıçılar, ziyalılar Iranın rəhbərliyinə müraciət edib edib ki, iki vətəndaşımız azad edilsin. Bütün bu müraciətlər qulaqardına vurulub. Belə bir şəraitdə Ilham Əliyev Tehrana səfər edə bilməzdi”.
Ekspert Azərbaycanın bu tədbirdə ən yaxşı halda aşağı səviyyədə təmsil olunacağını qeyd etdi.

Fizzə