“Əbülfəz bəyi Əliyev rejimi öldürdü”

İctimai Palata mərhum prezidentin anım mərasimini keçirdi

İsa Qəmbər: “60-ci illərin sonlarından başlayaraq bu günə qədər davam edən Əliyev rejimi Əbülfəz Elçibəyin qatilidir”

Əli Kərimli: “Əbülfəz bəyin adı ilə aparılan bu kampaniya həm də ona qarşı qısqanclığın nəticəsidir”

İctimai Palata dünən mərhum prezident Əbülfəz Elçibəyin vəfatının 12-ci ildönümülə bağlı anım mərasimi təşkil edib. IP-in təşkil etdiyi Ictimai Palatanın təşkil etdiyi anım mərasiminə qurumun üzvləri, ona daxil olan partiyaların liderləri və fəalları qatılıblar. Fəxri Xiyabanda Elçibəyin məzarı ziyarət edildikdən sonra çıxışlar olub.

“Qatil rejim Elçibəyin adını zəhərləməyə çalışır”

Müsavat başqanı Isa Qəmbər bildirib ki, vaxtilə Əbülfəz Elçibəyə məhrumiyyətlər yaşadan bolşevik təfəkkürlü insanlar bu gün də mərhum prezidentdən əl çəkmirlər. Ona qarşı çirkin işlərini davam etdirirlər: “Hələ 70-ci illərdə Əbülfəz Elçibəyə zindan həyatı yaşadan, 1991-ci ilin avqustun 23-də ona qarşı ən sərt qaraguruh metodlarını həyata keçirən bolşevik təfəkkürlü insanlar 1993-cı ildə iyun qiyamını törətdilər. Bununla Azərbaycan xalqına dəhşətli zərbə vurdular, Əbülfəz Elçibəyi faktiki olaraq 4 illik sürgün həyatına məhkum etdilər. O həmin dönəmdə ağır şəraitdə yaşadı, məhrumiyyətlərə duçar oldu. Sonra da onun müalicəsinə imkan vermədilər. Faktiki olaraq Əbülfəz bəyi bolşevik təfəkkürlü Əliyev rejimi öldürdü. 60-ci illərin sonlarından başlayaraq bu günə qədər davam edən Əliyev rejimi Əbülfəz Elçibəyin qatilidir. Bu qatil rejim bu gün  Elçibəyin adını zəhərləməyə çalışır. Ona qarşı, demokratik düşüncəyə, ictimaiyyətə qarşı təxribatlarını davam etdirir. Bu adamlar dərk etsələr də, etməsələrdə onların xilası yoxdur. Onlar məğlubiyyətə məhkumdurlar. Nə qədər ki, Azərbaycanda Müsavat ideyası, Məhəmməd Əmin Rəsulzadənin başladığı Əbülfəz Elçibəyin davam etdirdiyi yol var və nə qədər ki, bu yolun minlərlə fədakar əsgəri on minlərlə, yüz minlərlə yolçusu var, bu rejimin məğlubiyyəti qaçılmaz, haqqın, ədalətin qələbəsi labüddür. Heç bir qüvvə bunun qaşısını ala bilməyəcək”.

“Əbülfəz bəyin adını ləkələmək, kiçiltmək istəyirlər”

AXCP sədri Əli Kərimli də Əbülfəz Elçibəyin zəhərlənməsilə bağlı hakimiyyətin başlatdığı şoudan danışıb. AXCP sədri bu şonunun həm də Elçibəyi nüfuzdan salmağa xidmət etdiyini vurğulayıb: “Əbülfəz Elçibəy əməlləri, düşüncəsi, idealları ilə öz adını Azərbaycan tarixinə həkk etdirib. Azərbaycan Sovet Respublikası dövrünün dissidenti, alim, adı hər zaman hörmətlə çəkilən müəllim, ideoloq, siyasətçi və nəhayət bütün gələcək nəsillər üçün millətini təmənnasız sevməyin nümunəsini yaratmış bir şəxsiyyətdir Elçibəy. Ona görə də bu hakimiyyət, monarxiya, orta əsr despotizminin tərəfdarları, ölkənin varına, dövlətinə aşiq olanlar hər zaman ona qarşı mənəviyyatsız bir kampaniya aparırlar. Burda deyildiyi kimi  Əbülfəz bəy 4 il Kələkidə sürgün həyatı yaşayıb, xaricə çıxış imkanları məhdudlaşdırılıb və bu dövr ərzində mənəvi terrora məruz qalıb. Və indi də ondan əl çəkmirlər. Əbülfəz bəyin adını ləkələmək, kiçiltmək istəyirlər. Elçbibəyin adından istifadə edərək silahdaşlarını ləkələməyə cəhd edirlər. Əbülfəz bəyin adı ilə aparılan bu kampaniya həm də ona qarşı qısqanclığın nəticəsidir. Çünki Elçibəy bir yol qoyub gedib. Bu yol həqiqət, ədalət uğrunda mübarizə yoludur. Onun yaratdığı məktəbi ölümündən sonra da on minlərlə Azərbaycan gənci keçib. Bəy, bu gün biz alnı açıq şəkildə deyə bilərik sənin qoyub getdiyin o şərəfli yolu Azərbaycanda yürüyən on minlərlə, yüz minlərlə şüurlu insanlar var. Onlar sənin bu millət üçün etdiklərinin fərqindədirlər. O idealları mənimsəyiblər və o ideallar üçün yürüyəcəklər.

Bu gün əlbəttə Bəyin ruhu narahatdır. Həm onun adı ilə olan spekulyasiyalar, həm şərin ölkədə meydan sulaması, həm də bu günlər də Təbrizdə zəlzələ nəticəsində yüzlərlə soydaşımızın ölməsi, minlərlə soydaşımızın isə ağır xəsarətlər alması, evsiz-eşiksiz qalması onun ruhunu narahat edir. Amma bizim bir təsəllimiz var, Bəy. Sənin məktəbinin müdavimləri, silahdaşların bu şərəfli yolu qətiyyətlə, mərdliklə, addım da geri qoymadan sənin adına, irsinə yaraşan şəkildə davam etdirirlər və etdirəcəklər. Bu mübarizə Azərbaycanda yenidən sənin ideallarının, demokratiyanın, bütövləşmənin hakim olması ilə bitəcək. Azərbaycana məhz sənin silahdaşların, məktəbinin müdavimləri demokratiya və ədalət gətirəcək”.

“Boş şeylərdir, fikir verməyin”

Əbülfəz Elçibəyin silahdaşlarından Xanım Xəlilova bildirib ki, “zəhərlənmə” iddiası qeyri-ciddidir: “Elçibəyin xəstəlikdən dünyasını dəyişdiyi hər kəsə bəllidir və onun müalicə olunduğu Gülhanə hospitalından arayış almaqla bunu asanca sübut edəcəklər”. Xanım Xəlilova hakimiyyətin bu yolla Elçibəyin silahdaşlarını onun ölümündə təqsirləndirmək istəyinin baş tutmayacağını deyib.
Mərasim zamanı maraqlı bir məqam jurnalistlərin diqqətindən yayınmayıb. Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyev çıxış etməsə də, AXCP sədri Əli Kərimli ilə söhbətləşib və “zəhərlənmə şousuna” işarə ilə “Boş şeylərdir, fikir verməyin” deyə ona bildirib.

Ramin DEKO