“Zon”un rəngini dəyişən “yol”

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

“Sanitarlar” – “zon”un qarışqaları kimi bir şeydir. Nə qədər həqarətli status olsa da, həmişə lazım olurlar. Buna görə də bütün “zon”larda onlara dözümlü münasibət var. Məsələn, mən kupeni onlara süpürtdürür, əvəzində həftədə bir iki-qutu siqaret verirdim. Buna görə üzdəniraqların bu cür kupeləri silib-süpürmək üçün gizli-açıq intriqaları da olurdu.
Onların nahaq yerə incidilməsi yaxşı qarşılanmır. Amma üzdəniraq öhdəsinə düşən, əvəzində haqq aldığı işi təmiz görmürsə, onu cəzalandıra bilərsən. Boşuna buraxanda sırtıqlaşırlar.
Bir dəfə belə bir hadisə oldu.
Evdən göndərilməş yun döşəyim enli idi və çarpayıdan sallanırdı. Bu döşəyi Toppuşa verib onu daraltmasını və bir az da qalınlaşdırmasını istədim. Toppuş döşəyi götürüb həyətə çıxdı və bütün günü orada döşəyi söküb yığmaqla məşğul oldu. Işi qurtarıb gəldi və mən ona 5-6 manat pul verdim. Bu, bir “sanitar”a veriləcək puldan bir-iki dəfə çox idi. Amma yatmamışdan qabaq döşəyi çarpayıya sərəndə məlum oldu ki, bu yaramaz məni aldadıb. Döşəyi bir böyründən söküb və olduğu kimi də tikib. Mən “sanitar”ı cəzalandırmaq haqqında düşünəcək adam deyiləm, axı! Amma hər halda, səhəri gün üzdəniraqların kupesinin yanından keçəndə Toppuşa acıqlandım. Sonra eşitdim ki, Ceyhun onu necə lazımdır, əzişdirib.
“Sanitar” “sanitar”dır. Onun “mujik”in üzünə qabarması yolverilməzdir. Bunun üstündə onun cəsədi ilə futbol oynayarlar. Hətta ola bilər ki, “sanitar” xüsusi fiziki hazırlığı olan, təpədən-dırnağa əzələnin içinə qərq olmuş birisidir, amma dəxli yoxdur, onun işi süpürmək, yumaq, təmizliyin keşiyində durmaqdır. Belə bir üzdəniraq var, hətta. Onu on-on beş il əvvəl 11-ci, ya 12-ci “zon”da sındırıb üzdəniraqların barakına atıblar – Naxçıvanlı Həsən orada “polojeniya”ya baxanda. (“Polojeniya” – (vəziyyət)  oğru qaydalarının tətbiq edilməsinə deyilir). Onun sındırılmasının ədalətli olmadığını da deyirlər, amma hər halda, adamı döyüb üzdəniraqların barakına soxublarsa, deməli, işi bitdi, o, üzdəniraq kimi qeydə alınır.
Haqqında danışdığım bu adam bizim “zon”da deyildi, amma onun söhbəti elə hər yerdə gedirdi. O, güclü və kötük kimi möhkəm adamdır, bir suyundan Niyaməddin Musayevə bənzəyir. Bütün bədəni tatuirovka ilə döymədir…
Bütün normal həbsxanalarda “yol” var – “karser”ə, “PKT”-yə. Əlbəttə, bunlar həbsxananın həbsxanalarıdır, oraya cəzaçəkmə qaydalarını pozan, həm də davamlı olaraq pozan dustaqlar salınır. Amma təsadüfən, hansısa qaydanı “pozub” rejim müfəttişlərinin və ya rəisin gözünə pis görünsən də, oraya düşə bilərsən. Buna görə də istənilən dustağın “karser”ə, xüsusi olaraq bəzilərinin isə “PKT”-yə yolu düşür. (“PKT”-nin nə olduğunu ərz etdiyimi düşünürəm). Amma indi sizə bu yol haqqında danışmaq istəmirəm. Haqqında danışmaq istədiyim yol, əlahiddə bir “yol”dur, normal dustaq kontingentinin düzəltməli olduğu “yol”dur – “kars”a və ya “PKT”-yə gedən dustaqların arxasınca salınan yol!
“Kars”da siqaret çəkməyə icazə verilmir. Orada siqaret ən zəruri həyati məhrumiyyət predmetidir. Həmişə çatmır. 17-ci “zon”da “DPNK” Şamil vardı. Əslən Ismayıllıdandır. “Zon”da dustaqlarqarışıq ən kök və yəqin ki, yalnız Ağstafalı Arazı çıxsaq, ən uzun adam idi. Yeri gəlmişkən, bu mayor Şamil 17-ci “zon”da başqa bir parametr üzrə də tək idi: bunun hansı parametr olduğunu biləcəksiniz. Şamil deyirdi ki, mən 20 ildən artıqdır həbsxanalarda işləyirəm, hələ bu vaxta qədər “kars”a düşən elə bir dustaq görməmişəm ki, orada siqaretdən ötrü “it” dedikləri bizlərə ağız açmasın.
