Statistika Komitəsindən növbəti yalan

6 ayda işsizlərin sayı 10 min nəfər necə azaldı?

Məhəmməd Talıblı: “Real situasiyanı nəzərə alanda ortaya fərqli rəqəmlər çıxır”

Dövlət Statistika Komitəsi 2012-ci ilin 1-ci yarısında Azərbaycanda işsizliyin səviyyəsi barədə məlumatlar açıqlayıb. Məlumata əsasən, işsizlik səviyyəsi ilin əvvəli ilə müqayisədə 0,14% azalaraq 5,59% təşkil edib. Iyulun əvvəli üçün işsizlərin sayı 245,5 min nəfər olub, bu da ötən ilkindən 10 min nəfər azdır. Statistika Komitəsinin məlumatları bir qayda olaraq müstəqil ekspertlərin açıqladığı rəqəmlərlə üst-üstə düşmür. Bəs bu dəfə necə, açıqlanan rəqəmlər reallığı əks etdirirmi?

Iqtisadçı-ekspert Məhəmməd Talıblı Statistika Komitəsinin ildən-ilə işsizliyin və yoxsulluğun səviyyəsi ilə bağlı rəqəmləri aşağı saldığını deyir.
Ekspertin sözlərinə görə, neft gəlirləri əhalinin gəlirlərinin artmasında əhəmiyyətli rol oynasa da, ölkədə aşağı əmək haqqı ilə işləyən yoxsullar qrupu formalaşıb. Digər tərəfdən, hökumət son altı ayda yoxsulluğun və işsizliyin səviyyəsini aşağı salmaq üçün heç bir ciddi addım atmayıb. Neft gəlirləri isə nə yoxsulların, nə də işsizlərin sayını avtomatik şəkildə azaldır. Bu gəlirlər müxtəlif layihələrə yönələndə, yeni iş yerləri açılanda məşğulluğun səviyyəsi artır.
Ekspert ölkədə statistik blefdən istifadə olunduğunu və rəqəmlərin reallığı əks etdirmədiyini də vurğuladı. Çünki real situasiyanı nəzərə alanda ortaya fərqli rəqəmlər çıxır. Ölkədə işsizliyin və yoxsulluğun səviyyəsi rəsmi stastistik məlumatlarda göstəriləndən xeyli yüksəkdir: “Işsizlərin sayının azalması ilə bağlı hesabatlar dərc olunur. Ancaq bu hesabatlarda göstərilmir ki, yoxsulluğun səviyyəsi azaldılandan sonra nə qədər yeni iş yerləri açılıb. Yeni açılan iş yerlərində orta aylıq əmək haqqı nə qədər olub ki, bu həmin insanları həm də yoxsulluq səviyyəsindən uzaqlaşdırıb. Ona görə də Statistika Komitəsinin açıqladığı rəqəmlər inandırıcı görünmür”.

Fizzə