Sülhəddin Əkbər barəsində deyilənləri cəfəngiyyat adlandırdı
Əbülfəz Elçibəyin zəhərlənərək öldürüldüyünü iddia edən Hafiz Hacıyev daha bir yalan danışıb. Hafiz Hacıyev əvvəlcə bildirmişdi ki, AXCP sədri Əli Kərimli tərəfindən zəhərləndiyini Elçibəyin özü ona deyib.
Lakin bəlli olanda ki, o, heç vaxt Elçibəyin yaxın ətrafına daxil olmayıb və belə bir şey olsa idi mərhum prezident bunu yaxınlarına deyərdi, dərhal əvvəl dediyini dandı. Bəyan elədi ki, bu “faktı” ona Elçibəyin vəkili Adil Minbaşı deyib. Bu yalanın da üstü açılandan sonra Hafiz Hacıyev Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbərin adını hallandırmağa başlayıb. “Gündəm” qəzetinə açıqlamasında iddia edib ki, Elçibəyin Əli Kərimli tərəfindən zəhərləndiyini ona Sülhəddin Əkbər deyib. Özü də onunla birgə həbsdə olarkən.
ACP sədri isə “Azadlıq”a bildirib ki, Hafiz Hacıyevin danışdığı cəfəngiyyatdır. “Mən onunla birgə həbsdə olmuşam. Amma olmayan bir şey haqqında o adamla nə danışa bilərəm?! Axı belə bir bir şey yoxdur. Bunlar hamısı cəfəngiyyatdır”.