Ölkə ictimaiyyəti “zəhərlənmə şousu”nu bununla əlaqələndirir
Əli Kərimliyə qarşı aparılan növbəti çirkin kampaniya artıq neçə gündür ki, medianın diqqət göstərdiyi əsas mövzulardan biridir. Ilk gündən ictimai-siyasi xadimlərin, ziyalıların sərt reaksiyası ilə üzləşən bu iddia prezident seçkisi öncəsi hakimiyyətin gedişi sayılır. H.Hacıyevin məhz seçkiqabağı meydana çıxması hakimiyyətin yenə ənənəvi çirkin mübarizə metodlarına müraciət etdiyini göstərir:
Ziyalılar Forumu ləyaqətsizliyi pisləyir
Görkəmli yazıçı, Ziyalılar Forumun üzvü Əkrəm Əylisli bildirdi ki, H.Hacıyevin irəli sürdüyü iddialar heç bir həqiqətə uyğun gəlməyən fikirdir və bunu reallıq kimi qəbul etmək yolverilməzdir:
– Elçibəyin guya zəhərləndirildiyinin ortaya atılması və bunda Əli Kərimlinin ittiham olunması AXCP sədrinə qarşı “qara piar” kampaniyası aparmaq, ona böhtan atmaq niyyətindən irəli gəlir. Sağlam şüuru olan insan heç təsəvvür də etməz ki, Əbülfəz Elçibəyi Əli Kərimli zəhərləyib. Əli Kərimli əvvəlindən sona qədər Elçibəyin yanında olub. Əli Kərimlini həmişə Kələkidə Elçibəyin yanında görmüşəm. Əli Kərimlinin Elçibəyə olan sədaqətinə şübhə etmək gülünc iddiadır. Siyasi iddiası olmayan Ziyalılar Forumu da Əli Kərimliyə qarşı bu ittihamları qınayır və bu ləyaqətsizliyi pisləyir.
İqtidar Əli Kərimlidən qorxur
Tanınmış hüquqşünas Qurban Məmmədov vurğuladı ki, insanlar dini, əxlaqi, mənəvi və sosioloji dəyərlər ətrafında birləşib gücə çevirilirlər. Q.Məmmədov hesab edir ki, bu iddia ilə Ə.Kərimlini Elçibəyin düşməni kimi tanıtmaqda bir neçə məqsəd var:
– Burada birinci məqsəd Əli Kərimlinin tərəfdarlarının bir araya gəlməsində mühüm rol oynayan Elçibəyçilik ideyasını onun əlindən almaqdır. Və Elçibəy ideyasına sadiq insanları Əli Kərimliyə qarşı qoymaqdır. Elçibəyçilik demokratiyaya sədaqət, müstəqilliyə bağlılıq, dürüstlük, təmizlik, xalqsevərlik, millətə düşkünlük, əhdə sədaqət, torpağa məhəbbət deməkdir. Bunların da hamısı Əli Kərimlidə olduğu üçün iqtidar ondan qorxur.
