Proses gələn ay start götürəcək
42 il ölkəni “dəmir yumruq”la idarə edən və ötən il xalq tərəfindən devrilərək öldürülən Liviya diktatoru Müəmmər Qəzzafinin oğlu Seyfülislamın məhkəməsi başlanır. Proses gələn ay Seyfülislamın hazırda həbsdə saxlandığı Zintan şəhərində start götürəcək. Liviyanım baş prokurorunun nümayəndəsi artıq istintaqın başa çatdığını açıqlayıb. Onun sözlərinə görə, prokuror yaxın günlərdə ittiham aktını təsdiqləyəcək və ilk dinləmələrin vaxtı təyin ediləcək.
Xatırladaq ki, Seyfülislam Qəzzafi atasına qarşı baş qaldırmış etirazların silahlı yolla yatırılması və hərbi cinyətlərdə ittiham olunur. Haqaa Tribunalı bu ittihamlarla onun həbsinə order vermişdi. O, atasının öldürülməsindən sonra Niger ərazisinə qaçarkən üsyançılar tərəfinən həbs olunmuşdu. Liviyanın yeni hökuməti oğul Qəzzafinin ölkədə mühakimə olunmasının tərəfdarıdır. Seyfülislam özü isə Haqaa Tribunalında mühakimə olunmasını istəyir. O, iddia edir ki, Liviyada onun barəsində edam cəzasının çıxarılması gözlənilir.