2013 planlarının müzakirəsində sürpriz bir isim də iştirak edib
Azərbaycan hakimiyyətində əsas qruplaşmalardan olan Paşayevlər bu günlərdə toplantı keçirib. Bu barədə redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, toplantıda 2013-cü il prezident seçkisi müzakirə edilib.
Müzakirələrdə Paşayevlərin öz namizədilə seçkiyə qatılması xüsusi vurğulanıb. Maraqlıdır ki, toplantıda eks-prezident Ayaz Mütəllibov da iştirak edib. O, Hafiz Paşayevlə yanaşı əyləşib.
Bir müddət əvvəl “Eks-prezidentlər haqqında” qanun layihəsi qəbul ediləndə Ayaz Mütəllibovla Paşayevlər arasında anlaşma olması barədə məlumat yayılmışdı. Həmin məlumatda deyilirdi ki, Ayaz Mütəllibov eks-prezident statusu almaq müqabilində 2013-cü il prezident seçkisində Paşayevlərin namizədinə dəstək verəcək.
Məlumat üçün deyək ki, 2013-cü il prezident seçkisi ilə bağlı hakimiyyət daxilində ziddiyyətlər var. Ilham Əliyevin namizədliyini irəli sürüb-sürməyəcəyi barədə qəti fikir söyləməməsi belə bir rəyin formalaşdırıb ki, hakimiyyət tərəfdən Paşayevlər öz namizədini irəli sürəcək. Iqtidardakı digər güclü qruplaşma olan “Naxçıvan klanı” da bundan bərk narahat olub. Ona görə də bu klana yaxın hökumət rəsmiləri və deputatlar vaxtaşırı “bizim namizədimiz Ilham Əliyev” olacaq bəyanatlarını səsləndirirlər.
Lakin görünür, Paşayevlər mövqelərindən geri çəkilmək niyyətində deyil.
Hikmət