Şərqi Azərbaycanda yenə zəlzələ oldu

Bu gün səhər saatlarında İranın Şərqi Azərbaycan əyalətinin Vərzəqan şəhərində yenidən zəlzələ baş verib. Yayılan məlumatlara görə, zəlzələnin gücü Rixter cədvəli üzrə 4,3 bal olub. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

Xatırladaq ki, avqustun 11-də İranın Şərqi Azərbaycan əyalətində (əsasən Əhər, Vərzəqan və Həris şəhərlərində) 6,2 bal gücündə baş vermiş zəlzələ nəticəsində 300 nəfər ölüb, 2500 yaxın adam xəsarət alıb. Əyalətdə 538 kənddən 110-u qismən və ya tamamilə dağılıb. Təxminən beş min bina zərər görüb.