Elçibəyin zəhərlənməsi iddiasına Türkiyədən də təpki gəldi

“Vəfat etmiş bir insanın üzərindən siyasət yürütmək heç bir əxlaqa sığmır”

Məhmət Ceylan: “Azərbaycan hakimiyyətinin Əli Kərimlini hədəf aldığını eşitdim. Bu çox ayıb və çirkin bir şeydir”

“Əbülfəz Elçibəy 2000-ci ildə Ankaraya gələndə həkimlərimiz xərçəngin onun orqanizmində 3 il öncə yarandığını müəyyən etmişdilər. Artıq çox gec idi. Elçibəyin zəhərlənməsi faktı olsaydı, bu, mütləq xəstəxanada götürülən saysız analizlərdə üzə çıxardı”. Bu sözləri Ankara Dövlət Xəstəxanasının müdiri Mühiddin Çətin “Yeni Müsavat”a açıqlamasında eks-prezidentin zəhərlənməsi ilə bağlı iddialara cavab olaraq deyib.
Əbülfəz Elçibəyin müalicə olunduğu dönəmdə də Ankara Dövlət Xəstəxanasının müdiri olmuş Mühiddin Çətinin sözlərinə görə, Elçibəyin vəfat səbəbi ona qoyulan ilkin diaqnoz olub: “Ankara Dövlət Xəstəxanasından sonra rəhmətlik Əbülfəz bəy Gülhanə Hərbi Tibb Akademiyasında müalicə olundu. Ancaq ona qoyulan ilkin diaqnoz dəyişməmişdi. Xəstəliyin şiddətlənməsinə səbəb isə Əbülfəz bəyin 3 il bu haqda susması idi. O, xəstəliyi ciddiyə almayaraq bu haqda nə hansısa yaxınına, nə də həkimə heç nə deməmişdi”.
Mövzu ilə bağlı danışan MPH-dən keçmiş millət vəkili, Elçibəyin Türkiyəyə müalicəyə getməsində mühüm rol oynayanlardan biri Məhmət Ceylan deyib ki, bu gün Azərbaycanda mərhum prezidentin adından istifadə ilə yanlış siyasət yürüdülür: “Vəfat etmiş bir insanın üzərindən siyasət yürütmək heç bir əxlaqa sığmır. Bu gün Türkiyə telekanallardında Azərbaycan hakimiyyətinin AXCP sədri Əli Kərimlini hədəf aldığı haqqında xəbərlər eşitdim. Bu çox ayıb və çirkin bir şeydir. Belə bir şey ola bilməz. Bütün bunlar Əbülfəz Elçibəyin ruhunu da incidir. Əl çəksinlər, o, rahat uyusun! O günlərdə ortalıqda olmayanlar, Elçibəyin ağır günündə onun yanına gəlməyən insanlar, Elçibəyi ölümə tərk edənlər bu gün onun adından istifadə edirlər”.