“PKT”-də isə siqaret problemi olmaya bilər, amma qənd, çay, sabun, əl-üz dəsmalı kimi əşyalar həmişə qıt olur. “PKT” dustaqları – əsasən rejim qaydalarını şüurlu şəkildə pozan dustaqlardır. Onların da çoxu birinci cəza müddətini çəkənlər olmur və deməli, bayırdan onlarla maraqlanan qohum-əqrəbanın da qıtlığıdır. Orada ərzaq məhsullarının qıtlığı da daha çox bununla bağlıdır. “PKT” cəza yolunun qapalı həbsxanaya tərəf istiqamətləndiyi bir qovşaqdır. Orada iki və ya üç dəfə təkrar, amma dalbadal müddəti oturandan sonra “zon”da səyyar məhkəmə qurulur, dustağın birinci məhkəməsi zamanı müəyyənləşmiş cəza rejimi dəyişdirilir və qapalı həbsxanaya – Qobustana göndərilir.
Bu əzabkeşlərin ən zəruri əşyalarla təminatı barədə “zon”dakı (və ya türmədəki) dustaqlar maraqlanmalıdırlar, çünki bu, dustaq həmrəyliyinin ən bariz göstəricilərindən biridir. Bizim korpusda da bu qaydalar haqqında yetərincə məlumatlı olan köhnə cinayətkarlar vardı. Bu dustaqlar “kars”a və ya “PKT”-yə həmin zəruri əşyaların çatdırılma yolunu tapmalı, sonra isə həqiqi “mujikləri” səfərbər edərək bu predmetləri toplamalıdırlar. Çatdırılma yolu da mücərrəd bir anlayış deyil: ya “balandyor”, ya da növbətçi “mentlər” arasında bu xidməti göstərəcək adamlar tapmalısan. “Balandyor” daha az etibarlıdır, hər zaman satqınlıq edə bilər, buna görə də “yol” yaradanda “ment”ə daha artıq güvənmək lazım gəlir. Bizim situasiyada bir qədər də ehtiyatlı olmaq lazım gəlirdi, çünki “zon”da xəbərgirlərin sayının normadan artıq olduğu şübhəsizdi. (Əslində, belə bir konkret “norma” yoxdur, amma xəbərgirlər milçək kimi adamın ağzının içinə girirlərsə, deməli, təsəvvür ediləcək normadan keçib). Bizim korpusda bu işlərlə məşğul olanlar vardı. Mən onların adlarını bura yaza bilmərəm, çünki şübhəsiz, indi onlar hansısa başqa bir “zon”un sakinləridirlər və bu məlumatların üstünün açılması onlar üçün problem yarada bilər. Ən azı, adamların üstündə ciddi nəzarət tətbiq edilər, ən çoxu isə onlar məni sirri satmaqda ittiham edərlər. Sadəcə, onu deyə bilərəm ki, mən bu proseslərin ikinci hissəsində, yəni zəruri əşyaların toplanmasında fəal iştirak edirdim. Kimsə bu əməliyyata sıradan iş kimi baxmasın. “Karser”ə, yaxud “PKT”-yə yolun açılması “zon” üçün çox böyük uğur sayılır. “Yol” varsa, deməli, “zon”un rəngi dəyişib.
Əlbəttə, burada növbətçi zabitlər, eləcə də serjantlar mənimlə əsasında pulun dayanacağı hər cür söhbətdən çəkinirdilər. Ona görə yox ki, onlar mənim “demoqoq”luq edə biləcəyimi zənn edirdilər. Qətiyyən! Həbsxanaya gəldiyimdən cəmi bir ay sonra bütün bu kontingent qəti olaraq müəyyənləşdirdi ki, mənim xırda davalarla işim yoxdur, bu müəssisədə baş verənlərin ictimailəşdirilməsində maraqlı deyiləm; ona görə yox ki, burada kimdənsə qorxub çəkinirəm, sadəcə, ona görə ki, buradakı insanlara lap balaca bir fayda verə biləcəyəmsə, onu normal münasibətlərin qurulması şəraitində daha effektiv sayıram. Amma Idarədə bütün əməkdaşlara möhkəmcə tapşırmışdılar ki, “O jurnalistlə münasibətlərdə pul söhbəti tamamilə istisna edilir!” Bu, əmr idi və bu əmr barədə məndə dəqiq bilgi vardı. Təbii, bu əmr “O jurnalisti əzin!” şəklində də verilməmişdi və güman edirəm ki, verilə də bilməzdi. Situasiya təbii olaraq belə yaranmışdı ki, mən bu həbsxanada hansısa müstəsna status qazanmışdım və güman edirəm, bu, bir neçə səbəbdən baş vermişdi. Bu səbəblər mənim sizə nağıl elədiyim bütün bu əhvalatların içərisinə səpələnib.
Beləliklə, bu status mənə o imkanı da verirdi ki, “yol” çəkilişində fəal iştirak edim. Amma bu işi o qədər də effektiv saymadım.

ardı var