17-ci “zon”da “obşak” yaratmaq cəhdi

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Buradakı təcrübəli dustaqlar mənə danışırdılar ki, Bakıda hansısa adamlar var, onlar cinayət aləminin “as”larıdır, qapalı həbsxanalarda, xəstəxanada, “PKT”-lər və bu sayaq fövqəladə obyektlərdəki dustaqların həyatını yüngülləşdirmək üçün müəyyən vəsaitləri istiqamətləndirirlər. Hərçənd, mən bunu əvvəldən-axıra qədər müşahidə etmədim. Amma bunun əvəzində günün birində bir “Yol” islahatı aparmaq qərarına gəldim. “Yol” məsuliyyətini üzərinə götürən “köhnələri” başıma yığdım və dedim: “Baxın, sizin bu cinayət aləminizin təhər-tövürü ilə mənim heç bir işim yoxdur. Allah hamının işini avand eləsin. Amma bəzi işlər mənim xoşuma gəlmir. Biz hər dəfə ”karser”ə və ya “PKT”-yə nəsə göndərəndə, göndərdiyimiz predmetlərin dəyərindən beş dəfə artığını “yol”dakı “ment”ə veririk. Bu bizə lazımdırmı? Mənə elə gəlir ki, yox. Buna görə də başqa, daha səmərəli bir variant təklif edirəm. Ola bilər, sizin əsrarəngiz rəvayətlər danışdığınız o cinayət aləminin 17-ci “zon” barədə məlumatı yoxdur. Burası yeni “zon”dur, bunu bilməyə bilərlər. Təbii, mənim bu fikrimi lağ kimi də qəbul edə bilərsiniz. Mən karserə içəridən “yol”un saxlanılması ilə razıyam. Bu, qalsın, çünki oraya kənardan “peredaça” qəbul etmirlər. Amma axı, “PKT”-yə bayırdan “peredaça” qəbul edilir! Siz oradakılardan hər hansı birinin adını, soyadını, atasının adını, nə bilim, cinayətkar mövcudluğunu göstərən başqa bilgilərini öyrənib mənə verə bilərsinizmi? Mən bu işi daha ağıllı təşkil etməyin yolunu sizin 10-15 illik təcrübənizdən daha yaxşı bilirəm”.
Bu məlumatları öyrənib mənə verdilər. Mən də həmin məlumatları çölə ötürdüm və dostlarımın birindən xahiş etdim ki, bu adama “peredaça” gətir. Həmin “peredaça” içəridəki “yol”la oraya çatdırılan mənasız predmetlər yığınından 10 dəfə artıq və 20 dəfə də az minnətsiz idi. Birinci “peredaça” çatdırılandan iki gün sonra “PKT”-dən təşəkkür gəldi və korpusdakı “yol” təşkilatçıları da bu təşəkkürləri mənə təhvil verdilər.
Bu, bir neçə dəfə təkrar olundu və sonra baş verən bir xoşagəlməz hadisə çöldən oraya gələn “yol”un bağlanması ilə nəticələndi. Xoşagəlməz hadisənin mənə dəxli yox idi, əlbəttə. Sadəcə, bir neçə nəfər yeni gələn dustaq belə hesab etmişdi ki, belə biabırçılıq olmaz və korpusda hökmən “obşak” olmalıdır, “karser”ə və “PKT”-yə “yol” daha effektiv işləməlidir, görüşdən çıxan bütün dustaqlar “obşak”a nəsə verməlidirlər, filan və bəsməkan. Bu adamlar 17-ci “zon”da, özəlliklə də 2-ci korpusda şəraitin necə, hansı əziyyətlərlə bu həddə qədər gəlib çıxdığı barədə heç nə bilmək istəmirdilər. “Obşak” barədə məlumat dərhal Idarəyə çatdırıldı. Çatdırılmaması da mümkün deyildi, çünki bu söhbətləri “koptorq”da, komendantın və “koptorq”çunun yanında aparırdılar. Bu “ştat”lar isə Idarənin adamları idilər. Amma bu xəbəri onlar çatdırmasa da, korpusdakı xəbərgirlər ordusu nə baş verdiyini əla izləyirdi. Günün birində başda “operçast” Ədalət olmaqla, nəhəng bir “ment” dəstəsi korpusa soxuldu və geniş çaplı “şmon” başladı. “Şmon” elə də dəhşətli şeylər aşkar etmədi, amma “obşak” təşəbbüsündə olanların geniş bir zümrəsini özü ilə apardı. Bu işin təşəbbüsçüləri, onların özlərinə qoşduqları və bu prosesə ciddi şəkildə heç bir dəxli olmayan bir neçə cavan uşaq “kars”a soxuldu.
Situasiya gərginləşmişdi. Bu gərginlik davam eləsəydi, bizim uzun müddət ərzində damcı-damcı yığdığımız azadlıq qırıqları bərbad günə düşə bilərdi. Nəsə eləmək lazım idi. Kupedə oturub vəziyyəti dəyərləndirirdik. Iki nəfərin “PKT”, o birilərinin isə əvvəlcə “karser”, sonra da başqa korpusa köçürülmə qərarının olduğu barədə məlumat ildırım sürəti ilə bizim korpusa daxil olmuşdu. Bu cür situasiyalarda serjantlar əvəzsiz adamlara çevrilirlər. Elə bu arada Şərurlu Telman deyinə-deyinə mənim kupemə gəldi:
– Bu nə biabırçı adamdır? Evdən mənə mürəbbə gətiriblər, makaron-filan vardı orda zənbilimdə, onu da götürüb aparıb. Mənə nə dəxli var bu axtarışın?
