“Qabiliyyətsizlik hakimiyyətin ideoloqlarına bu ssenarini istedadla oynamağa imkan vermədi”
Jurnalist Eynulla Fətullayev rəhbərlik etdiyi “haqqın.az” saytında son günlərin gündəm mövzusundan – Elçibəyin zəhərlənməsindən yazıb. “Bunu təhlil et” başlıqlı müəllif yazısında E.Fətullayev əvvəlcə prokurorluğun Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası ilə bağlı qaldırdığı cinayət işinə toxunub:
“Maraqlıdır, dünyanın ən biganə və infantil prokurorluğunun bu cinayət işini başlatmaq üçün hansı əsasları var idi? Əsas, ”siyasi ruhun”, hamının “Balıq Hafiz” adlandırdığı şəxsin ifadəsi oldu. Bu dəfə hakimiyyət illərdir cəmiyyətdəki atmosferi korlayan bu “siyasi müqəvva” ilə əməkdaşlığında lazım olduğundan artıq qabağa getdi. Hakimiyyət – daha doğrusu, hüquq-mühafizə orqanları cinayət işini hətta müxaliflərin rəqiblərinin etibar etmədiyi bir adamın müraciəti ilə qaldırdı. Rəhmətlik Elçibəyin isə həm Türkiyə, həm də ABŞ-ın aparıcı tibb müəssisələrinin rəyində də göstərildiyi kimi, onkoloji xəstəlikdən dünyasını dəyişdiyi bəlli idi. Indi onun yaxın ətrafı tərəfindən zəhərlənərək öldürüldüyünü necə başa düşək?”.
“Prokurorluğu ancaq siyasi motiv hərəkətə gətirə bilərdi”
Daha sonra E.Fətullayev xatırladır ki, az qala, hər gün mətbuat orqanlarında, eləcə də onun rəhbərlik etdiyi saytda
dövlət büdcəsindən maliyyələşən layihələrlə bağlı dəhşətli korrupsiya hallarının olması barədə materiallar gedir. Prokurorluq bütün bu konkret faktlara susmaqla qarşılıq verir. Amma bu biri tərəfdən absurda söykənərək cinayət işi qaldırır: “Hətta üçalan şagirdə, kursda qalan tələbəyə də məlumdur ki, zəhərlənmə onkoloji xəstəliyə gətirib çıxara bilməz. Hətta ”Balıq Hafiz” tibbdə inqilab edib bunun əksini sübut edibsə belə, necə olur ki, prokurorluq kimi ciddi orqan heç bir dəlil, hətta şübhə belə olmadan bu cür adamın fikirlərini əsas kimi götürüb? Prokurorluğu ancaq siyasi motiv hərəkətə gətirə bilərdi. Kiminsə ağlına Azərbaycanda Yuşşenko teatr səhnəsini təkrarlamaq gəlib. Axı Kuçmanı məhv edən “narıncı taun”dan fərqli olaraq Azərbaycandakı sakitlik indiki hakimiyyətə qətiyyən təhlükə yaratmır. Bəs Əli Kərimli? Əgər Ukraynada prezidentliyə real namizədi zəhərləməklə dayandırmağa çalışmışdılarsa, Azərbaycanda tarixi eksqumasiya yoluna baş vurdular və Hamletin faciəvi hekayəsini uydurmağa qərar verdilər. Amma unutdular ki, bizim Şekspir çoxdandır ki, həyatda deyil. Şekspir getdi və və hakimiyyəti siyasi cəhətdən yetkin olmayanlara qoydu. Qabiliyyətsizlik hakimiyyətin ideoloqlarına bu ssenarini istedadla oynamağa imkan vermədi. Istedad yoxdur!”.
“Kərimli bir addım da geri çəkilməyəcək”
E.Fətullayev yazır ki, hələ 2003-cü ildə – hazırkı prezidentin qalib gəldiyi səs-küylü prezident seçkilərindən sonra etirazçı kütləyə yeni liderin gərək olduğu üzə çıxdı: “Hələ o vaxt müəyyən etmək çətin deyildi ki, məhz Əli Kərimli – gənc və istedadlı siyasi lider növbəti seçkilərdə hakimiyyətin əsas başağrısı olacaq. Sonrakı proseslər göstərdi ki, bütün bu illər ərzində hakimiyyət əsasən Əli Kərimliyə qarşı mübarizə aparıb. Məhz ona pasport verilmədi və Qərbə səfərlərinin qarşısı alındı. Hakimiyyətin bütün təbliğat maşınları ona qarşı yönəlib, onun ofisini əlindən alıblar, qohumlarını, silahdaşlarını həbs edirlər və s. Bir sözlə, hakimiyyətin əsas zərbəsi Kərimlinin üzərinə düşdü.
Oxucu soruşa bilər ki, nəyə görə? Ona görə ki, Əli Kərimli yeganə siyasətçidir ki, böhranlı vəziyyət yarananda – məsələn, Quba hadisələri ölkə miqyasında olanda – məsuliyyəti üzərinə götürməyə və kəskin siyasi mübarizəyə girməyə hazırdır. O bir addım da geri çəkilməyəcək. Onun üçün bu, həyatından da vacibdir.
Intellektual komandaya və effektiv idaretmə sisteminə sahib olmayan Azərbaycan hakimiyyəti gərginliklə üzləşsə, xalq qəzəbinin alovunu kim dayandıracaq? Bax, məsələ bundadır. Həyat, tale və tarix belə gətirib ki, müxalifət düşərgəsində Əli Kərimlidən başqa yaranmış situasiyaya görə bütün məsuliyyəti üzərinə götürəcək ikinci lider görünmür. Məhz o və onun media resursları cəmiyyətdə etirazçı əhvalın əsas katalizatorlarıdır”.
Gültəkin