Ağasif Şakiroğlu: “Rəsul bəy hakimiyyətin bu çirkin əməllərini qətiyyətlə pisləyir və Əli bəyin haqlı mövqeyini müdafiə edir”
“Biz Açıq Cəmiyyət Partiyası olaraq eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası ilə bağlı başlanmış cinayət işini qondarma hesab edirik və bu prosesi AXCP sədri Əli Kərimliyə qarşı aparılan çirkin kampaniyanın tərkib hissəsi sayırıq”.
Bu sözləri “Azadlıq”a Açıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu bildirib. O, deyib ki, hakimiyyət zaman-zaman Əli Kərimliyə qarşı oxşar kampaniyalar həyata keçirib: “Əli bəyin evinin önündəki aksiyalar, telekanallarda aparılan iyrənc verilişlər, onu Bakı Şəhər Baş Polis Idarəsinə çağırmaları və s. bu kimi onlarla hadisələr açıq formada göstərir ki, AXCP sədri haqq yoldadır və apardığı mübarizəsilə rejimi sarsıdıb. Bu cür çirkin kampaniyalarda məhz Əli bəyin apardığı mübarizə rejimi sarsıdanda start götürdüyünü anlamamaq mümkün deyil. Sadəcə rejim bacardığı qədər AXCP sədrindən qisas almağa çalışır. Bu prosesdə Əli bəyi tək qoymaq elə hakimiyyətlə eyni mövqeyi bölüşmək deməkdir. Ona görə ki, bu bütövlükdə demokratik düşərgəyə atılan daşdır və hakimiyyətin 2013-cü illə bağlı planlarının tərkib hissəsidir. Prezident seçkilərinə bir ildən artıq bir müddət qaldığı zamanda hakimiyyətin ”qara piar”a başlaması, rejimin 2013-cü ildə qarşılaşacağı ciddi problemləri görməsi və bu gördüyü təhlükələrdən qorxması ilə bağlıdır”.
Ağasif Şakiroğlu bildirib ki, Rəsul Quliyev bu məsələ ilə bağlı beynəlxalq səviyyədə iş aparır: “ACP lideri Rəsul Quliyev Əli bəyin hansı təzyiqlər qarşısında mübarizə apardığından xəbərdardır.ÿRəsul bəy də hakimiyyətin bu çirkin əməllərini qətiyyətlə pisləyir və Əli bəyin haqlı mövqeyini müdafiə edir. Xatırlayırsınızsa, Rəsul bəy bir müddət bundan öncə qərbli diplomatlarla görüşündə AXCP sədri Əli Kərimlinin heç bir hüquqi əsas olmadan ölkədən xaricə çıxa bilməməsini və Əli bəyin xarici pasportla təmin edilməməsi məsələsini qaldırmışdı. Hakimiyyətin rəqiblərinə qarşı təzyiq vasitəsi kimi qanunlardan öz maraqları üçün istifadə etdiyini beynəlxalq qurumların diqqətinə çatdırmışdı. Hazırkı vəziyyətlə bağlı Rəsul bəy beynəlxalq aləmlə öz bildiyi səviyyədə iş aparır və Azərbaycan xalqının demokratiyaya qovuşması uğrunda mübarizə aparan Əli bəyi dəstəkləyir və haqlı mövqeyini müdafiə edir”.