Əli Kərimliyə dəyən zərbə bütövlükdə müxalifətə dəymiş olur
“ReAl” Ictimai Birliyinin həmsədri Erkin Qədirli bildirdi ki, H.Hacıyev indiyə qədər qeyri-ciddi iddiaları, bəyanatları ilə özünü tamamilə nüfuzdan salıb. Ona görə onun heç bir sözünü ictimaiyyət ciddi qarşılamır:
– Əslində ortalıqda prokurorluğun cinayət işi başlamaq barədə qərarı olmasaydı, bu iddianın müzakirəsinə belə ehtiyac olmamalı idi. Prokurorluğun bu addımı ciddidir və bu təşəbbüsün arxasında əslində Hafiz Hacıyevin dayanmadığına dəlalət edir. Bu, illərdir müxalifətə qarşı tətbiq olunan təzyiq təcrübəsinin tətbiqidir. 2013-cü il ərəfəsində hakimiyyət müxalifətə qarşı bu ittihamları ünvanlamaqla bu düşərgənin hər hansı formada güclənməsinin qarşısını əvvəlcədən almaq istəyir. Bu kampaniyanın hara qədər aparılacağını deməyə çətinlik çəkirəm. Birinci dəfə deyil ki, Əli Kərimliyə qarşı cinayət təqibi açılır və aparılır. Məhz onun barəsində hələ də qapadılmayan cinayət bəhanəsinə görə ona pasport verilmir, ölkədən çıxmasına imkan yaradılmır. Əli Kərimliyə dəyən zərbə bütövlükdə müxalifətə dəymiş olur. Amma hər bir halda bu çox cəfəng iddiadır. Üstündən bu qədər il keçdikdən sonra bu məsələnin gündəmə gətirilməsi müəyyən məqsədlərdən xəbər verir. Bu müddətdən sonra nə əsas olub ki, belə addım atılsın? Yalnız bir adamın cəfəng sözünə görə bu boyda dövlət araşdırmalara başlayırsa, yazıqlar olsun. Digər tərəfdən, adamın özündən soruşmaq lazımdır ki, bu işi bu qədər müddət bilirdinsə, niyə demirdin. Özü də bu fərziyyəni nə Elçibəyin yaxın çevrəsi, nə də ailə üzvü səsləndirib. Onu Hafiz Hacıyev, Elçibəyə tamamilə yad bir adam söyləyib. Bu isə göstərir ki, gerçək niyyət tam başqadır.
AXCP sədrinin adının hallanması təsadüfi deyil
Bəstəkar Cavanşir Quliyev də bildirdi ki, irəli sürülən iddia tam absurddur. Onda nə Elçibəy rəhmətə gedəndə, nə də indi onun zəhərlənməsi barədə informasiya yoxdur:
– Görünür, müəyyən şəxslər darıxır. Ona görə də bu cür cəfəng, reallıqdan uzaq şayiələr fikirləşərək müzakirəyə çıxarırlar. Əli Kərimlinin adının da bu məsələdə hallanması təsadüfi deyil. Seçkilər yaxınlaşır və hakimiyyət ənənəsinə sadiq qalaraq bu cür “qara piar”a başlayır. Mən Əli Kərimlini yaxşı tanıyıram. Ona görə bu məsələni müzakirə etmək zamanı boş yerə sərf etmədən başqa bir şey deyil.
Əli Kərimli hakimiyyətin potensial rəqibidir
Professor İsmayıl Musa hakimiyyətin hazırda Ə.Kərimliyə qarşı başlatdığı kampaniyada qəribə heç nə görmür. I.Musanın sözlərinə görə, hakimiyyət ötən müddət ərzində dəfələrlə Ə.Kərimlini hədəfə götürərək ona qarşı müxtəlif təzyiq metodlarından istifadə edib:
– Hazırkı hakimiyyətin siyasətini sərt tənqid edənlərdən biri olan Əli Kərimliyə qarşı bu cür kampaniyanın aparılmasını əslində gözləmək olardı. Əli Kərimli hələ gənclik illərindən öz sözünü, fikrini deyib. Əli Kərimli həmişə xalqın, dövlətin mövqeyindən çıxış edib. Onun mənafeyini hər şeydən üstun tutub. Hakimiyyət illərdir Əli bəyə qarşı olmazın təzyiq nümayiş etdirir və təbliğat aparır. Onun hələ də pasport ala bilməməsi də bunun təzahürüdür. Bu məqsədlə hazırda da Hafiz Hacıyevdən istifadə olunması təsadüfi deyil. Düşünürəm ki, bütün cəmiyyət bu məsələdə Əli Kərimlini dəstəkləməlidir. Əli Kərimlini hamı yaxşı tanıyır. Əli Kərimli Elçibəy məktəbini keçmiş, millətini, xalqını çox sevən Xalq Hərəkatının parlaq simalarındandır. Mən onu dəstəkləyirəm. Əli Kərimli bu hakimiyyətin potensial rəqibi olduğuna görə bu cür “diqqətə” məruz qalır.
