Cəmiyyətdəki tükürpədici biganəlik Təzəxan Mirələmlini yadıma saldı. Onunla şəxsi tanışlığımızın tarixçəsi çox da uzağa getmir – bir-iki ay olar, ya olmaz. Haqqında dəfələrlə oxuduğum, eşitdiyim bu əqidə adamının düşüncələri mənimçün maraqlı idi və onu xeyli söhbətə tutdum.
Nələr təklif olunub, nələrdən imtina edib, kimlərlə görüşüb? Vaxtın imkan verdiyi qədər bunlardan danışsa da, yazmaq və kimlərinsə adını çəkmək fikrində deyiləm. Əvvəla ona görə ki, haramdan imtinanı, düşüncəsini, varlığını pula çevirməməyi xüsusi qəhrəmanlıq saymıram – şəxsiyyətini, mənliyini hərraca çıxarmayan, özünə hörmət qoyan, dünyanı və yaradanı dərk edən hər bir ağıllı və ləyaqətli adamın gördüyü sıravi işdir. Ikincisi, Təzəxan Mirələmli lazım bilsə, bunu geniş ictimaiyyətə özü açıqlayar.
Ancaq dediyi bir sözü yazmaq hallallığını özündən almışam. Təzəxan bəy dedi ki: “Şərə qarşı səsini çıxaran 50 adam da qalsa, biri mən olacam; 5 adam da qalsa, yenə biri mənəm. Əgər Şərin zoru, gücü qarşısında bütün silahdaşlarım əyilsə, hətta Əli bəy də (Kərimlini, öz sədrini deyirdi) geri çəkilməyə məcbur olsa, bilin ki, bir nəfər səsini qaldıracaq: o, mən olacam!”
Dərhal “fanatdır”, “tutduğunu buraxmır” qərarını çıxarmayın – Təzəxan bəyə bunların heç bir aidiyyəti yoxdur.
Təzəxan Mirələmli – sadəcə, adamdır, insandır, Allahını dərk edən, qanan bir kəsdir; Şərin qoltuğu altına sığına bilmir, haram yemək onun zatına yaddır, ləyaqətini pula satmaqdansa, ölməyi üstün bilir, vəssalam!
Əslində, zatında seyidlik olan Mirələmlinin yaşam tərzi Allahın buyurduğu yoldur və “başqaları gəlib, bir anda ölkəni düzəldəcəkmi” sualıyla özünə bəraət qazandırmağa çalışan və ədalətsizliklər qarşısında susan əbləh biveclərə, laqeyd kötüklərə, cansız və ruhsuz biganələrə ən tutarlı cavabdır.
Heç kimə qoşulmamaq, hansısa maraqların ifadəçisi olmamaq yaxşı əlamətdir. Ancaq sən insansansa, Allah qoymasa, müsəlmansansa, ədalətsizliyə, haqsızlığa necə boyun əyə bilərsən? Sən kiminsə siyasi və hakimiyyət maraqları üçün niyə mübarizə aparmalısan ki! Sən haqq və ədalət uğrunda çalışmalısan, harama, allahsızlığa, böhtana – Şərə qarşı çıxmalısan. Çünki bu, insanlığın görəvidir – Allahın bizim boynumuza qoyduğu yükdür!
Yoxsulluqdan, dolana bilməməkdən qorxub Şərə biət edənlər, “balam var” arqumenti ilə harama şərik olanlar yalnız allahsızlardır. Azacıq təfəkkürləri və imanları olsaydı, Allahın hökmünü dərk edərdilər: “Şeytan sizi yoxsulluqla qorxudaraq alçaq işlər görməyə sövq edər. Allah isə əksinə, sizə bağışlanmaq və bərəkət vədəsi verər” (“Qurani-Kərim”, Əl-Bəqərə surəsi, 268-ci ayə).
Azacıq imanı olan kəs bilir ki, ruzini verən Allahdır (“Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin!” – Hud surəsi, 6-cı ayə); “…Ruzini artıran da, azaldan da Odur” (Rad surəsi, 26-cı ayə).
Allah sənə ruzi nəsib edibsə, niyə buna şəxsiyyətini, ləyaqətini, insanlığını aşağılamaqla, satmaqla nail olmaq istəyirsən? Əgər Tanrı sənə bunu yazıbsa, Şərin xidmətində durmamaqla da istədiyini əldə edə bilərsən!..
Bütün haqsızlıqlar qarşısında, “el üçün ağlayan gözündən olar” məntiqi ilə daşa dönən canlı meyitlər bir gün bu haqsızlığın onların evinə çatacağını dərk etmirlər. Peyğəmbər, “əxlaqsızlıq səndən beş ev o yanda olanda səsini çıxar, yoxsa, bir də ayılacaqsan ki, əxlaqsızlıq evinə soxulub”, – deyirdi.
“Quran”da isə yazılır ki, “Ey iman gətirənlər, Allah xatirinə ədaləti qoruyan şahidlər olun!” (Maidə surəsi, 8-ci ayə).
Illərdir səsinizi çıxarmırsız – artıq evinizdədir; Allah xatirinə ədaləti qorumursunuz – ədalətsizlik içində can verirsiniz!
Hətta xəbərə verilən “ictimai reaksiya” belə adamı heyrətə gətirir: bir polis idarəsində 34 yaşlı gəncin ölümünü “ürək-damar tutması” ilə ört-basdır edirlər – cəmi 100 nəfər oxuyur; ancaq hansısa mənasız verilişin bağlanması və ya hansısa lüt-üryan müğənninin ev alması xəbəri 16 min tiraj yığır.
Budur əksəriyyətin öz taleyinə, gələcəyinə verdiyi qiymət!
Bu ölkədə Şərin Haqqı basıb yeməsinin səbəbkarı olduğunuzu, heç olmasa, bilirsinizmi?

Taleyinə biganə olan allahsızlar
•