Britaniya mediası ilginc məlumat yayıb
İngiltərədə yayımlanan “The Telegraph” qəzeti sensasion məlumat yayıb. Qəzetin yazdığına görə, İranın ali dini lideri Ayətullah Xameneyi bu il Bakıda keçirilən “Eurovision” mahnı müsabiqəsi günlərində Azərbaycanda terror aktları törətmək barədə şəxsən göstəriş verib. Xəbərdə o da vurğulanır ki, bu ilin fevralında İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds gücü” qanadı İsrail diplomatlarını hədəf alan terror aktlarını dini liderin göstərişi ilə həyata keçiriblər.
“The Telegraph” Qərb ölkələrinin kəşfiyyat qurumlarına istinadən bildirir ki, “Quds Gücü” bir neçə Qərb ölkəsində də terror aktları həyata keçirməyi planlaşdırıb. Qeyd olunur ki, Xameneyi Suriya diktatoru Bəşər Əsədi devriməyə çalışan ölkələrdə qanlı terror aktlarının həyata keçirilməsinə də göstəriş verib. Qərb kəşfiyyatçılarına görə, dini lider İranın Milli Təhlükəsizlik Şurasının bu yaxınlarda Tehranda keçirilən fövqəladə toplantasından sonra konkret addımlar atmaq barədə tapşırıqlarını verib.
Toplantıda Əsəd rejiminin devrilməsinin İrana təsirlərinə dair xüsusi hesabat da müzakirə olunub. Xameneyi İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Qasım Suleymaniyə göstəriş verib ki, Qərb və onun müttəfiqlərinə hücumları gücləndirsin. Kəşfiyyatçılar iddia edir ki, İran hücumlarının son dalğasını həmin korpusun 400-cü bölməsi həyata keçirib. Həmin bölmə xüsusi əməliyyatlar üzrə tanınır.