– Kim aparıb?
– “Oper”. Bilirsən, mən 11-də “srok”da olanda bu Ədalət orda dəstə rəisi idi. Bir-iki dəfə onu acılamışdım. Orda da “polojeniya” vardı deyə, heç nə eləyə bilmirdi. Indi burada əlinə girəvə düşüb, məndən qisas almaq istəyir…
Ağlım ani olaraq işlədi. Karl Marks təkcə “Kapital”ı yazmaq kimi mənasız bir işlə məşğul olmayıb, onun həm də bu “Kapital” qədər dəyərli bir sözü var: “Bəşəriyyət öz keçmişindən gülə-gülə ayrılır!” Əgər “Kapital”ı yazmasaydı da, bu kəlamla tarixə düşəcəkdi və heyf onun əziyyətinə!..
Yerimdən tullanıb Telmanı bağrıma basdım, “Otur, çay iç, gəlirəm!”, – deyib qaçdım düz rəisin otağına. Rəis müavini də oradaydı. Təbii, hər ikisi bilirdi ki, nəyə görə gəlmişəm. “Yox”u qətiləşdirib məni dinləməyə qərar vermişdilər. Amma mən də hazırlıqlı idim:
– Rəis, yəqin ki, “Papaq” kinosuna baxmısız?
– Bunun bu məsələyə nə dəxli var?
– Orda pristav Kərbəlayı Zala deyir: “Kərbəlayı Zal! Axır vaxtlar sən yaxşı işləmirsən. Ya rüşvət alırsan, ya da qocalıbsan, zayın çıxıb”. Sonra da həmin o “dom Feyzulla bomba rabatay” olayı əmələ gəlir. Baxın, siz bu biçarə Ədalət müəllimi nə təhər sıxma-boğmaya salıbsınızsa, o da bir “bomba” tapıb vəziyyətdən çıxmaq istəyib. Bütün agenturasını işə salıb, guya 2-ci korpusda “obşak” yarandığı, “qrev” yığıldığı barədə məlumatları çinləyib, bundan sonra sizdən icazə alaraq yoxlama təşkil edib. Agentura məlumatı ilə işim yoxdur, onlar şifahi alınır, buralarda sənədləşdirilir. Amma “qrev” ortalıqda olmalıdır, axı. Bunu da təsdiq etmək üçün yazıq Telmanın mürəbbəsini və makaronlarını gətirib atıblar “operçast”a ki, sizə əyani vəsait kimi göstərsinlər. Rəis, mən heç, mən bu sistemlə heç bir ilgisi olan adam deyiləm (hər ikisinin sifətində inamsızlıq müşahidə olundu), siz ki neçə illərdir bu sistemdə işləyirsiz! Nə vaxtsa eşidibsiz və ya görübsüz ki, mürəbbədən “qrev” olsun?
Eyvaz müəllim möhtəşəm adam idi. Alındı, amma özünü o yerə qoymadı. Mənim yanımda öz əməliyyat hissəsinin rəisi haqqında nəsə deyəsi deyildi ki!
– Zahidov! Mən sənin vicdanlı adam olduğunu bilirəm. Get korpusa. Sənə söz verirəm ki, orada təhlükəli bir şeylər olmayacaq. Orada ikisi var, onların “kars” qərarı çıxarılıb, amma qalanlarını ən yüngül şəkildə tənbeh edib buraxacağam korpusa. Mən o ikisini “PKT”-yə qatmaq, o birilərinin isə korpusunu dəyişmək istəyirdim. Sən bu cür deyirsənsə, sənə inanıram. Amma təbii ki, yoxlayacağam. Bu, mürəbbə məsələsidirsə, sənə dediyim kimi olacaq, yoxsa, mənim nəzərdə tutduğum kimi.
Mən tam arxayınlıqla korpusa qayıtdım. Axşam yoxlaması ərəfəsində Idarədən yeni və qəti qərar barədə xəbər gəldi: 2 nəfərə 15 sutka, 2 nəfərə 10 sutka, 4 nəfərə 5 sutka… Amma hamısı da oradan çıxıb korpusa qayıtmaq şərtilə. Ədalət zəfər çaldı.
“Operçast” Ədalətin zəfəri bundan ibarət oldu: Idarədə “PKT”-yə “peradaça” gəlməsi ilə bağlı xəbərləri analiz ediblər. Sonra da ikinci korpusdan gələn xəbərləri bu analizlərin üzərinə yıxıblar. Şübhə ortalıqda olub. Bu işlərin arasında bir əlaqənin olduğunu təxmin ediblər. Ona görə də “şmon”dan bir gün əvvəl “PKT”-yə həmin “yol”la gələn sovqatı qəbul etməyiblər.
“PKT”-yə “yol” belə bağlandı. Amma mən də o məsələdə haqlı və səmimi idim ki, korpusda, həqiqətən də Idarənin təsəvvür etdiyi kimi “obşak təhlükəsi” yox idi. Sadəcə, macəraçı bir cəhd vardı. Olur belə şeylər, hərdən “zon”a yeni gələn adamlar nəticəni ölçüb-biçməmiş hansısa qaydalara imza atmaq üçün normadan artıq canfəşanlıq edirlər. Bu mənasız canfəşanlıq isə nəinki “PKT”, hətta “karser” “yol”unu da bağladı. “Ment”lər bu barədə söhbəti eşitmək belə istəmirdilər.
Biz o “yol”u yenidən açmaq üçün çox cəhdlər etdik…

ardı var