Bir il əvvəl təmirinə milyonlar xərclənən bina sökülür

Bakının tikinti sektoru üçün təcrübə meydançası olduğu artıq heç kimə sirr deyil. Hər il milyonlarla manat büdcədən pul ayrılaraq müəyyən işlərə sərf olunur.
Sonradan bu “proje”lər yaxşı tikilmədiyi üçün yenidən təmir edilir, ya da istifadəyə yararsızdır adıyla tamamilə sökülür. Buna çoxlu sayda misallar göstərmək olar. Onlarca yol çəkilişi, bina təmiri, parkların salınması aid etmək olar. Sonda nə olur? Büdcədən ayrılan pulllar havaya sovrulur və kimsə çıxıb bunun hesabını sormur.
Bu günlərdə Heydər Əliyev Mərkəzinə yaxın ərazidə yerləşən bina da buldozerin ağzına verildi. Heydər Əliyev prospekti 77 ünvanında yerləşən binada bir il öncə aparılan təmir-bərpa işləri yüksək səviyyədə görülüb.

Bundan başqa, sökülən bina mərkəzdən təxminən bir neçə yüz metr aralıda və Heydər Əliyev prospektinin kənarında yerləşdiyi üçün təmir edilmişdi. Binanın fasadı aqlay daşlarla örtülmüş, pəncərələr dəyişdirilmiş, eyvanlar bəzəkli dəmirlərlə işlənmiş, binanın özü isə mükəmməl işıqlandırma sistemi ilə əhatə olunmuşdu.

Bir sözlə, həmin bina Heydər Əliyev prospektində yol kənarında göz oxşayan binalardan biri idi. Cəmi bir il əvvəl milyonlar xərclənən bina indi yerlə-yeksan edilir.
“Azadlıq”a məlumat Nərimanov rayon sakinləri binanın buldozerin qabağına verilməsini iki cürə izah edirlər: “Ya Heydər Əliyev Mərkəzinin ərazisi genişləndirilir, ya da mərkəzin təhlükəsizliyi üçün bu addım atılır”.

Həmin binada yaşayan sakinlərdən biri bizimlə söhbətində binanın sökülməsinə görə narahatlıq keçirmədiyini qeyd etdi: “Düzdür, sökülməsəydi daha yaxşı olardı. Ancaq sökülürsə, heç bir problem yoxdur. Bizi evlə təmin edəcəklər. Kim ev istəmirsə, yaxşı kompensasiya alacaq”.

Ola bilər mənzil sahibləri heç bir narazılıq etmədən ərazidən köçsünlər. Ancaq bu əsas vermir ki, milyonlarla manat havaya sovrulsun. Əgər belə plan vardısa, niyə təmir-tikinti işləri görülürdü?
Olmazdımı Heydər Əliyev Mərkəzi inşa edilərkən həmin ərazidə bir neçə bina sökülən zaman bu bina da söküləydi? Nədən milyonlarla pul ayırıb təmir edilir və sonra sökülür?”.

Ramin DEKO