Əli Kərimliyə qarşı söylənilənlər şər və böhtandır
Elçibəyin yaxın dostu, professor Rafiq İsmayıl bildirdi ki, baş verən olaylar bir daha müxalifətə qarşı tutulan siyasi kursun mahiyyətinə aydınlıq gətirir:
– Bir xalq məsəli var. Əqrəbin sancması onun xasiyyətindən irəli gəlir. Hakimiyyətin bu cür davranışları yeni deyil. Bundan əvvəl Isa Qəmbərə qarşı da Hafiz Hacıyevdən istifadə olunmuşdu. Əli Kərimliyə qarşı söylənilənlər sadəcə şər və böhtandır. Mən Hafiz Hacıyevi yaxşı tanıyıram. Ona deyirəm ki, ailəsini, övladlarını, qohumlarını üzütüpürcəkli eləməsin. Əli Kərimlinin hədəfə alınmasında Hafiz hacıyev kimilərinin rolu bəllidir. Bununla müxalifətin vaxtını cəfəngiyyata sərf etməsinə çalışılır.
Hakimiyyət müxalifətin fikrini yayındırmağa çalışır
Tanınmış siyasətçi Vurğun Əyyub da hesab edir ki, bu məsələni gündəmdə saxlamaq, ona əhəmiyyət vermək gərək deyil:
– Bizim bu məsələyə diqqət göstərərək Hafiz Hacıyevin adını hallandırmağımızla elə çıxır ki, bu şəxs ciddi adamdır. Hakimiyyət bununla siyasi qüvvələri başqa səmtə yönəltməyə çalışır. Bununla cəmiyyətin də, müxalifətin də diqqəti əsas prinsipial məsələlərdən yayınmış olur.
Seçki öncəsi Əli Kərimliyə qarşı növbəti təxribat
Keçmiş təhsil naziri Firudin Cəlilov belə bir təbliğat aparmaqla hakimiyyətin bütün həddləri keçdiyini və Elçibəyin ruhuna hörmətsizlik nümayiş etdirdiyini vurğuladı:
– Bu, olduqca xoşagəlməz haldır. Elçibəyin adı ilə bağlı vaxtaşırı müxtəlif məsələlər gündəmə gətirilir ki, bu da türk dünyasının liderinin ruhuna təhqirdir. Əli Kərimli artıq neçə ildir ki, bu hakimiyyətlə mübarizə aparır. Bu, seçkiöncəsi Əli Kərimliyə qarşı növbəti təxribatdır.
Təbliğatın əksinə olaraq Əli Kərimliyə qarşı dəstək artdı
“Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl bildirdi ki, irəli sürülən ittihamın arqument bazasının olmaması və ictimaiyyətin kəskin reaksiya ilə qarşılaması onu deməyə əsas verir ki, hakimiyyət bu addımlarında hələ də naşıdır:
– Hər şeydən əvvəl bu bir absurddur və Elçibəy-Rəsulzadə yoluna istinad edən qüvvələrin arasına şübhə toxumu səpmək xidməti daşıyırdı. Hakimiyyətin irəli sürdüyü ittihamlar nəticəsində ortaya çıxan ciddi suallar iqtidarın naşılığından irəli gəlir. Əgər bu avantüra müxalifəti cəmiyyətdə gözdən salmağa, ona qarşı ciddi kampaniya yürütməyə xidmət edirdisə, əks-proses yaşandı. Əksinə cəmiyyətdə AXCP sədri Əli Kərimliyə qarşı dəstək dalğası doğurdu. Prokurorluqla məhkəmə çəkişməsi olan şəxs kimi deyə bilərəm ki, prokurorluğun bu cür addım atması absurddur. Əgər cinayətlərin üstünü açmaq üçün belə maraqları vardırsa, açılmayan cinayətləri açsınlar. Onlardan da biri mənim işim üzrədir. Prokurorluğun bu məsələ ilə bağlı addımı sadəcə olaraq biabırçılıqdır.
Xəyal
HƏMÇİNİN BAX:
İctimaiyyətdən Əli Kərimliyə böyük dəstək