Mən olayları şişirtməyi sevmirəm. Lakin olanları və reallıqları yazmamaq da günahdır. Son günlərdə baş verənlər mənə lap 37-ci ili xatırladır. Miqyas və kəmiyyət məsələlərində bəlkə də ifrata varıram. Amma itihamların məğzi və məzmunu, demək olar, eynidi. Elə 37-ci ildə də bu cür qurama, sifarişli və gülməli itihamlar irəli sürürdülər.
Ötən dəfə yazmışdım ki, ilahi, biz daha nə biabırçılıqlar görəcəyik, hansı biabırçılıqlardan keçəcəyik?.. Bu günlərdə bir detal məni xeyli güldürdü. Eşitdim ki, Türkmənistanda prezidentin göstərişi ilə ikinci partiya təsis edilib. Deməli, sovetlərin süqutundan bu vaxta qədər ölkədə cəmi bir partiya varmış, o, hakim Türkmənistan Demokrat Partiyası imiş. Güldüm və dərhal da özümü ələ alıb fikirləşdim ki, əcəba, biz onlardan çoxmu uzağa getmişik? Düzdür, bizdə belə partiyalardan onlarladır. Amma nəsə dəyişirmi? Birdən ağılma gəldi ki, Q.Berdımühəmmədova bir məlumat və yaxud da ki, ismarış yollayım. Deyim ki, bir az ürəkli olsun. Xəzərimizin o tayından hərdənbir bu taya da, Azərbaycana da boylansın. Bir daha deyim ki, bizdə o partiyadan azı 30 dənə var. Ona görə də neçə partiya istəyirsən, yarat, qəti qorxusu yoxdur!
Daha bir detalı deyim. Bir neçə ay əvvəl Q.Berdımühəmmədovun öz konsertini təşkil etməsi haqda yazmışdım. Xeyli gülmüşdüm. Lakin o vaxt da barmağımı dişləmişdim ki, biz çoxmu uzaqlara getmişik? Düzdür, I.Əliyev özü mahnı oxumur, amma müğənni kürəkəninin əlindən efirdə dinclik yoxdur! Nə isə. Adam bilmir, gülsün, ya ağlasın. Məni bu məsələ çox düşündürüb. Bilirsiniz, mən tacikləri, özbəkləri, qırğızları və türkmənləri, nəhayət, qazaxları tələbəlik vaxtı görmüşəm. Elə o vaxtdan bir detal yaddaşımdan silinmir. Orta asiyalı uşaqlar öz ölkələrinin adı çəkiləndə bir qədər sıxılırdılar. Əgər gürcülərin dilində Gürcüstan birinci söz idisə, bu uşaqlar öz ölkələrini yada salmamağa, ümumi “sovet kütləsi” içində əriyib yox olmağa çalışırdılar. Indi bütün keçmiş “homo sovetikuslar” azad olub. O azadlıq hərəyə bir şey verir. Kiməsə öz ölkəsində yaşayıb yaratmaq üçün bir imkan yaradırsa, başqa birisinə isə yalnız öz ölkəsini tərk etmək, köçüb getmək və bir daha buralara qayıtmamaq şansı verir. Bir az da ciddi olsaq, əslində bizi türkmənlərdən nə fərqləndirir?
Burada bir Amerika filmi yadıma düşür. Bəli, o filmdə qəhrəman deyir ki, mən, heç olmasa, cəhd etdim! Bəli, bizdə cəhd edən və nəyisə dəyişməyə çalışan insanlar var. Ola bilsin, kimsə yorulur, geri çəkilir, amma onun yerinə başqa birisi gəlir və o, bu rejim, bu zülm haqqında öz fikrini deyir. Bəli, hələ ki deyirlər!.. Bəzən də elə olur ki, dediklərimizin və yazdıqlarımızın bir hissəsi bumeranq olub özümüzə dəyir.
Bizim məsuliyyətimiz nədir?
Bizi o bumeranq qorxutmur, sadəcə yorur, bezikdirir. Mən heç vaxt o fikirlə barışmamışam ki, hər bir xalq öz hökumətinə layiqdi. Ən azı ona görə ki, bu dünyada iki Koreya dövləti var və bunlar bir-birinin əksidir. Indi gəlin, birgə müəyyən edək, görək ki, Koreya xalqı o dövlətlərdən, o rejimlərdən hansına layiqdir? Etiraf edin ki, çətin məsələdi. Amma məsuliyyəti də inkar etmək və “mənlik deyil”- deyib kənara çəkilmək fikrinin də tərəfdarı deyiləm.
Bu rejim, bu siyasi idarəçilik üsulu bizim hər birimizin birgə məhsuludur, burada bizim hər birimizin – sənin, mənim və onun payımız var… Bir daha 37 məsələsinə qayıtmaq istərdim. Məni bu məsələdə ən çox ittihamların oxşarlığı, sanki bir məntiqdən törəməsi maraqlandırır. Mən 37-ci ildə repressiyaya məruz qalan kommunistləri müdafiə etmək fikrində deyiləm, əgər bu cinah üstün olsaydı çox güman ki, o biri cinahı məhv edəcəkdi. Lakin o vaxt ömrünü kommunist ideyalarına həsr etmiş insanları elə kommunizm ideyasına xəyanət etməkdə suçladılar. Bax, qəribəlik də bundadır.
Indi bizdə də ömrünü bir yerdə vahid bir amal uğrunda mübarizəyə həsr etmiş insanları, nə az, nə çox, bir-birinə qəsd etməkdə suçlayırlar! Bax, məntiq və üsul oxşarlığı budur. Bunu elə 37 kimi qəbul etməyib, nə edək? Oxşarlıq göz önündədi. Özü də bu zahiri, ötəri oxşarlıq deyil, mahiyyət oxşarlığıdır…

37-ci ilin məntiqi
•