Bir müddət əvvəl həbs olunan Bəhruz Həsənov hədələnir
AXCP sədri Əli Kərimlinin mühafizəçisi Bəhruz Həsənova təzyiqlər edilir. Bu barədə qəzetimizə Bəhruz Həsənovun özü məlumat verib. Onun sözlərinə görə, demək olar ki, hər gün izlənilir və müxtəlif formalarda təzyiqlərə məruz qalır: “Açıq şəkildə hədələyirlər. Deyirlər doğru yolda deyilsən, fikirləş və s. Hər gün izlənilirəm. Və bütün bunları gizlətmirlər, açıq formada edirlər”.
Bəhruz Həsənov bildirib ki, baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək niyyəti yoxdur. Çünki əmindir ki, nəticəsi olmayacaq. AXCP sədrinin mühafizəçisi həm də bir müddət əvvəl elə hüquq-mühafizə orqanlarının qurduğu əməliyyat nəticəsində həbs olunduğunu xatırladıb.
Oxucuların diqqətinə çatdıraq ki, Bəhruz Həsənov iyulun 11-də həbs edilmişdi. O idmandan qayıdarkən polislər tərəfindən saxlanılıb və Suraxanı RPI 33-cü polis bölməsinə aparmışdı. Polis iddia etmişdi ki, Bəhruz Həsənov Nazim Əliyev adlı vətəndaşın şikayəti əsasında saxlanılıb. Guya Əli Kərimlinin mühafizəçisi bu şəxsə qarşı zorakılıq edib.
Suraxanı rayon Məhkəməsi Bəhruz Həsənovu 10 sutka azadlıqdan məhrum etmişdi. Lakin məhkəmədə məlum olmuşdu ki, Bəhruz Həsənova qarşı polisə müqaviməti ittihamı sürülüb.
AXCP sədrinin mühafizəçisi məhkəmə prosesində baş verənlər barədə danışarkən bildirmişdi ki, idmandan qayıdarkən şikayətçi kimi çıxış edən Nazim Əliyev onun qarşısını kəsib və “Sən camaatın ana-bacısına sataşırsan” deyib. O, bunun təxribat olduğunu dərhal anlayıb və bu barədə Nazim Əliyevə xəbərdarlıq edib: “Ona dedim ki, səni öyrədib üstümə göndərdiklərini bilirəm. Dedim ki, AXCP sədri Əli Kərimlinin mühafizəçisiyəm və buna görə də məni ”ilişdirmək” istəyirlər. Heç kimin ana-bacısına sataşan adam deyiləm. Əgər söhbətin varsa, gedib bir çayxanada otura və normal danışa bilərik. Mən bunları deyəndən sonra o, bir az duruxdu və sonradan əvvəl dediklərini təkrarlamağa başladı. Mən onunla söhbət edən zaman əraziyə 5 maşın polis gəldi. Onlar dərhal məni həbs etdilər. Əməliyyata Suraxanı rayon Polis Idarəsinin Akif adlı rəis müavini rəhbərlik edirdi”.
Görünür, hakimiyyət bununla kifayətlənmək istəmir və Bəhruz Həsənova qarşı yenidən hansısa planlar qurulub.
Yeri gəlmişkən, Bəhruz Həsənovun qardaşı Babək Həsənov keçmiş vicdan məhbusudur.