”Cənub xəbərləri”nə qarşı təxribat

Qəzetin elektron poçtundan özünə şantaj və təhqir xarakterli məlumat göndərilib

Tənqidi çıxışlarına görə vaxtaşırı təzyiqlərə məruz qalan “Cənub xəbərləri” qəzeti bu dəfə elektron təxribatla üzləşib. Qəzetin baş redaktoru Zahir Əmənovun bildirdiyinə görə, bu günlərdə qəzetin cenubzahir@mail.ru adlı elektron ünvanına elə eyni adlı ünvandan şantaj və təhqiredici məktub daxil olub: “Biz ünvanı dəqiqləşdirmək üçün məktub gələn ünvana bir test yolladıq. Məktub yenidən öz poçtumuza gəldi. Bu sahədə mütəxəssislərlə məsləhətləşəndən sonra bu qənaətə gəldik ki, qəzetin elektron ünvanı ələ keçirilib. Ehtimal olunur ki, ünvanımıza gələn məktublar oxunur. Həmçinin ünvanımızdan başqa ünvanlara təxribat xarakterli məktubların da göndərilməsi mümkündür. Biz dərhal MTN-nin Masallı şöbəsinə rəsmi məktub ünvanladıq. Həmkarlarımızdan da xahişimiz odur ki, bu olayın araşdırılmasında bizə yardımçı olsunlar”.