İlham Əliyevin görmək istədiyi azərbaycanlı tipi

Bir ara Hafiz Hacıyevi unutmuşdular, bilirsiniz. Adamın pulları kəsilmişdi, qabı boş qalmışdı. O da əsəbiləşib hətta mitinqlər keçirmək fikrinə düşmüşdü, Isa Qəmbərdən, Əli Kərimlidən keçmiş hərzəvü-hədyanlarına görə üzr istəmişdi, onlarla bir səfdə dayanmağa, ölkəni bu yırtıcılardan təmizləməyə hazır olduğunu demişdi.
Bu məxluqatın vəziyyətini təsəvvür etmək çətin deyildi. Onun kimi bir neçə başqası da vardı. Artıq Ilham Əliyev belələrinə ehtiyac duymurdu. Bir tərəfdən pulları çoxalmışdı, o biri tərəfdən də müxalifəti yetərincə gücsüz vəziyyətə sala bilmişdi. Ölkədə xof mühiti dərinləşmişdi. Fikirləşirdi ki, artıq narahatlıq üçün heç bir əsas yoxdur. Irticanın qələbəsinin rəsmiləşdiyi qənaətində idi.
Ona görə də hafizlərə-zada ehtiyacı qalmamışdı. Möhtərəmin aləmində belələrinin istifadə müddəti bitmişdi.
Amma indi rejimin yenidən Hafiz Hacıyevdən mədət ummağa başlaması, onun heç bir əxlaq, mənəviyyat ölçüsü tanımayan bacarıqlarına sığınması əslində xeyli mənada da xoş bir görsənişdir. Deməli, bunların xalq üzərində qələbə təntənələri doğrudan da sınıb. Deməli, doğrudan da artıq çoxlu pullar onlara heç bir kömək eləmir. Deməli, ən azı özləri də bizim qədər inanmırlar öz gələcəklərinə, divarın sonuna yaxınlaşdığını hiss edirlər. Hafiz Hacıyev kimilərin dövriyyəyə buraxılması məhz bunun işarətidir. Nə qədər pullansalar da, nə qədər administrativ gücə sahib olsalar da, ölkədəki qorxu imperatorluğunu nə qədər dərinləşdirsələr də, bu gündən sabaha ümidləri yoxdur. Yenə çarəni şərdə, böhtanda, əxlaqsız, mənəviyyatsız hücumlarda, çirkli, iyrənc piar kampaniyaplarında görürlər.
Belə kampaniyalara isə heç vaxt öz nüfuzları, reytinqləri yüksəlməyən rejimlərin ehtiyacı var. Bir halda ki, camaat içində özlərinin hörməti yoxdur, bir halda ki, əllərindəki ətək-ətək pul, yekə-yekə telekanallar, imtiyazlı, titulu xalq şairləri, yazıçıları belə, onları hörmətə mindirməkdə gücsüzdürlər, deməli, əlac qalır rəqibini hörmətsiz eləməyə. Ümumiyyətlə, bir rejimin ki, dara düşəndə, bədayaqda ümid yeri yenə hafiz hacıyevlər olur, belə rejimi devirməyə çalışmaq da doğru deyil. Onun öz-özünü necə rəzil, necə rüsvay elədiyini, necə komik, utancverici situasiyalara düşürdüyünü görməyin özünün ləzzəti ayrıdır.
Mən indi həqiqətən, bütün varlığımla arzulayıram ki, Əliyevçi rejimin ömrü həqiqətən çox uzansın və o, daha çox biabır olsun.
***
Son baş verənlər həm də onu göstərdi ki, hansı üzünə çevirirsən çevir, əvvəl-axır Ilham Əliyevin azərbaycanlılara təklif etdiyi insan tipi Hafiz Hacıyevdir. Möhtərəm bizim hamımızdan məhz onun kimi olmağımızı istəyir. Hamımızı ömründə bir kitab üzü açmayan, cahil, zamanla qabıq dəyişdirən, heç bir yüksək idealı, müqəddəs dəyəri olmayan məxluq kimi görmək istəyir.
Istəyir ki, hamımız yalnız çirkabdan ibarət olaq, şərdən mayalanaq, yalandan, böhtandan, iftiradan qidalanaq, kölə təbiəti ilə yaşayaq.
Hamımız onun əlində alətə çevrilək, hamımızın boynunda noxtamız olsun, noxta da bir adamın əlində olsun.
Ilham Əliyevin hamıya nümunə göstərdiyi, hamını görmək istədiyi insan tipidir bu. Demək istəyir ki, yalnız bu halda bizim bu ölkədə yaşamağa davam etmək, sağ qalmaq lüksümüz var.
***
Indi bizim üzərimizə düşən vəzifə yeni şər kampaniyasına təpkimizi ortaya qoymaq, amma onun gündəmin bir nömrəli məsələsinə çevrilməsinə də imkan verməməkdir.
Məsələn, ölkədən çıxarılan 48 milyard dolların hesabını daha yüksək səslə tələb etməkdir.
Başqa oğurluqlar, talanlar barədə daha ucadan danışmaq, rejimin üzündən düşən maskasını gündəmi dəyişməyə, diqqəti ortaya çıxan quldurluq faktlarından yayındırmağa hesablanmış çirkli kampaniyaların arxasında gizlətməyə imkan verməməkdir.