Azərbaycan DTT-yə üzvlüyü niyə ləngidir?

Azər Mehtiyev: “Prosesin uzanmasının əsas səbəbkarı inhisarçı-məmurlardır”

Uzun illərin danışıqlarından sonra Rusiya Dünya Ticarət Təşkilatına rəsmən üzv qəbul edildi. Rusiya rəsmi üzvlüklə qlobal ticarət qaydaları və ticarət müqavilələri tətbiq edən orqana qoşulmuş 156-cı ölkəyə çevrildi. Azərbaycanın qonşularında Gürcüstan və Ermənistan bu quruma üzvlüyünü xeyli əvvəl rəsmiləşdirib. Azərbaycan tərəfi isə DTT-yə üzvlüyün indiki məqamda ölkənin maraqlarına cavab vermədiyini iddia edir.
Xatırladaq ki, hələ bir müddət əvvəl Rusiya Azərbaycandan gedən mallarla bağlı müəyyən məhdudiyyət tətbiq etmişdi. DTT-yə üzv olduqdan sonra isə iki ölkə arasında ticarət əlaqələrində Azərbaycanın maraqlarına cavab verməyəcək dəyişikliklər gözlənilir. Belə olan halda qonşulardan fərqli olaraq DTT-yə üzv olmamaq öləmizə hansı problemlər yarada bilər?

Iqtisadçı-ekspert Azər Mehtiyev Azərbaycanın Dünya Ticarət Təşkilatından kənarda qalmasının ölkəmizə yaxşı heç nə vəd etmədiyini deyir. Çünki dünya ticarətinin 95 faizi 156 ölkənin üzv olduğu bu təşkilat çərçivəsində həyata keçirilir. Ekspertin sözlərinə görə, Azərbaycan DTT-yə üzvlüyü uzatmaqda hətta Çini də geridə qoyub. Əgər Çinin bu təşkilata üzv olması üçün 15 il lazım gəldisə, Azərbaycan artıq bu müddəti də geridə qoyub. Məlum olduğu kimi, DTT-yə üzv olmaq üçün ölkəmiz 1997-ci ildə müraciət edib. Kiçik iqtisadiyyatı olmasına baxmayaraq Azərbaycan bu prosesi uzadır və bunun da əsas səbəbkarı inhisarçı-məmurlardır: “Azərbaycanın rəsmiləri ölkənin Dünya Ticarət Təşkilatına üzv olmamasını ölkə iqtisadiyyatının hazır olmaması ilə izah edir. Guya bu təşkilata üzv olmaqla bizim itkilərimiz daha çox ola bilər. Ancaq əsas səbəb kimi inhisarçılıq amilini qeyd etmək lazımdır. Azərbaycan iqtisadiyyatında inhisarlaşma bilavasitə inhisarçı dövlət məmurları tərəfindən həyata keçirilir. DTT-yə daxil olmaq ilk növbədə bu inhisarçılığın aradan qalxmasına yönələ bilər. Bu təşkilata daxil olmaq Azərbaycanda gömrük sərhədlərinin açılmasına, xarici ticarətçilərin, xarici investorların ölkəyə daxil olmasına gətirib çıxara bilər. Ölkədə investisiya mühitini, rəqabət mühitini formalaşdıra bilər. Bu isə inhisarçılara sərf etmir. DTT-yə daxil olmaq Azərbaycan qanunlarının beynəlxalq ticarət qanunvericiliyinə uyğunlaşdırılmasına gətirib çıxara bilər. Yenə də bu dövlət məmurlarına, inhisarçılara sərf etmir”.
A.Mehdiyev Azərbaycanın DTT-yə daxil olmasının ləngiməsinin bilavasitə məmurların maraqlarına uyğun olduğunu qeyd etdi. Baxmayaraq ki, quruma üzvlük ölkə iqtisadiyyatına və istehlakçılara böyük uduşlar vəd edir. Ancaq Azərbaycanın DTT-yə daxil olmaması bu qurumun sərfəli ticarət şərtlərindən imtina etməsi deməkdir. Çünki əgər Azərbaycan DTT-yə daxil olsaydı, Rusiyanın bu gün yaratdığı bir sıra ticarət baryerlərinin qarşısı alınmış olardı və Azərbaycan malları daha rahat şəkildə Rusiya bazarlarına daxil ola bilərdi. Ancaq Azərbaycan bu addımı atmamaqla özü üçün problemlər yaradır.

Fizzə